100 min dollarlıq zinət əşyalarına sadəcə “rekvizit” deməyə adamın dili gəlmir. Kinoda onlar öz rollarını möhtəşəm oynayırlar, canlı aktyorlardan heç geri qalmayaraq filmlərin ayrılmaz, əfsanəvi hissəsinə çevrilirlər. Beləliklə, ən yadda qalan kinozinətlər onluğu...
“Anna Karenina”
Lev Tolstoyun “Anna Karenina” romanının növbəti ekranlaşdırılmasında baş rolu bildiyimiz kimi Kira Naytli canlandırmışdı. Çəkilişlər zamanı aktrisa artıq Chanelin siması idi, ona görə də onun canlandırdığı qəhrəmana zinət əşyalarının seçimi təsadüfi ola bilməzdi. Sırf çəkilişlər üçün brilyant və mirvaridən ibarət iri boyunbağı, sırğalar, broşlar və bilərziklərdən ibarət Haute Joaillerie kolleksiyası buraxılmışdı. Sözsüz, kino tamaşaçılarının favoritləri mirvaridən ibarət çoxcərgəli kolye və üzü brilyant tozu ilə bəzədilmiş iki kameliyalı Camelia Poudre boyunbağısı idi.
“Ceki”
Bu il Oskara namizədliyi irəli sürülən “Ceki” filmində, Jaklin Kennediyə məxsus yaşıl turmalin və brilyantla çərçivələnmiş nefrit siferblatdan düzəldilmiş əfsanəvi Piaget saatı öz “rolunu oynayıb”. Zərgərlik evi Piaget, filmin təqdimatından sonra eyni modeldən istehsal etdi və bu gün də o, alıcılar üçün əlçatandır.
“Dahi Qetsbi”
Bu kult filmin qadın qəhrəmanları üçün Tiffany&Co zərgərlik evi retro stilində Blue Book kolleksiyasını təqdim etdi. Bu kolleksiyada ən məşhur və bahalı zinət əşyası 335 min dollar qiyməti olan valehedici, ağ və sarı brilyantdan naxışlar işlənmiş Savoy adlı tac idi.
“Kleopatra”
Elizabet Teylorun ikiqat əri olan Riçard Berton zarafatla həyat yoldaşının italyanca ancaq Bvlgary sözünü bildiyini söyləyirdi. Nə olursa olsun, Misirin çariçasına layiq olan inanılmaz gözəllikdə kolye, dəbdəbəli bilərzik və güzgü filmdə əzəmətlə oynayaraq bu günədək kult zinət əşyaları kimi qalmaqda davam edirlər. Bu gün Bvlgary-nin məhşur ilan formalı saatının qiyməti 500 min dollar dəyərindədir. Bu saat möhtəşəm Elizabet Teylorun çəkilişlərdən “əldə etdiyi” ən bahalı suvenir olub.
“Titanik”
Kameronun öz filmində gözəl Roza Dyuitini bəzədiyi ürək formasında qiymətsiz, mavi brilyantdan hazırlanmış “okeanın ürəyi” adlı kulon barəsində yaranan əfsanə təmiz uydurmadır. Fianit və ağ qızıldan olan bu zinət əşyasının hazırlanması Asprey & Garrad zərgərlərinə çox ucuz - cəmi 10 min dollara başa gəlmişdir. Lakin filmin məşhur olması zərgərlik evini kinodakı “okeanın ürəyi”nin həqiqətən unikal “təkrarını” yaratmağa ruhlandırdı. Onun hazırlanmasında ətrafı 103 brilyantla əhatələnən platin və ürək şəklində nadir seylon sapfirindən (171 karat) istifadə edilmişdir. Hərracda onu 2,2 milyon dollara şəxsi kolleksiya üçün almışdılar. Ancaq qiymətli əşyanın okeanın dibinə qərq olmasından əvvəl 1998-ci ildə Selen Dion onu Oskar təqdimat mərasiminə taxmışdı.
“Centlmenlər sarışın qızları seçirlər”
Sözsüz ki, kinomatoqrafiyada zərgərlik işinin dahiliyini ən parlaq nümayiş etdirənlərdən biri də - bütün qızların ən yaxşı dostlarının kimlərin olduğunu söyləyən filmin baş qəhrəmanını oynayan cazibədar Merilin Monronun boyunbağısıdır. Hamı onun çəhrayı donunu, platin rəngli saçlarını və 500 il maharac ailəsinə məxsus Moon of Baroda adlı hind brilyantlı məhşur boyunbağısını xatırlayır... Təəssüf ki, əfsanəvi boyunbağının izi itirilib. Boyunbağının mərkəzindəki qiymətli daş bu yaxınlarda hərraca çıxarılmışdı. Bu gün o, milyon dollardan çox dəyərləndirilir. Monronun stili, obrazı və aksesuarları bu günə kimi kino sənayesində, fotosessiyalarda, kliplərdə və reklamlarda istifadə edilir. Misal üçün, Madonnanın Material Girl klipi konkret olaraq “Centlmenlər...”-dən ilham almışdır.
“Kral danışır”
Çoxlarının VIII Eduardı taxtından üz döndərməyə vadar edən sevgilisi Uollis Simpsonun açıq belindən sallanan qiymətli asqılı boyunbağı yadında qalıb. Bu zərgərlik şah əsərini Van Cleef & Arpels zərgərlik evinin dizaynerləri yaratmışdı. Şübhəsiz, yaşadığı dövrün ən dəbli qadınlarından biri olan Simpsonun həqiqətən də məşhur sənətkar Renee Puissant tərəfindən onun eskizi əsasında düzəldilmiş, bənzər zinəti var idi. Onun orijinalı və gözəl surəti də platindən hazırlanıb və böyük brilyantlarla bəzənilib.
“Kazino”
Rejissor Martin Skorsezenin çəkdiyi ən parlaq filmlərindən birində Şeron Stoun pula və qiymətli əşyalara hərisli, valehedici gözəlçəni oynamışdı. Xüsusi olaraq onun bu rolu üçün Bvlgary zərgərlik evi bütöv bir gözqamaşdırıcı zinət kolleksiyası yaratdı. Lakin onlardan ən parlaq və yadda qalanı Four Seasons seriyasından Autumn boyunbağısı oldu. Aktrisa onu o qədər bəyənmişdi ki, çəkilişlər bitdikdən sonra boyunbağını 750 min dollara almışdı.
“Gözəlçə”
Culiya Robertsin canlandırdığı qədim peşənin nümayəndəsi olan “Küllücə” qırmızı paltarına uyğun qırmızı daş-qaşlı kolye ilə əsl kraliçaya çevrilmişdi. Fred zərgərlik evi tərəfindən hazırlanmış boyunbağı bütün çəkiliş boyunca silahlı mühafizəçilər tərəfindən qorunurdu. O, brilyant ürəklərlə əhatələnmiş 23 damla şəkilli yaqutlardan ibarətdir və 1,35 milyon dollar civarında qiymətləndirilir.
“Tiffanidə səhər yeməyi”
Döşəməyə qədər uzanan Holli Qalaytlinin “kiçik qara donu”, hündür saç düzümündəki sancaq, zərgərlər və bijuteriya istehsalçıların surətini çıxarmağa çalışdıqları mirvari və brilyantlardan ibarət heyranedici boyunbağısı unudulmazdır. Boyunbağı çoxsaylı mirvari iplərlə nəfis hörülüb, üstündə isə ortasında böyük brilyant olan qızılgül yerləşdirilmişdir. Bütün yaşlarda qadınlar Hollini canlandıran füsunkar Odri Hepbernin stilini öz üzərlərində yoxlayırlar. Arzusunda olanlar elə bu gün də Tiffaninin kolyesini ala bilərlər. O, “Rapsodiya” adı altında alıcılar üçün əlçatandır və cəmi 3 milyon yarım dollar qiymətindədir.
mətn Nata Osmanlı foto Press-Arxivlər