ÖZÜNÜİNKİŞAF HAQQINDA 7 KİTAB

“Tanrı ilə söhbətlər”, Nil Donald Uolş 

 

İş məmnunluq bəxş etmir, şəxsi həyat bərbad olub, elə sağlamlıq da qənaətbəxş deyil: bir anda həyatının uçuruma yuvarlandığını anlayan insan nə edir? Digər milyonların etdiyini: yarı-qəzəblənmiş, yarı-ümidli vəziyyətdə nəzərlərini səmaya yönəldir. Gücümüzün fövqündə olan problemlərlə üzləşdikdə biz Yaradana müraciət edirik: yalvarırıq, soruşuruq, ittiham edirik, təkid edirik, dilə tuturuq, söz veririk, göylərdən gələn bir işarə axtarırıq, sirlərə varmağa, vəhy qazanmağa çalışırıq... Məhz belə şəraitdə Nil Uolş öz həyat missiyasını axtararaq mənəvi səyahətə çıxdı. Beləcə, uzun illər ərzində bestseller üçlüyünə çevrilən dialoqun əsası qoyuldu: “Tanrı ilə söhbətlər”, “Tanrı ilə dostluq”, “Tanrı ilə vəhdət”.

Yəqin ki, hər kəsə həyat, məhəbbət, ölüm və təyinat haqqında əzab verən suallara cavab verərkən, Nil təngə gətirməyərək oxucunu müdrik razılığa gətirib çıxarır, ona Tanrı ilə dostluğun sonsuz imkanlarını açıqlayır. Bəlli olur ki, O bizimlə həmişə və hər yerdə danışır – yalnız diqqətlə dinləmək lazımdır. Uolş mütləq haqqa çatdığını iddia etmir, o, bəzən çox incəliklə pərdələnmiş insan inamsızlığı və qorxusunun öhdəsindən ustalıqla gələrək, yalnız oxucunu düşünülmüş marşrutla aparır. O maneələrdən qorxmur, çünki özü ilə şəfa vermək, sakitləşdirmək və haqq yanğısını söndürməyə qadir, ona görə də qiymətsiz olan bir şey aparır... Tanrı ilə qarşılıqlı münasibətlərin yeni (təcrübəsiz oxucu üçün yeni, ilahiyyatçılara və irfan əhli üçün isə əsrlərdir tanış olan) formasını ustalıqla cilalayaraq, o ardınca son dərəcə maraqlı – aldadıcı sadəliyi ilə cəlbedici olsa da, bəzən təhlükəli сığıra dəvət edir. Bu yol hamı üçün açıqdır, orada nə qıfıl var, nə də hasar – axı köhnə landşaftlar dağıdılıb, yeni binalar isə bilavasitə gözlərimiz önündə inşa edilir.

 

“İnsan-manipulyator”, Everett Şostrom 

 

Maddi rifah ardınca qaçan insan od əldə etməyi və çayları ram etməyi, torpağı şumlamağı və yerin altındann cəvahirat çıxarmağı, evlər tikməyi, gəmilər və dünya imperiyaları qurmağı öyrəndi... Amma bütün bu nailiyyətlər üçün yüksək qiymət ödəmək lazım gəldi: özünün, insanlığının itirilməsi. Təəccüblü deyil ki, vaxtaşırı müasir homo sapiens təngə gətirən manipulyasiyalardan imtina edərək təbii özünə qayıtmaq, öz ürəyinin döyüntüsünü eşitməyə kəskin ehtiyac yaranır. O, onun vəziyyətini izah etməyə, cavab və məsləhət verməyə qadir olan informasiya mənbələrinə acgözlüklə meyl edir. Özündə aktuallaşdıranı inkişaf etdirmək həsrətində olan həris manipulyator üçün belə mənbə qismində humanist Abraham Maslounun şagirdi, amerikalı psixoloq və psixoterapevt Everett Şostromun çox sərrast “İnsan – manipulyator” adlandırdığı əsəri çıxış edir. Şostromun bestselleri rus dilinə tərcümədə əvvəlcə qısaldılmış formada “Anti-Karneqi” adı ilə işıq üzü gördü. Və yalnız reklam naminə deyil: bütün əsər boyu psixoloq oxucunu məşhur traktatlar tərəfindən təlqin edilən ətrafdakıları “fəth  etmə və özünə tabe etmə” sindromundan qorumağa çalışır, başqaları və özləri müqabilində dürüst olmağı, – onun terminologiyası ilə desək, manipulyator deyil, aktuallaşdıran olmağı öyrədir. Manipulyatorluğu müasir dövrün taunu adlandıraraq, Şostorm  davranışın alternativ patternlərindən, “indi və burada” yaşananlardan zövq almağı yenidən öyrənməyin yollarından söz açır. Oxucunu nəzəri baza ilə təchiz edərək, müəllif manipulyatora və aktuallaşdırana xarakterik davranışı bir çox nümunədə müqayisə edir. O bizi inamsızlıq, eşq və qeyri-müəyyənlik arasından şübhə və məhv olan illüziyalarla döşənən əzablı yola dəvət edir ki, sonda bəlkə də bu həyatda ən vacib qələbəni qazana bilək: emosiyalarımızı və arzularımızı səmimi təzahür etməyi öyrənək. Müəllifə haqq qazandıraraq qeyd etmək lazımdır ki, o, son səhifəyə qədər nəzakəti qoruyur və Frommdan bolluca sitatlar gətirərək, oxucuya ədəblə xatırladır ki, “sırf” manipulyatorlar və aktuallaşdıranlar yoxdur, buna görə də iki düşərgə arasında münaqişə üçün zəmin də mövcud deyil.

 

“Ekoloji olmaq”, Timoti Morton

Ekoloji meynstrim apogeyinə çatdıqda aydın oldu ki, onun dərk edilməsi üçün fəlsəfi yanaşma tələb olunur. Özümüzü ətraf dünyaya qarşı qoymaqdan imtina edərək, biz bilavasitə təbiətin konsepsiyasına yenidən nəzər salmalıyıq. “Romantik ekoloq” Timoti Morton insanın və təbiətin harmonik yaşaması barədə klassik düşüncələrdən uzaqlaşaraq hiperobyektlər dövrünün gəlişini bəyan etdi. Müxtəlif zamanlarda bəşəriyyət tarixinin, Tanrının, insanın sonu barədə gurultulu bəyanatları qəbul və həzm etmişdi... İndi Morton da onlara birləşərək iddia edir ki, “təbiət – sadəcə ideoloji gedişatdır, mənası olmayan bir şeyə məna verilməsidir”. “Ekoloji olmaq” kitabını müəllif ekologiya barədə kitab oxumayan hər kəsə ithaf edir.

Özü yazdığı kimi, “bu camaata ünvanlanan eko-moizə deyil”: onda nə elmi faktlar, nə şok açıqlamalar, nə də siyasi və ya etik məsləhətlər var. Kant və Haydeggerə müraciət edərək, mütəfəkkir oxucuya başlanğıc nöqtəsini tapmağa, çoxşaxəli informasiya axınından baş çıxarmağa yardım göstərərək öz fəlsəfi sistemini ardıcıllıqla ifadə edir. Qlobal istiləşmə və kütləvi çirklənmə dövrü bəşəriyyət qarşısında çox sayda sual qoydu. Morton aşkar oriyentirlər təklif edərək, ən dərin təlqin verərək, ekoloji informasiyaya düşünülmüş surətdə yanaşmağa çağırır: “Sivilizasiyanın bütün problemləri nəticədə ekoloji olacaq, axı onlar – bizim taleyimizdir”.

 

“Kvant döyüşçüsü. Gələcəyin şüuru”, Con Keho 

Fizika dərslərində mənimsənilən enerjinin bir növdən digərinə çevrilməsi haqqında qaydanı cəsarətlə kainatın hər şeyi qavrayan prinsipi hesab etmək olar. “Başımızın üzərindəki ulduzlu səma və daxilimizdəki mənəvi qanun” təkidlə obyektiv qanunauyğunluqların, keçmişimiz, bu günümüz və gələcəyimiz haqqında informasiyanın dərk olunmasını tələb edir.

Biz sizinlə nəhəng kosmik fırtınanın qollarının birinin kənarında sığınacaq tapmış şüurlu varlıqlarıq – xaotik, lakin eyni zamanda dəqiq hesablanmış həm enerji, həm də idrak kvant sıçrayışlarının ixtiyarsız şahidləri. Kollektiv yaddaş tərəfindən qayğı ilə mühafizə edilən kosmik obrazlar baza səviyyəsindən qlobal elmi kəşflərə qədər yüksələn mürəkkəb yolda bizə yardım edirlər. İnsan şüuru və təhtəlşüuru haqqında bestsellerlərin müəllifi (onun “Səadətin praktiki kursu”, “Təhtəlşüur hər şeyə qadirdir!”, “Uşaqlar üçün idrak gücü”, “Pul, uğur və Siz”, “Qüdrət və şöhrətin əldə edilməsi” və s. kitabları oxuculara tanışdır) Con Keho bizi çox ədəblə kvant reallığına qərq edərək, Kainatın qanunlarından istifadə etməyə (məgər onların təyinatı bu deyil?) təhtəlşüurun labirintlərində gəzişməyə dəvət edir. Dünya haqqında əldə edilən məlumatı o, “biliklərin avadanlığı” adlandırır və iddia irəli sürür: yalnız yaşanılan hadisələrə və mənimsənilən dərslərə verdiyimiz təfsir bizi olduğumuz kimi edir.        

“Kvant döyüşçüsü. Gələcəyin şüuru” kitabında Con Keho şüurun səsini dinləyərək düşüncəsiz prosesləri nəzarətdə saxlamağı öyrədir. Yüksək həyəcanın öhdəsindən gələrək  və kosmosla əlaqəmizi təbii qəbul edərək, biz dünya torunun yeni energetik pilləsinə yüksəlirik. Kainat qanunlarının öyrənilməsi insan təkəbbürünü və qürurunu azaldır, lakin əvəzində imkanlar diapazonumuzu qat-qat genişləndirərək, qarşımızda başgicəlləndirici üfüqlər açır.

 

“Homo Deus. Gələcəyin qısa tarixi”, Yuval Noy Harari

 

Cavab verə bilmədiyin suallar adətən sual altına qoyulması mümkün olmayan cavablardan daha yaxşıdır

Bəşəriyyət innovasiya texnologiyalarında nə qədər irəli getsə də, etik xarakterli sualların həlli əngəl olaraq qalmaqdadır. İsrailli futuroloq, Qüdsdəki Yəhudi universitetinin professoru Yuval Noy Harari də bizi, uydurulmuş nemətlər ardınca sonsuz qaçışa aludə olduğumuz halda silkələnməyə məcbur edən problemləri qabardır. Ekzistensial böhran, fəlsəfi resursların tükənməsi alimi həyəcan təbili çalmağa vadar edir: günlərin birində bütün varlığın mərkəzi dərəcəsinə yüksəldilən və ölümsüzlüyə yetişən süni intellekt qərara alacaq ki, bəşəriyyətin Yer planetindəki rolu tükənmişdir və artıq yalnız ali varlıqlar – bioloji texniki hibridlər və ya “homo deus” mövcud olma hüququnu qazanacaqdır... Bütün tarix boyu aclıq, xəstəliklər və təbii fəlakətlərlə qarşılaşan insanlar bütün bəlaların öhdəsindən gələrək həyatda qala bildilər. Lakin şüurlu insan süni intellektə qarşı duruş gətirməyə qadirdirmi? Gələcəyimizin olub-olmaması bu suala cavabdan asılıdır. “Homo Deus. Gələcəyin qısa tarixi” kitabı elə bu müəllifin digər  – “Sapiens. Bəşəriyyətin qısa tarixi” kitabının məntiqi davamıdır. Dünyanın konseptual olaraq yenidən dərk edilməsi asan başa gəlmir, lakin söhbət bəşəriyyətin gələcəyindən gedirsə, bu, zəruridir. Əgər bu gün “ağıllı” alqoritmlər həyatımızı, düşüncələrimizi və vərdişlərimizi nəzarət altında saxlayır və onları analiz edirsə, sabah hər şeyi bizim əvəzimizə həll etməyə niyə başlamasınlar ki?! Xilas olmaq, dünyadakı yerimizi qorumaq üçün, biz insan idrakının dərk edilməsi cəhdində rəqəmli texnologiyaları qabaqlamalıyıq. Xəbərdarlıqlara və bəzi bədbin proqnozlara rəğmən, alim ümumilikdə kifayət qədər nikbindir. Biz məhkum deyilik və universal məlhəmdən – qlobal kooperasiyadan istifadə edərək qalib gələ bilərik.

 

“Sənin kim olmağını bilmənə tabu haqqında kitab”, Alan Uots 

Dərketmə vəziyyətinin ifadəsi mümkünsüzdür, lakin ona yetişmək mümkündür

Biz hamımızın günlərin birində gündəlik vurnuxmadan ayrılaraq ətrafımızda heç olmasa kiçik məkanı boşaltmağa və öz dünyamıza Kainatın təbiəti haqqında gerçək bilgini buraxmağa ehtiyacımız var. Nəzəri olaraq həyatımızı bütün iztirab və sevinclərin, qabarmaların və çəkilmələrin, yüksəlişlərin və enmələrin vahid mənbəyi, bizi transformasiyaya uğradaraq özü mahiyyətcə dəyişməz qalan kimi qəbul edirik. Lakin harmoniya, kainatın Ali şüur tərəfindən nizamlanması hissini həmişə uzun müddət qorumaq olurmu? Bizi parçalayan ziddiyyətlərin həlli üçün biz fundamental hadisələri rasional izah cəhdlərindən imtina edərək mülahizələrində konseptual təfəkkür çərçivələrini xeyli aşan ustadlara müraciət edirik. Yaponiyalı filosof Daysetsu Sudzukinin şagirdi və davamçısı, dzenbuddizmi populyarlaşdıran Alan Uots ilk baxışdan adiləşmiş və hətta təngə gətirmiş suallara kifayət qədər tolerant yanaşma nümayiş etdirir. Ekzistensial vurnuxmaları intellektual nevroz adlandıran filosofların əksinə olaraq, o təəccüblənmək və hisslərini ifadə etmək kimi əhəmiyyətli keyfiyyətlərdən imtina etməyə çağırmır.  “Sənin kim olmağını bilmənə tabu haqqında kitab”ında o, zorla qəbul etdirməyərək, oxucuya varlıq modellərini parlaq, reprezentativ formada təqdim edib. Qədim vedanta fəlsəfəsinin uyğunlaşdırılmış versiyası şəxsiyyət eyniliyin axtarışında yardım edərək kainat haqqında dolaşıq təsəvvürləri strukturlaşdırmağa imkan yaradır. Xilas yalnız “özün olmaq” anlayışının yenidən dərk edilməsindədir.

 

“Zamanın ən qısa tarixi”, Stiven Hokinq və Leonard Mlodinov 

Kainatın başlanğıcı olubmu? Əgər olubsa, bəs ona qədər nə olub? Dünya quruluşu haqqında belə düşüncələr ehtiramlı lərzəyə salmağa qadirdir. Kvant kosmologiyasının banisi Stiven Hokinq onlarla belə sual qoyaraq, onlara əsaslandırılmış cavablar verib. Ömürlük əlil arabasına məhkum olmasına rəğmən, o, kosmik məsafələri bir anın içində qət edərək, bəzən elmin ən keçilməz cəngəlliklərinə baş vuraraq, Kainatın başlanğıcı – Böyük Partlayışdan günümüzə qədər yolu keçərək kainatın ən ucqar dalanlarına ağlasığmaz səyahətlər etməyi bacarırdı...

Çətin dərk edilən riyazi hesablamalar və abstrakt fiziki modellər aləmində o, Kainatın harmonik nəbz vuran damarını tapmağı bacardı və budur nəticə: onun müxtəlif ölkələrdə milyonlarla insanın düşüncəsini fəth etmiş kosmologiya üzrə kitabları dünya bestsellerlərinə çevrildilər. 1988-ci ildə qələmə alınan “Zamanın qısa tarixi”ndə əks olunan əsas ideyaları “daha aydın və aramla” ifadə etmək barədə çoxsaylı xahişlərə cavab olaraq işıq üzü görən “Zamanın ən qısa tarixi” Stiven Hokinqin pərəstişkarları ordusunun sayını artırdı. 17 il sonra alim Leonard Mlodinovla müştərək əsər yazaraq, bu illər ərzində toplanmış məlumatları, çoxsaylı tədqiqatların nəticələrini və kəşfləri strukturlaşdırmağa cəhd göstərdi. O, “ətrafımızda nə baş verir” sualını verir və cavab qismində hədsiz sayda fərziyyə irəli sürür. Neyləmək olar, elm heç də hər zaman yekun cavabları bilmir və o, dəfələrlə səhvləri etiraf edərək, bəzi nəzərlərindən imtina etmək məcburiyyətində qalıb.  Lakin Hokinqin düsturlar və mürəkkəb hesablamalara müraciət etməyərək təbiətin fundamental qanunlarını oxucuya münasib dildə çatdırmaq naminə belə spesifik materialı  inanılmaz dərəcədə (üstəlik ona bir qədər yumor əlavə edərək) çox maraqlı təqdim etmək bacarığı, öz təbiri ilə desək, “Madonnanın seks barədə satdığı kitablardan daha çox fizikaya aid kitab satmağa” imkan yaratdı. O, dünya modelinin tam mükəmməlliyinə aparan kosmoloji tənliklərin ilkin şərtlərini tapmaq və kainatın gələcəyini duymaq üçün illər sərf etdi. Hüdudsuz soyuq uçurumla təkbətək, onun müəmmalı boşluğuna diqqətlə nəzər salaraq, onun sirlərini faş etməyə cəhd göstərərək və heç olmasa zərrə-zərrə onu dərk edərək...

Fiziki zəifliyinə baxmayaraq, çəkisizlikdə olmağı bacaran, tibb işçilərinin ona iki il ömür vəd etmələrinə rəğmən 76 il yaşayan, sadə insani sevinclərdən məhrum olan, lakin şüurun hər şeyə qadir olmasına sonsuz dərəcədə inanan bu qəribə insanın həyatdakı təyinatı belə idi.  

 

Mətn: Nigar Məhərrəmova