Azərbaycanlı yazıçı, “Baku Book Center”in direktoru, son dərəcə maraqlı həmsöhbət – Günel Anarqızı ilə söhbəti oxucuya təqdim etməyimə şadam. Mənə ondan Mərkəzin açılışından sonra ilk vaxtlarda onun və komandasının hansı çətinliklərlə üzləşməsi barədə soruşmaq, uşaqlarına mütaliəyə məhəbbət oyatmaq istəyən valideynlər və ilk addımlarını atan yazıçılar üçün məsləhət almaq, kitab mərkəzinin direktorunun necə və haradan enerji alması və nəhayət, ənənəyə uyğun, ideal günü haqqında fantaziyasına dair sual vermək nəsib oldu.
– Mənim üçün ən çətini belə gözəl düşüncənin həyata keçirilməsinə görə məsuliyyəti dərk etmək idi. Bildiyiniz kimi, “Baku Book Center” Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanım Əliyevanın layihəsidir, o, yeni məqsədləri ehtiva edirdi və bakılıların mütaliə tələbatına cavab verirdi. Nə isə yeni bir şey kəşf etmək həmişə həyəcanlıdır. Baxmayaraq ki mən təbiətcə novatoram, yenə də şəxsən mənə həvalə edilən bu layihənin uğuruna görə məsuliyyət ilk dövrlərdə işimi çətinləşdirdi.
– Ən əsası düzgün strategiyanı tərtib etmək idi, axı bu kitab mərkəzinin hələ açılışa qədər uğurlu iş üçün hər bir zəmini var idi – yaranmasına kreativ yanaşma, mütaliəyə sövq edən atmosfer, uğurlu lokasiya. Belə başlanğıc şərtlərə malik olaraq elə bir rahatlıq yaratmaq lazım idi ki, insanlar bura evlərinə gəldikləri kimi mütaliə etməyə gələydilər. Əzəli ideyaya xələl gətirməyərək özüm də nə isə əlavə etmək istəyirdim, onun effektini gücləndirəndə isə, layihəyə detallar və aksesuarlar əlavə olunurdu.
– Kitab seçiminə çox sakit yanaşdım: ədəbiyyat mühitində böyüdüyüm üçün nəyin daha aktual olduğunu, nəyin oxucunu cəlb edəcəyini, nəyi qabartmağı bilirdim. Əlbəttə, alış məsələsində ilk addımlarımızı sanki minalanmış sahədə atırdıq. Hansı kitabları daha çox sifariş etmək lazımdır, hansılardan isə - az? Rus dilində kitabları sifariş etdiyim Rusiyanın öz reytinqləri var, onlar bizim cəmiyyətimizin maraq dairəsindən çox fərqlənir... Amma bu gün üçün biz rusiyalı auditoriyanın seçimini öz zövqümüzə uyğunlaşdırmışıq. Xoşbəxtlikdən, böyük səhvlərə yol vermədik, hərçənd, kiçik xətalarsız da ötüşmədi. İndi bizə mühitin nəbzini tutmaq və daha inamla irəliləmək qat-qat asandır. Yeri gəlmişkən, bestseller məsələlərində Türkiyənin təsiri böyükdür, bu da mədəniyyət və mentallığımızın oxşarlığından irəli gəlir.
– Bizdən bəzən “Baku Book Centre”də keçirilən çoxsaylı tədbirlərin öhdəsindən necə gəlməyəmiz barədə soruşurlar. Mənim üçün bu, yəqin ki, ən sadə məsələdir. Müxtəlif tədbirlərin təşkilində böyük təcrübəyə malikəm, gecənin məzmununu düşünmək və insanları toplamaq məndən böyük zəhmət tələb etmir. Bütün tədbirlərimizin məzmunu maarifləndirmədir – onlar tədris, mədəniyyət, uşaq maraqları, elm və cəmiyyətə maraqlı olan digər sahələrlə bağlıdır. Belə gecələrin kəmiyyəti onların keyfiyyətinə təsir göstərmir.
– Mütaliə edən uşağın, çox güman, mütaliə edən ailədə yetişəcəyini desəm, orijinallıq etmiş olmaram. Kitab rəfi daim zənginləşirsə, uşaq istər-istəməz onun tərkibi ilə maraqlanacaq. Valideynlər serialları seyr etməkdən və telefonla danışmaqdan daha çox kitab oxuyurlarsa, o zaman uşaq da belə mühitdə kitabsevər kimi böyüyür. Əlbəttə, ətrafdakıların da rolu böyükdür. Məsələn, mənim məktəbli olduğum illərdə mütaliə etməmək ayıb idi. Hər yay tətilinin sonunda biz neçə kitab oxuduğumuz barədə ciddi düşünürdük və inanın ki, 3 yay ayı üçün 2 və ya 3 kitab çox az idi. İndi heç inanmıram ki, sinifdən kənar oxu olsun... Hətta olsa belə, əvvəlki kimi mütləq deyil. Uşaqların ancaq məktəb proqramı deyil, həm də ruhlarını oxşamaq üçün “dərsdən kənar” ədəbiyyatı da mütaliə etmələri vacibdir. Ailə, məktəb və ətraf – insanı mütaliəyə doğru yönəldəcək 3 əsas amildir. “Baku Book Center” kimi yerin açılışı da rol oynayır, axı gənclər dəbdə olanı edirlər və onların həyat tərzi müəyyən mənada “trenddə” olanla müəyyənləşir. Gənclər yeni, gözəl və dəbli mərkəzdə dərslərini müzakirə etmək, məşğul olmaq və ya sadəcə bir fincan kofe içmək üçün toplaşırlar. Mənə elə gəlir ki, mütaliəyə sövq edən belə bir yerdə digər mövzular barədə müzakirələr aparmaq çətin olardı.
– Hazırda yazan adamların kəmiyyətini nəzərə alsaq, belə qənaətə gəlirəm ki, onların məsləhətlərə elə də ehtiyacı yoxdur, hərçənd, yumşaq desək, necə gəldi yazırlar. Onlar düşünürlər ki, yazıçı olmaq sadəcə fikirlərini ifadə etmək deməkdir və ifadə üsulu barədə fikirləşmirlər. Müəyyən ədəbi zövqü olan oxucu yazı texnikasına fikir verəcək, ona görə də mən əvvəlcə yazmağı öyrənməyi tövsiyə edərdim. Bu çox vacibdir, axı kitabda çoxlu lazımsız məqamlar olarsa, mən hətta onda sağlam düşüncə tapmaqda çətinlik çəkəcəm. Pis yazılan dərhal özündən uzaqlaşdırır. Yazmağı öyrənmək üçünsə çoxlu mütaliə etmək lazımdır – bu, qapalı dairədir. Hətta gözəl yazılmış, dahi ideyası olmayan kiçik hekayə pis yazılan 500 səhifəlik talmuddan daha çox təsir bağışlaya bilər. Əlbəttə, hər kəs yaza bilər, bu qadağan edilmir, lakin yazan şəxs həmişə oxucunun vəziyyətini düşünməlidir.
– Biz kitab seçimində demokratıq və əgər bizə kim isə öz nəşri ilə müraciət edirsə, biz imtina etmirik. Əvvəllər mən kitabları seçirdim, ehtimal edirdim ki, Mərkəzin ziyarətçilərinə gözəl zövq aşılamaq, keyfiyyətli ədəbiyyat təklif etmək lazımdır. Ancaq sonra anladım ki, bu mənim səlahiyyətim deyil. Biz yazan adamı kitab satışı arenasında təmsil olmaq imkanından məhrum etmək hüququna malik deyilik. İndi biz hər şeyi oxucunun mühakiməsinə təqdim edirik, özünün seçim etməsinə imkan veririk. Əlbəttə ki, belə demokratiya mənəviyyatsızlıq, ifrat təcavüz, müharibəyə aşkar çağırış və bu kontekstdə olan bütün digər kitablara aid deyil.
– Mən işdən yorulmuram. Əksinə, o mənə zövq verir, ona görə də əlavə enerji almağa ehtiyac qalmır, elə onun özündəncə alıram. Bu sahədə çalışmaq mənə o qədər rahatdır ki, mən onda təsəlli tapıram. Bunu çox xoşladığım ibarə ilə ifadə edə bilərəm: “Xoşbəxtlik – artıq alınan deyil, alınmaqda olandır”. Əlbəttə, hər bir insan üçün olduğu kimi, mənə də təəssüratları dəyişmək, dincəlmək lazımdır və mən bunu səyahətlərdə, dostlarla ünsiyyətdə, musiqidə və ümumiyyətlə incəsənətlə istənilən təmasda tapıram.
– Görmək, öyrənmək və hiss etmək istədiyim hər şeyi sığışdıra biləcəyim gün ideal olardı. Günü bir şəhərdə başlayaraq yol yorğunluğundan qaçaraq digərində bitirmək əla olardı. Aparıcı opera teatrlarının birinin premyerasında olmaq, həmin gündəcə baharda çiçəklənən sakuralı parkda gəzişmək və dərhal dəniz sahilində olmaq, orada dalğaların səsini dinləyərək 15 dəqiqə gözləri yumaraq keçirmək istərdim. Və bu günü flamenko rəqsi ifa olunan gecədə və ya caz korifeylərini dinləməklə başa vurmaq, buna da maraqlı insanlarla ünsiyyəti əlavə etmək. Bu günü mümkün qədər uzatmaq və 5 hissiyyat orqanının hamısından istifadə edərək tam zövq almaq. Dolğun və həyat dolu – mənim ideal günüm belə adlanardı.