Ən yaxşı yeni kitablar

Əziz oxucu, bilirsənmi ki, Mişel Obamanın "Olmaq" kitabı 2018-ci ildə ABŞ-da ən çox satılan kitab olub? Bu gün bestsellerlər üzərindən keçməyi təklif edirəm – bu dəfə də onları sizinlə birlikdə açacağam. Tövsiyə etdiklərimdən hələ heç birini oxumamışam, amma ən səs salanları seçmişəm.

Washington Post qeyd edir ki, Amerika Birləşmiş Ştatlarının heç bir birinci xanımı həyat yoldaşı haqqında bu qədər açıq şəkildə yazmamışdır. Oxuya bildiyim rəylərdən aydın olur ki, bu kitab yalnız Barak Obamanın prezident olduğu illərdən bəhs etmir. Mişelin “Olmağı” üç hissəyə bölünür: "Mən olmaq", "Biz olmaq" və "Böyük olmaq". Kitabın birinci hissəsində Obama Çikaqonu və bu şəhərdə yolunun başlanğıcını ətraflı təsvir edir. İkinci hissə Barakla münasibətlərinə həsr olunub. Üçüncüsündə isə həm özünün, həm də ABŞ-ın 44-cü prezidentinin həyatını daxildən təsvir edir və diqqəti onların ictimai fiqur kimi mövcudluqlarının çətinliyinə yönəldir.

Riz Uizerspunun özünün Hello Sunshine adlı kitab klubunun olduğunu öyrənmək sizə nə qədər maraqlı olacağını bilmirəm, amma məhz onun seçimi Amazon satışlarının sayına görə Delia Ouensin "Xərçənglər harada oxuyur" kitabını ikinci sıraya daxil etdi. Kitabın süjeti Şimali Karolinadan olan bir qızın hekayəsi barədədir. Deyirlər ki, kitabda love story, triller və detektiv kimi janrlar birləşdiyi üçün ondan ayrılmaq qeyri-mümkündür. Etiraf edirəm ki, Amazonda populyar olması və "Mən bu kitabın bitməsini istəmirdim!" yazan Riz açıq-aşkar diqqətimi cəlb etdi. Sifariş edirəm!

Tara Vestoverin memuarları 2018-ci ilin The New York Times Book Review-in ən yaxşı 10 kitabından biri oldu. "Təhsilli" oxucularının rəylərindən bəllidir ki, qəribə adlandırdıqları bu kitab ağır oxunur. Taranın qəribə ailəsi var – atası dünyanın sonuna hazırlaşaraq konserv alıb yığır və uşaqlara məktəbə getməyə icazə vermir, böyük qardaşı isə şiddətə meyllidir. Ancaq mənim memuarlara olan sevgimi ağır hekayə ilə qorxutmaq olmaz, oxuyacam və sizə məlumat verəcəyəm!

Bu il müxtəlif ölkələrin oxucuları Anna Qavaldinin "Mən etiraf edirəm" kitabını seçirlər. Bu yeddi hekayənin – yeddi monoloqun, sevgi və tənhalıq etirafının təsirləndirici olduğunu yazırlar. "Mənim üçün bunlar yalnız hekayələr deyil və ən əsası yalnız personajlar deyil, mənim üçün bu insanlardır. Yaşayan insanlar. Canlı-qanlı insanlar», – Qavalda ön sözdə belə yazır. Anna ilə "Sadəcə birlikdə" kitabı zamanından bəri tanışam və onun haqqında gözəl xatirələrim var, buna görə də düşünürəm ki, onun növbəti kitabını məmnuniyyətlə oxuyacağam.
Bundan başqa ən çox satılan kitabların siyahısında həmişə olduğu kimi Yuval Noy Harari "İnsanlığın qısa tarixi" kitabı ilə, Mari Kondonun yapon aksentli sehrli toplusu və Ketodieta haqqında bütün növ bələdçilər yer alır.

Bestsellerlərdən sonra zaman-zaman klassiklərə müraciət etməyi unutmayın. Hər kəsə bu baharda xoş mütaliələr arzulayıram!

Zeynəb Cahan