Abşeron – günəşin sevdiyi, torpağında izini buraxdığı, bütün rəngləri ilə təbiətinə nüfuz etdiyi, dözülməz istisini bürkülü yay günündə yalın ayaq altında kimi hiss etdirdiyi bir yerdir. Abşeron – şairlərin doğma diyarıdır, bu şairlərin arasında öz rəngkar salnaməçisi var. Onun adı Tahir Salahovdur. Görkəmli ustad, Azərbaycan və Rusiyanın xalq artisti, dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Rəssamlıq və Elmlər Akademiyasının həqiqi üzvü – bütün nailiyyətləri sadalamaq mümkün deyil. Lakin maestro bütün bu ad-sanla kifayətlənmədi və 85 illik yubileyi ərəfəsində yeni mövzular və yeni formalar yaradaraq əvvəllər olduğu kimi yaradıcılıq axtarışındadır.
Salahovun rəssamlığına xüsusi cazibə qüvvəsi ilk baxışdan yarıb keçir. Rəssamın gənc ikən soyuq və tozlu Bakı asfaltı üzərində afişalar çəkərək qazanc əldə etdiyi faktı çox əhəmiyyətlidir. "44-cü il idi, 16 yaşında artıq Kirov parkında rəssam kimi işləyirdim – asfaltda keçiriləcək tədbirlərin afişalarını çəkirdim. Müharibə zamanı idi və gecələr gəzmək qadağan idi. Ancaq buraxılış vərəqəsi və əlimdə bir vedrə boya ilə mənə parka girməyə icazə verilirdi. Hərdən patrul dayanıb bu hərfləri necə çəkdiyimi seyr edirdi. Bəzən də süfrə açıb məni də yeməyə dəvət edirdilər. O zamanlar gecələr qısa olurdu..." Beləliklə deyə bilərik ki, zəmin, sonradan onun yaradıcılığının əsas mövzularından biri olaraq ilk kətanına çevrildi. Gündəlik əmək qəhrəmanları isə onun fırçası ilə əbədi olaraq həkk olundu.
Bir zamanlar modernizmin əsas cərəyanında gördüyü işlər yenilik kimi qəbul olunan akademizm devrimçisi Salahov indi şübhəsiz ki, klassikdir. Rəng qammasının azlığı, yəni tək – "açıq rəngin" hakimliyi rəssamın monumental rəngkarlığının atributu, ifadəli vasitələrin lakonikliyi və dərinliyi isə "sərt üslubunun" xüsusiyyəti oldu. Tahir Salahov – rənglərin onun əllərində "səs saldığı" bir ustadır, buna görə də onların ritmindən, leytmotivindən, polifoniyasından bəhs etmək olar. Təsadüfi deyildi ki, rəssama XX əsrin əfsanəvi musiqiçilərinin portretlərini yaratmaq nəsib olub.
Hazırda Tretyakov qalereyasında yerləşən Şostakoviçin portreti bəstəkarın Puşkin Muzeyində keçirilən 90 illik yubileyinə həsr olunmuş sərgidə nümayiş olunmuşdu. Mən onu 10 ildir ki, görməmişdim – Salahov etiraf edir. Orada bir çox eksponat var idi: onun topladığı və ya ona hədiyyə olunan əsərlər, digər rəssamların işləri və birdən bütün bunların arasında öz portretimi gördüm. Gördüm və tanımadım. Təəccüblü o idi ki, çoxları yaxınlaşırdı və soruşurdu: bu həmən işdir? Nədənsə tamamilə fərqli görünürdü. O anda başa düşürsən ki, 10 il keçib və əşya öz həyatını yaşayıb. Bu təsadüfi deyil. Rəssam bir insanın obrazını, onun əməllərini, yaradıcılığını, daxili vəziyyətini, keçmişini, bu gününü və hətta gələcəyini hiss edirsə o zaman bu, təkcə foto-portret deyil, həm də təsvir olunan insanın mahiyyətini dərk etmək olacaq. Hətta kataloqda da Tahir Salahovun portretində Şostakoviç XX əsrin yükünü daşıyan biri kimi göstərildiyi qeyd olunmuşdur.
Bu portretin hekayəsi isə belədir: bir dəfə şəhərin baş poçtamtı yolu ilə gedirdim və "Pravda" qəzetinin əməkdaşı, bakılı Mixail Kapustinlə rastlaşdım. Musiqini yaxşı bilən Kapustin bəstəkardan müsahibə almağa gedirdi: "Tahir, mən Şostakoviçgilə gedirəm, bəlkə mənimlə birlikdə gedəsən və mənə kömək edəsən?" Və biz bəstəkarlar evinə Şostakoviçlə görüşməyə yollandıq. O, bizi gülərüzlə qarşıladı: "Qara Qarayev mənə sizin haqqınızda danışmışdı, siz onun portretini çəkmisiniz. Biz çalışarkən siz burada oturun". Mişa onunla müsahibəyə başladı. Mən də öz qeyd kitabçamı çıxardım və cızmaqara etməyə başladım. İlk cızmaqaramda – Dmitriy Dmitriyeviç profildən Mixailin suallarını cavablandırırdı. Hətta suallardan birinə verdiyi cavabı dəqiq xatırlayıram: sizin üçün ən yaxşı bəstəkar kimdir? “Niyə məni məhdudlaşdırmaq istəyirsiniz? – müxtəlif istiqamətli bir çox bəstəkarlardan xoşum gəlir, həm gənc, həm dünyadan köçmüş və sair. Hamısı daxili vəziyyətdən asılıdır, buna görə birini seçməklə özümü məhdudlaşdırmaq istəmirəm - deyərək cavab verdi.” Sonra çəkdiyim cızmaqaraya baxdı və məndən imzalamağımı istədi, mən isə onun mənim üçün imzalayacağını ümid edirdim. Mişa təklif etdi: bəlkə birlikdə işləyəsiniz? Bəli, – o, cavab verdi, – Qara Əbülfəzoviç mənə bunu tövsiyə edib. İlk görüşümüz belə keçdi. Çəkdiyim cızmaqaranı özündə saxladı.
Mən bu işi səbirsizliklə gözləsəm də, bizim sonrakı görüşümüz təxminən 2-3 ay sonra baş tutdu. Bəstəkarın həyat yoldaşı İrina Antonovna zəng edən kimi mən onların bağına getdim. Qış vaxtı idi, qar yağırdı. Dmitriy Dmitriyeviç və mən oturub çay içirdik. Yanımda albom, akvarel vardı və mən cızmaqaramın ilk variantını çəkdim. O, işə o qədər ciddi yanaşmışdı ki, səhəri gün ağ köynək və üstündən yaşıl jilet geyinmişdi. Dedi ki, ən sevdiyidir. Mən onun oturduğu kreslonu stul ilə dəyişdim. Otaqda başqa stul olmadığına görə dəhlizdə telefonun altından kvadrat stulu götürdüm və üstünə iki düz yastıq qoydum. Oturdu və fikrə daldı. Barmaqları sanki eşidilməyən bir musiqiyə qərq olaraq hərəkət etməyə başladı, mən işə çəkməyə başladım. İrina Antonovna içəri girib onun çətinliklə oturduğunu görəndə Dmitriy Dmitriyeviç etiraz etdi: "İrinoçka, biz artıq işə başlamışıq"…
Bəstəkarın portretinin üç variantını çəkdim. Ancaq 74-cü ildə, Şostakoviç vəfat etdi, onun dəfnindən sonra haradasa üç ay molbertə yaxınlaşmadım. Ancaq bir gün emalatxanaya gəldim və işimə baxdım: kətan üzərində ağ köynəyin üstündən yaşıl jilet geyinmiş bəstəkar təsvir olunmuşdu. O, əlini puf üzərinə qoyaraq royalın yanında oturmuşdu. Mən də bu qara pufu qırmızı çəkmişdim. Əşya güclü və faciəli görünürdü.
Şostakoviçin portreti Salahovun bir sıra “musiqi” portretlərindən biridir. Mədəniyyət xadimlərinin parlaq obrazları onun yaradıcılıq enerjisini, kövrəkliyini və incə mənəviyyatını ahəngdar şəkildə ortaya qoyur.
Paralel olaraq rəssamın irsi – əməyin, onun lirikası və romantizmin təsiri ilə əlaqələndirilir («Şumlanmış tarla», 1954; «Torpaq», 1954; «Vaxtada», 1957; «Təmirçilər», 1960; «Abşeron qadınları», 1967; «Yeni dəniz», 1970 və başqaları). Bu, səssiz və eyni zamanda hər bir cizgi ilə danışan obrazlar haradan yaranıb? Hamısı həyatdan, – rəssam cavab verir. Bunlar Abşeron torpağında yaşayan, uydurulmamış taleləri olan, saxta olmayan jestləri ilə, torpaqla əlaqələrini itirməyən, onun sadə təbiətinin izlərini özlərində daşıyan insanlardır. 40 ildir Tahir Salahov istirahətini Abşeronun Nardaran kəndindəki bağ evində keçirir. Bir vaxtlar qoyulmuş qaydalara yerli sakinlərin sadiq qaldıqları həyatın necə axdığını izləyir. Buna görə Abşeron qadını mənim gözümdə dəyişməzdir, – Salahov qeyd edir, – o, daxili qəlibini qoruyub saxlayıb, təbiətin qanunları kimi sarsılmazlığı ilə heyran edir. Bir vaxtlar qoyulmuş həyat tərzi dəyişmir və yeni meyllər sanki qayaya dəyib qırılır. Kimsə dənizdə boğuldu, hansısa balıqçı dənizdən qayıtmadı – bu sadə qadınlar isə faciəvi xəbəri səssizcə qarşılayır və onlar gözümüzdə monument, heykəl obrazları ilə ucalırlar.
Bu gün Tahir Salahovun sənəti xalçaçılıqla, qədim azərbaycan əl sənəti ilə sintez ideyası sayəsində yenidən doğulub. Hər zaman iş günlərini və əməkçiləri şairanə şəkildə təsvir edən Salahovun yaradıcılığının məntiqinin təbii nəticəsidir. Xalçalar Fazil Abbasquluzadənin Sumqayıt emalatxanasında yaradılır. Yüksək intellektual yaradıcılığını sadə toxucuların əl bacarığı ilə bölüşən rəssam yüksək vətənpərvərlik, humanizm və yaradıcı ixtiraçılıq nümayiş etdirir.
Müsahibə: Ülviyyə Mahmudova və Könül Nağiyeva
Foto: Sənan Ələsgərov
Material jurnalın dördüncü buraxılışında dərc olunub