Səmaya ucalan nərdivan və ya arzularin apardiği yer

O, qərbi azərbaycanda, Göyçə mahalinda dünyaya gəlib və valideynləri onun musiqiçi olacağini güman edirdilər. O, həmişə ciddi olmağa çalişirdi, amma camaati güldürməyi hər şeydən yaxşi bacarirdi. Bu gün azərbaycanli Çarli – artist Üzeyir Novruzov Las-Veqasda yaşayir, nərdivanla səmaya dirmanir və Ginnesin rekordlar Kitabini, “Cirque du soleil” sirkini və “America's got talent” şousunu bəzəyir...  

4z3a4780 

NBC telekanalındakı müxtəlif yaşda olan müğənnilər, fokusçular, komediantlar və digər istedadlı insanların 1 milyon dollar təşkil edən əsas mükafat uğrunda mübarizə apardıqları istedadlar şousu

– Düzünü deyim, heç bilmirəm, şöhrət məni tapdı ya mən şöhrəti. Amma dəqiq bilirəm ki, bu görüş üçün uzun yol qət etmişik, – qəhrəmanımız zarafatla  filosofluq edir. – Bəs arzular? Onlar elə həyata keçmək üçündürlər! Əks halda onların nə faydası var?

Bəs Üzeyir Novruzov məktəb partası arxasında əyləşərək nə arzulayırdı? Uzaq səfərlər, inanılmaz sərgüzəştlər, bütün həyatını həsr edəcəyi qeyri-adi peşə haqqında? Ola bilər. Amma valideynləri ilə birlikdə yaradıcılıq bioqrafiyasının başladığı Krasnodar vilayətinə köçən kiçik Üzeyir bacarıqlı şagird hesab edilsə də, məktəbdə dərslər zamanı çox hövsələsiz idi...    

– Valideynlərim sadə insanlardır, fəhlədilər. Atam cavanlığında güləşçi olub, yaxşı səsi olub, incəsənəti sevib və həmişə bizim dördümüzü də musiqiçi kimi görmək istəyib...

 

Bizi Mədəniyyət Evində fəaliyyət göstərən dərnəklərə yazdıranda hələ məktəbdə oxuyurduq: böyük qardaşım və bacımı sirk dərnəyinə apardı, məni və ortancıl qardaşımı isə musiqi dərnəyinə.

 

Uşaqlıq, uşaqlıq... Atam nizam-intizamı çox xoşlayırdı. Bacımla hər səhər evdə görəcəyimiz işlərin bölgüsünü apardığımızı xatırlayıram. Ən çox qab yumağı sevmirdim...

Üzeyir solfecio dərslərini də sevmirdi, onlar ona darıxdırıcı gəlirdi. Xüsusən də nəzərə alsaq ki, lap yaxında, qonşu sinifdə “həmişə şən ovqat olurdu, bacı-qardaşı digər şagirdlərlə daim hansısa hoqqa çıxarırdılar!”

Allaha şükür ki, atası Üzeyirdən musiqiçi olmayacağını,  musiqi qammalarının onun üçün olmadığını zamanında anladı və onu bütün qəlbi ilə can atdığı sirk dərnəyinə keçirdi. Amma orada kiçik Üzeyir üçün təəccüblü olsa da hər şey gözlənildiyi kimi asan olmadı. Müəllim çox tələbkar idi, bəzilərinin dərnəyə ancaq əylənmək üçün gəldiklərini gördükdə, qəti qərar verdi: “Mənim dərslərimdə heç kim boş oturmayacaq – mənə nəticə lazımdır!”. Amma Üzeyir bu şən və səs-küylü guşə ilə vidalaşmaq niyyətində deyildi. Müəllimin dediklərinə daha diqqətli olmaq lazım gəldi... Zaman ötdükcə Üzeyir ilk sirk elementlərini mənimsədi, jonqlyorluq etməyi və... bərkidilməmiş pilləkənlə dırmanmağı öyrəndi: onda anadangəlmə tarazlıq hissinin olduğu aşkarlandı. Sonralar Üzeyir təbəssümlə deyəcək ki, o nərdivanı deyil, nərdivan onu seçdi.

4z3a4691

– Məhz burada, Krasnodar vilayətində, “Gənclik” sirk dərnəyində ilk dəfə səhnəyə çıxdım... Bu 1 May, Zəhmətkeşlərin Həmrəylik gününə təsadüf etdi, –Üzeyir xatırlayır. – Mən yerimdə saymırdım, inkişaf edirdim. Moskva sirk incəsənəti məktəbinə daxil olanda artıq bu işdə hər mənada zirvələri fəth etməkdə qərarlı idim.

Təhsilimi uğurla başa vurduqdan sonra isə Vernadski prospektindəki Böyük Moskva sirkinin truppası ilə qastrollara başladım. O zaman artıq bilirdim: sirk mənim həyatımdır...

Bu, böyük karyeranın başlanğıcı idi! Üzeyirin istedadı və ustalığı əcnəbi impresarioları laqeyd buraxmadı. Nə vaxtsa dünya sirkinin tam mərkəzində, Nyu-Yorkda, “Big Apple Circus” səhnəsinə çıxacağını təsəvvür edə bilərdimi?.. Amma buna qədər Üzeyirin yaradıcılıq həyatında vacib hadisə baş verməli idi – bütün dünyanın tanıdığı məzəli avara ilə tanışlıq...

– Bir dəfə tanınmış pedaqoq məktəbdə Üzeyirə müracət etdi: – Sizə heç vaxt deməyiblər ki, siz Çarli Çaplinə bənzəyirsiniz? Deməyiblərsə, yadınızda saxlayın: onun obrazı sizə çox yaraşar...

“Kiçik sərsəri” obrazı gənc tələbəni o qədər təsirləndirdi və ilhamlandırdı ki, o dərhal hər kəsi güldürməyə qadir həmin məzəli kostyumlu və yöndəmsiz çəkməli insana çevrilmək istədi. Beləliklə də “böyük qəlbli kiçik insan” Üzeyirin bir çox səhnə nömrələri üçün ilham mənbəyinə çevrildi... Onların bənzərliyi həm gülməli həm də təsirlidir: dahi ingilisin hətta “Mühacir” adlı filmi var və onun qəhrəmanı kimi Üzeyir, okeanı aşaraq, həm öz ikinci yarısını, həm də əsl şöhrəti tapdı.

4z3a4682

ABŞ-da yaşadığı 2-ci ildə Üzeyir nüfuzlu “Cirque Du Soleil” sirkinə seçimlərə dəvət alır. Bu, düşüncələri inanılmaz hadisələrlə,  möhtəşəm mürəkkəb nömrələrlə valeh edən son dərəcə yaradıcı kollektivdir. Yəqin ki, orada çalışmaq istəməyən sirk artisti tapılmaz!..

İndi isə təsəvvür edin: bizim Üzeyir bu kollektivin tərkibində bütün dünyanı qastrollarla gəzmək üçün 10 illik müqavilə imzalayır! Həmyerlimizin siması “Corteo” şousunun afişasını bəzəyir. Onun qəhrəmanı – bacatəmizləyən gecə yanına uçub gələn mələyi heç cür tuta bilmir...

– Peşədə Simurq quşunu quyruğundan tutmağı bacarmaq lazımdır: burada istedad və çalışqanlıqdan savayı mütləq bəxt də lazımdır. “Cirque Du Soleil” sirkinin seçmələrinə çox sayda istedadlı artistlər gəlmişdi, inanın, onlar heç də məndən pis deyildilər, amma truppaya məhz məni qəbul etdilər. 10 il ərzində mən bütün dünyanı gəzmişəm! Biz haralarda olmamışıq ki? “Cirque Du Soleil”in pərdə arxasına minnətdarlığını və heyranlığını ifadə etmək üçün kimlər gəlməyib ki? Robert De Niro, Riçard Gir, Salma Hayek, Keyt Blanşett, mərhum Robin Uilyams, Ceyn Fonda... Hamısını sadalamaq mümkün deyil! Mən hələ Xavi, Kasilyas, Ronaldo, Neymar, Messini demirəm, – onlar ümumiyyətlə öz məşqlərinə dəvət edirdilər...

Elə həmkarlarından, şou-biznes və idman ulduzlarından Üzeyir “#FreeLanderMan” – “nərdivan insan” – ləqəbini alıb.

Bu gün sosial şəbəkələrdə onu məhz bu cür adlandırırlar. Amma kim ehtimal edə bilərdi ki, super-qəhrəman ləqəbi Üzeyirin gələcəyindən xəbər verəcək: “Azərbaycandan olan Çaplin” bərkidilməmiş 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə dayanaraq dünya rekordunu müəyyənləşdirəcək...

Maraqlıdır ki, dünya şöhrətli Azərbaycanlı Üzeyir Novruzov hələ heç zaman vətənində çıxış etməyib, hərçənd bu onun qardaşları ilə birgə ailə nömrələri kimi ən böyük arzusu olaraq qalır. O, səfər etdiyi bütün ölkələri saya bilmir, onun qastrol coğrafiyası 4 qitəni əhatə edir. İlk dəfə Azərbaycan səhnəsinə ötən il, “Formula-1” Qran-Prisinin Bakı mərhələsi günlərində çıxıb: onu 3 günlük dəvət etmişdilər, o isə məzuniyyət götürərək bütün ailəsi ilə 3 həftəlik gəlmişdi.

Üzeyirin böyük qardaşları, Oktay və Telman da sirk ustalarıdır, komik akrobatika ilə məşğul olurlar. Onlar Avropada çalışırlar, bir dəfə isə istedadları Rusiyanın “Şöhrət dəqiqəsi” teleşousunda parladı. Yeri gəlmişkən, o zaman aparıcının “Öz nömrəniz üçün ardıcıl neçə qohumunuzu cəlb edə bilərsiniz?” sualına Oktay belə cavab vermişdi: “Mənim bir qardaşım da var, biz üçümüz çıxış edə bilərik!”. Bu qardaş o zaman hələ dünya şöhrəti qazanmayan Üzeyir idi. Akrobatikadan asudə vaxtlarında qardaşlar zövq üçün musiqi ilə məşğul olurlar. Odur ki, atalarının bütün arzularının həyata keçdiyini demək mümkündür. Bəlkə gələcəkdə Üzeyirin birgə ailə çıxışları barədə arzuları da çin olacaq?

novruzov-brothers

– “Cirque Du Soleil” dünyanın ən yaxşı sirkidir: heyranedici yaradıcı insanlar, hər şey möhtəşəm təşkil olunub, amma orada sən yalnız konveyer sistemi ilə çalışan böyük bir mexanizmin tərkib hissəsisən. Orada darıxmağa başladım və mən azad hərəkət etməyə qərar verdim...

Beləliklə də Üzeyirin həyatında “America's Got Talent” şousu peyda oldu. Məhz onun sayəsində o, bütün Amerikada məşhurlaşdı. O, həm münsifləri, həm də tamaşaçıları valeh edərək şounun əsas bəzəklərindən birinə çevrildi, ən əsası isə – finala qədər irəlilədi.

– Belə uğuru heç özüm də gözləmirdim! Mənim üçün bu adi çıxış idi – mən sadəcə bacardıqlarımı nümayiş etdirirdim. Bu populyar müsabiqədə yalnız televiziyada görünmək məqsədi ilə iştirak etdim. Amma düşündüyümdən daha yaxşı alındı...

Bu şounu bütün dünyada izləyirlər. Buna görə də orada iştirak edən ilk azərbaycanlı olduğum üçün xüsusi sevinc hissi keçirirəm.

– Azərbaycan mənim vətənimdir, köklərimdir, qanımdır! Mən çox ölkə gəzmişəm və harada oluramsa olum, Azərbaycan həmişə məni özünə çəkir, - Üzeyir etiraf edir. – Atamın məzarı buradadır, anam burada yaşayır. Azərbaycanımızda baş verənlər haqqında həmişə məlumatlıyam. Vətəndən uzaqda olan insan orada baş verənlərə qarşı daha həssas olur. Mən Azərbaycanla bağlı hansısa yaxşı xəbərdən, anamın tez-tez mənə telefonla göndərdiyi xalq mahnılarından təsirlənə bilərəm...

4z3a4710

Bu gün Üzeyir Novruzov həqiqətən gerçəkləşməsini istədiyi arzuların onu hara apara biləcəyini əks etdirən insanın bariz nümunəsidir. Ölkələr arasında sərhədlər çoxdan silinir, istedad isə Afrikada da istedaddır. Bütün həyatı boyu Üzeyir nərdivanla, həqiqi və məcazi mənada, durmadan yuxarı dırmanır! Üzeyirin dünyanı daha nə ilə təəccübləndirəcəyini və həmyerlilərimizi nə ilə sevindirəcəyini – zaman göstərəcək. Amma bu gün inamla demək olar ki, o, artıq tarixə düşüb. Artıq Üzeyirin özü  təqlid və ilham mənbəyidir, elə deyilmi?

– Məndən tez-tez uğurumun sirri barədə soruşurlar. Düşünmədən cavab verirəm: sevgidə! Həyatım boyu riayət etdiyim əsas qayda – ancaq sevdiyim işləri görməkdir. Sevgisiz, həvəssiz, zövqsüz heç nə alınmayacaq. Bunlarsız möcüzə baş vermir, arzular çin olmur. Odur ki, qüvvənizə qənaət etməyin, özünüzü düşünmədən mümkün olan hər şeyə sərf edin – və hər şey sizə artıqlaması ilə geri qayıdacaq!

Müsahibə: Seymur Zəkəryayev Foto: Pərviz Qasimzadə, arxiv materiallari