FİDAN HÜSEYNOVA / GREEN JUNKİE

Mütəxəssislər bir-biri ilə yarışaraq qidalanma prinsipləri və məhsulların düzgün birləşməsi barədə danışırlar, lakin yenə də, sualların sayı azalmır. Heyvan mənşəli zülaldan imtina etmək lazımdırmı? Süd məhsullarının nə kimi təhlükəsi var? Bədənimizin vitaminlərə ehtiyacı varmı? Health-kouç Fidan Hüseynova @iamgreenjunkie ilə bu mövzunu araşdırırıq.


Necə oldu ki, sağlam qidalanmanın tərəfdarı oldunuz?

Əlbəttə ki, mənim də həyatımda dönər və burger yediyim, düzgün qidalanmadığım dövr olub. Hərçənd anam qismən də olsa düzgün yemək vərdişlərini bizə aşılayırdı. O, əsl Gəncəli olaraq təzə və evdə hazırlanmış məhsullara üstünlük verir, heç vaxt evimizdə mayonez, keyfiyyətsiz məhsul olmayıb. Mən həmişə süd məhsullarını (xüsusilə şoru) və  hələ də əl çəkə bilmədiyim çörəyi çox sevmişəm. Sonra evləndim və hamiləlik dövründə düzgün qidalanma haqqında çoxlu kitab oxumağa başladım. O zamanlar düzgün qidalanma dəbi sürətlə inkişaf edirdi, lakin mənim sakitləşmək bilməyən xarakterim olduğuna görə hər şeyi özüm dərindən öyrənməyə qərar verdim. O vaxt vegetarianlıq düşüncəsi ağlımın ucundan belə keçməmişdi. Mən Dubayda yaşayırdım və əlimin altında kifayət qədər kitab var idi. Xüsusilə məni Kolin Kempbellin "Çin araşdırması" kitabı heyran etdi. Bu kitabda gəmiricilər üzərində aparılan təcrübələr haqqında ətraflı məlumatlar verilir. Belə ki, eksperimentlərdən biri onkoloji xəstəliklərə malik olan gəmiricinin vəziyyətinin pisləşməsi ilə inək südünü istehlak edən gəmiricinin arasında dəqiq əlaqəni tədqiq etmək mümkün olmuşdur. Eynilə ürək-damar və diabet xəstəliklərində də. Və tədricən mən müəyyən məhsullardan imtina etmək vaxtının gəlib çatdığını anladım.

İki il əvvəl mən bitki qidalanmasına başladım və özümdə dəyişikliyi dərhal hiss etdim. Mən heç vaxt o qədər də enerjili olmamışam, tez yorulurdum və "sönürdüm". Bitki qidalanmasına keçdikdən sonra qəribə olsa da, inanılmaz dərəcədə enerji yüksəlişini, yüngüllüyü, beynimin aydınlamasını hiss etdim.

Qida vərdişlərində əsaslı dəyişiklik nə dərəcə çətin idi?

Həddindən artıq çox qorxum var idi. Ətrafdakılar buna necə reaksiya verəcəklər? Restoranlarda nə yeyəcəyəm? Amma bu, əlbəttə ki, mənə mane ola bilmədi. Xoşbəxtlikdən, hələ on beş il bundan əvvəl müalicəvi oruc tutan, yoqa ilə məşğul olan və mədə xorasını özü sağaldan anamın nümunəsi göz özündə idi. Bütün bunlar naturopatiyaya yönləndirirdi.

Yeni qidalanma sisteminə keçid tədricən və şüurlu şəkildə baş verdi. Bir-iki ay rasionumda hələ balıq var idi. Sonra ondan da imtina etdim.

Vegetarianlıqdan əvvəl mən tərəvəzləri bir o qədər də sevmirdim, göyərtini isə heç yemirdim. Bitki qidalanmasına keçdikdən sonra dad və ətir tam başqa cür olur.

Deməli, yaxınlarınız Sizi dəstəklədi? Onlar da sadəcə faydalı məhsullarla qidalanırlar?

Mənim mətbəximdə siz heç vaxt konservant, boyaq və digər kimyəvi maddələr tərkibi olan məhsullar tapa bilməzsiniz. Ancaq təbii, mövsümi və qarışıqsız məhsulları isə - asanlıqla tapmaq olar. Buna görə də evdə hər kəs az-çox "sağlam" qidalanır. Həyat yoldaşım və qızım ənənəvi qidalanırlar. Qızımın rasionunda bol tərəvəz və meyvələr, badam və bəzən keçi südü var, ancaq mənim apriori anlayışımda faydasız olan qırmızı ət, inək südü, uşaq yoqurtu və bulkalar yoxdur. Onun üçün yeməkləri qxi yağında bişirirəm, həmçinin zeytun və avokado, bəzən də kokos yağı istifadə edirəm. Yoldaşımı smuzi və salatlara alışdırmışam, amma o, ət yeməklərini və qəhvəni çox sevir.

Qidalanma və ya vegetarianlığa keçid şüurlu şəkildə olmalıdır və mənim uşağım da daxil olmaqla hər kəs bu seçimi müstəqil olaraq etməlidir. Mən yalnız düzgün qidalanma vərdişlərini formalaşdıra bilərəm, sağlam qidalanma və həyat tərzimlə nümunə ola bilərəm. 

İndi qlüten, süd məhsullarına qarşı dözümsüzlük haqqında çox danışılır. Bu barədə nə deyə bilərsiniz?

Məsələ bundadır ki, planetin təxminən 70% əhalisində süd məhsulları və qlütenə qarşı dözümsüzlük var.

Panik hücum, diqqətsizlik, əsəb və depressiya, hətta miqren qlüten dözümsüzlüyündən irəli gələ bilər. Məsələn, autizmdən əziyyət çəkən uşaqları qlütensiz qidalanmaya keçirirlər və onların vəziyyəti yaxşılaşır. Mən bilirəm ki, mənim qlüten dözümsüzlüyüm var və bütövlükdə orqanizmimin bu və ya digər məhsullara reaksiyasını izləməyi  öyrənmişəm. Lakin çox vaxt dözümsüzlük daimi halsızlığın əsl səbəbini öyrənməyə imkan vermədən gizli keçir.

Eyni şey süd məhsulları ilə də baş verir. Onların yalançı faydası haqqında artıq ətrafdakılarla mübahisə etmirəm, amma bu haqda uzun-uzadı danışmaq olar. Ən çətini sözün əsl mənasında yemək asılılığı yaradan, amma heç bir faydası olmayan  pendirdən imtina etmək idi.

Mənim hazırda məsafəli təhsil aldığım Düzgün qidalanma üzrə Amerika institutundan müəllimim gözəl bir şey deyib. Hansısa müəyyən bir məhsul sizə fayda gətirə bilər, kiməsə isə zəhər kimi təsir edə bilər. 

Müxtəlif vitaminlərin və BAƏ-in (bioloji aktiv əlavələrin) qəbulu barədə nə düşünürsünüz?

Vitaminləri yalnız birbaşa ehtiyac olduğu halda qəbul etmək olar, yəni vitamin çatışmazlığı və bunu yalnız analizləri verdikdən sonra qəbul etmək lazımdır. Əksər hallarda orqanizmin lazımi qidalanma maddələri ilə təmin etmək üçün bol meyvə və tərəvəzlə qidalanmaq kifayət edir. Nə olursa olsun vitamin preparatları – sintetikadır.

Bəs eko məhsullar necə?

Bakıda, Dubaydan fərqli olaraq «orqanik» və sair işarəli məhsullar almıram. Mən mövsümü məhsulları seçirəm. Manqo alıb, ölkəndə bitən mövsümü almalardan daha çox fayda gətirəcəyini düşünmək sadəlövhlükdür. Yeri gəlmişkən, yaşadığın ərazidə yetişən məhsullarla qidalanmaq çox vacibdir.

Gündə iki litr su içmək qaydasına riayət edirsinizmi? Çay içirsinizmi?

İçmə rejimi də individualdır. Əlbəttə, ən azı 1,5 litr su içmək yaxşıdır. Əsas odur ki, bu məhz su olsun, başqa bir maye deyil. Amma mütləq yeməkdən əvvəl və sonra olan müəyyən vaxt aralığına diqqət etmək lazımdır.

Çay, əlbəttə ki, içirəm.  Bir yerə qonaq gedib,  məsələn, ətirli mürəbbə ilə çay içməmək necə ola bilər, bilmirəm.  

Öz qidalanma sisteminizin əsas qaydalarını qısaca necə ifadə edə bilərsiniz?

Məndən tez-tez soruşurlar ki, buddizmə sitayiş edirəm ya yox. Əslində, mənim həyat tərzim heç bir dini elmlə əlaqəli deyil, yalnız sağlamlığı qorumağa istiqamətlənib. 

Ən əsası qidalanma prinsiplərinin fərdi seçildiyini unutmamalıyıq. Birinə uyğun olan bir şey başqa birinə zərər verə bilər. Ola bilər ki, vegetarianlıq mənə indi uyğundur və bir neçə müddətdən sonra uyğun olmayacaq.

Müəyyən qida növünə genetik meyliliyi də hesaba qatmaq lazımdır. Buna görə bir gündə müəyyən məhsulların rasiondan çıxarılmasının tamamilə səhv olduğunu düşünürəm. Düşünürəm ki, ideal variant - sizin qidalanmanızın 80%-i faydalı olduğu zamandır, 20%-i ilə isə yəqin ki, beyninizi sevindirməlisiniz. Sevdiyiniz məhsullardan birdən imtina etmək qaçılmaz olaraq partlayışa gətirib çıxaracaqdır. Öz orqanizmimizi dinləmək çox vacibdir.  

Uğur bitkidə deyil, ağıllı və intuitiv pəhrizdədir. Orqanizm bu və ya digər məhsullara müəyyən bir şəkildə reaksiya verərək bizə ən doğru cavabı verir.

Son vaxtlar insanların yemək vərdişlərində artan bilik faktı sevindirici haldır. Bu gözəl tendensiyadır.

Fəaliyyətiniz haqqında.

Hal-hazırda təhsilimi tamamlayıram və yeni biliklər əldə etməyi düşünürəm. Bir neçə layihələrdə iştirak edirəm, Rosiebeautylab-da faydalı desertlər, smuzi, salatlar və qəlyanaltılar təqdim etdiyim Greenjunkie kornerinə kuratorluq edirəm. Çalışıram ki, rəssamlığı unutmayım -  bu mənim ən əsas ehtirasımdır!

 

Müsahibə: Nigar Məhərrəmova