GÖZƏLLİYİN KODU

Əgər payız və qış mövsümləri nyud və konturinq tərzində makiyaj variasiyalarına qarşı çox səxavətli idisə, yaz-yay mövsümü parlaq rənglərlə dolu olacaq.    

Əlvida, kədər

Nyud tərzində olan eyni cür makiyajdan yorulmusunuz? Aparıcı makiyaj vizajistlərinin rəng terapiyası bu kədərin öhdəsindən gələcək. Panton seçimində yanılmamaq üçün isə Salvatore Ferragamo, Emilio Pucci, Victoria Beckham, Max Mara, Sportmax, Ports 1961 moda nümayişlərindən örnək götürün.

Parlaq dünya

İstəsək də, istəməsək də, glitter makiyajda mövsümün əsas trendi olaraq qalır - əlbətdə ki, parıltı və zərləri dəbə yenidən gətirən Pat Makqratın köməyi ilə. Piter Filips onun bu hünərini özünə məxsus olaraq təkrar edib. 90-ların bu tendensiyası təkcə podiumları deyil, hətta ulduzların düşüncələrini də fəth edib. Naomi Kempbell, Cenifer Lopes, Nina Dobrev, Sara Cesika Parker dodaqlarında və gözlərindəki parıltı ilə öyünərək gəzirlər. Fendi modellərin dodaqlarına iri dənəli glitteri səpərək eksperiment aparır. Shiatzy Chen şousunun vizajistləri isə bu parıltı sayəsində modellərin gözlərini sözün əsl mənasında qığılcım səpələməyə məcbur edirlər. DKNY, Giamba, Sabinna və Maison Margielanın moda nümayişləri də eyni parlaqlıqla keçir. Nəticə birdir: shine on!

Yağış adamı

Stilistlər heç cür cəsarətlərini toplayıb nəm saç effektinə "yox" deyə bilmirlər. Bunu biz Altuzarra, Celine, Balmain, Givenchy, Thakoon, Jason Wu, J.W.Andersonun moda nümayişlərinə əsasən deyə bilərik.