2018-ci il dekabrın 1-dən 2019-cu il yanvarın 6-na qədər Fəvvarələr meydanında altıncı dəfə "Soyuq əllər, isti ürək" adlı yarmarka keçirildi. Ənənəyə əsasən əldə edilmiş gəlir müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə və əməliyyatlarına xərcləndi.
2018/19 yarmarkasında 364 331 AZN toplanmışdı - bu məbləğ anadangəlmə eşitmə qabiliyyəti olmayan, anadangəlmə ürək xəstəliyi və digər xəstəlikləri olan uşaqların müalicəsinə sərf edildi. Bundan əlavə, Nargis fondunun təsisçisi Ülviyyə Mahmudova, mesenat Səbinə Rəhimova və anonim sponsorlar tərəfindən toplam 129 820 AZN məbləğ fonda köçürülmüşdür.
"Soyuq əllər, isti ürək" 2018/19 yarmarkası və sponsorlarımız sayəsində 14 uşaq müalicə alıb və lazımlı əməliyyatlar keçiriblər:
- Mira Azəri
- Fuad Mirzamətov
- Ömər Yunuslu
- Vaqif Əliyev
- Zəhra Abbasova
- Uğur Əsgərov
- Turan Ələkbərli
- Sara Bayramlı
- Ayhan Gəncəli
- Aişə Bayramova
- Ayhan Rəhimli
- Günəş İsmayılzadə
- Xumar Tağızadə
- Muşfiq Dadaşlı
Bu balaların bəziləri anadangəlmə eşitmə qüsuru ilə dünyaya gəliblər. Türkiyədəki aparıcı klinikalardan birində koxlear implantasiya əməliyyatları həyata keçirilmişdir - bu, karlıqla mübarizə aparan unikal cərrahi üsuldur, bunun qarşısında ənənəvi eşitmə cihazları gücsüzdür. Sonra uşaqların qulağına xüsusi eşitmə cihazları yerləşdirildi - və onlar ilk dəfə ata və analarının səslərini eşitdilər! Həmçinin yanıq və anadan gəlmə ürək xəstəliyi olan uşaqlar Bakıda müvəffəqiyyətlə əməliyyatlar keçirib və hazırda vəziyyətləri sürətlə yaxşılaşmağa doğru gedirlər.
Yarmarkanın fəxri qonaqları hər il olduğu kimi uşaq evlərinin və internat məktəblərinin balaca sakinləri idi. Hər cümə və şənbə günü animatorlar və sponsorlar onlar üçün xüsusi proqram hazırlayırdı. Hər hansısa bir səbəbdən gələ bilməyən uşaqları isə fond əməkdaşları özləri ziyarət edirdilər.
Və bəli, bu il ilk dəfə şəhərin restoran və kafelərində Nargis fonduna ianə bağışlamaq üçün xüsusi qutular qoyulmuşdu. Beləliklə, bir sıra müəssisələr "Soyuq əllər, isti ürək" yarmarkasını bu şəkildə dəstəkləmiş və yarmarkanın əsas məqsədini - xeyriyyəçiliyi həyata keçirməyə yardım etmiş oldular.