Mayın 5-də Müasir İncəsənət Muzeyində Vüqar Muradovun "Bənzəmə" adlı fərdi sərgisinin açılışı olub.
Rəssamın 16 əsərinin hər biri özündə Azərbaycan xalçaçılıq sənətinin hansısa nümunəsini əks etdirir.
V.Muradovun “xalça” silsiləsində bu cür gözlənilməz, bəlkə də, müəllifin özünün dərk etmədiyi təsviri kompozisiyanın həllinin iki konseptual yanaşmasının – şərqi-islam və uzaq şərqi-buddist yanaşmalarının sintezi özünü büruzə verir. Bu maraqlı və məhsuldar sintez hər iki vizual-plastik ənənənin Şərq incəsənətinə aid olduğu halda, tam şəkildə müxtəlif dini-fəlsəfi ənənələrə əsaslanan və yekcins olmayan Şərqin müasir incəsənətinə bundan əvvəl təsəvvürə gətirilməyəcək bir stilistik bütövlük bəxş edir. Ayrı sözlə desək, “iki Şərqin” simvolik görüşü baş tutur. (Teymur Daimi, rəssam, fəlsəfə doktoru).
V.Muradov Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin məzunu, Azərbaycan Rəssamlar İttifaqının, Karikaturaçılar İttifaqının və Azərbaycan Fotoqraflar Birliyinin, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının (The International Federation of Artists UNESCO) üzvüdür.
Sərgi mayın 21-dək davam edəcək.
Foto: Azərtac/Trend