Moscow into Fashion: MBFW Russia SS20

117 dizayner, 61 nümayiş, 10 təqdimat, 60 mindən çox qonaq, 1000-dən çox yerli və xarici jurnalist və 60 saat canlı yayım. Bir neçə gün əvvəl sona çatan Mercedes-Benz Fashion Week Russia-nın statistikası belədir.

Moda Həftəsində həm yerli, həm də 15-dən çox xarici dizayner öz kolleksiyalarını nümayiş etdirdilər. Beynəlxalq spikerlərin, o cümlədən fotoqrafların, blogerlərin və moda ekspertlərinin iştirakı ilə ictimai danışıqlar və təqdimatlar keçirildi; pop-up showroom bütün həftə boyu çalışdı və müxtəlif layihələr çərçivəsində qlobal sustainable fashion (ekoloji moda) mövzusu işıqlandırıldı. 

Mühazirələr arasında BoF-500 siyahısına daxil olmuş, AIZEL konsept mağazası və bazar platformasının sahibi azərbaycanlı Aysel Trudelin, Pitti Immagine-nin nümayəndəsinin, həmçinin Lucien Pagès Communication PR agentliyinin yaradıcısı Lüsyen Pajesin çıxışı çox sevindirici hal idi.

Moskva növbəti dəfə mədəni və dəbli paytaxt statusunu vurğuladı; Moda Həftəsi isə xarici və yerli qonaqları təsəvvür edilməyən layihələrlə, o cümlədən, brendlərin Dövlət Tretyakov Qalereyası, Moskva Muzeyi (Futurum Moscow layihəsi) arasında əməkdaşlıqları ilə təəccübləndirməyə davam etdi.

Onlarla nümayişi izlədikdən sonra Moskvada Moda Həftəsinin 39-cu mövsümünün ən yadda qalan yeddi şousunu xüsusi qeyd edirik.

 

Roma Uvarov Design

Roma Uvarov Design-ın yeni kolleksiyası "Qaraçıların vaxtı" adlanır. Bu hər bir obrazda açıq-aşkar görünür: naxışlarda və detallardakı güllər, böyük halqa sırğalar, büzmələr, fal kartları və sikkələr və zəncirlərdən hazırlanmış furniturlar... Uçuşan şəffaf parçalar və böyük ölçülü siluetlər qaraçıların azad və sərbəst ruhunu vurğulayır. Rəng seçimində – qırmızı rəngin bütün çalarları istifadə olunub: al qırmızı, tünd qırmızı.

 

 

BÁKHTIN

BÁKHTIN brendinin nümayişində qarışıq saçlı modellər alternativ rok musiqisi altında yürüdülər və iki tərəfli pencəklər, dəri plaşlar, paltolar, kombinezon və bir çiyinli paltarlar nümayiş etdirdilər. Bu kolleksiyada çoxlu dəri geyimlər və naxışlı çaplar yer alıb – ən parlaq, yəqin ki, yerə "döşənmiş" Cool jurnalı idi. Kolleksiyanın əsas rəngləri – qara və qırmızıdır.

 

 

 

INNOMINATE

Innominate kişi geyim brendi bu Moda Həftəsi çərçivəsində ilk dəfə olaraq qadın obrazları təqdim etdi – yenidən nəzərdən keçirilmiş həm kişi, həm qadın klassik qarderob əşyaları lokonik və çox keyfiyyətli hazırlanmışdır. Kişi tərzində geniş şalvar və həcmli pencəklər pastel tonları ilə tarazlaşdırılmışdır. Şalvar və şortdakı geniş manjetlər, həmçinin fetr panama şapkalar və kepkalar olduqca maraqlı görünürdü.

 

 

EXPATS COLLECTIVE

Rus-Amerika brendinin kolleksiyasının əsas rəngləri ağ, qırmızı, xaki və qara rənglər idi. Modellər podiuma mantiya və şleyf ilə gündəlik və demi-kuturye paltarlarında, "tvist" saç düzümü ilə ordu və iş geyimində çıxdılar. Kolleksiya xarakterik düymələr, ordenlər və sinə lentləri ilə tamamlandı. 

 

 

ZA_ZA

Brend yaşlı modelləri nümayişində iştirak etməyə dəvət edərək eksperiment aparmağa davam edir. Belə ki, bu dəfə bir kişi model kobud çəkmələr, böyük ölçülü palto və şərfdən ibarət kejual tərzində çıxış etdi. Kolleksiya müasir nəsil üçün uyğun olan, avanqard individual səslənmənin çox sevdiyi tətbiqi əşyalara əsaslanır. Bura boğuq rənglərdə ölçüsüz paltolar, təsviri və portret naxışlı trençlər, jilet-şərflər daxildir. Mövsümün favoritləri pastel çəhrayı, qara, ağ və boz rənglər idi. 

 

 

AWS

AWS (After Work Studio) isveçrə brendi mövsümi modaya diqqət yetirmir: hava şəraitindən asılı olmayaraq, dizaynerlər zərifliyi və eleqantlılığı idman elementləri və klassik üslublarla birləşdirməyə çalışdılar – fokus funksionallıqla əvəzləndi. Bu il təqdim olunan kolleksiyada aparıcı rənglər ağ, narıncı, yasəmən və qara oldu. Qeyd etmək istərdik ki, AWS – Global Talents proqramının iştirakçısıdır. Bu layihə müxtəlif ölkələrdən debüt kolleksiyalar yaradan gənc dizaynerləri bir araya gətirir və Moda Fondunun dəstəyi ilə Rusiya Milli Moda Palatası tərəfindən həyata keçirilir.

 

 

PIROSMANI

Böyük ölçülü jaketlər və paltolar, kombinezonlar, pencək-paltarlar, böyük yaxalı gödəkçələr – hamısı brendə xas olan bucaqlı, kobud və qeyri-adi idi. Kolleksiyanın əsas rəngləri qara, metalik, qırmızı oldu. Lakin bənövşəyi, sarı, mavi və tozlu çəhrayı kimi tipik olmayan variantlar üçün də yer vardı. 

 

 

Mətn: Ayxan Musaxanlı 

Foto: MBFW Russia; İk Aldana, Qabi Akosta