Fotoqrafın şəxsi internet saytında bu şairin, musiqiçinin, yazıçının onlarla portretlərini tapa bilərsiniz. Budur, oğlan kepkasında, əlində isə - axıra qədər çəkilməmiş siqaret. Budur, yazı maşınının arxasında - bəlkə də musiqi bəstələyir və ya şeir yazır. Budur, görməyə alışdığımız halında: qara kostyum, qısa kənarlı şlyapa, qalstuk və əsa – həmişəki centlmen, öz keçmiş dəbi ilə son dərəcə təbii; onun böyük «Hallelujah» mahnısının autentik versiyasındakı alışan sintezatorunun füsunkarlığı qədər keçmiş dəbli... Dominik İsserman - Leonardo Koenin sevimli qadını onu belə görürdü.
Issermanın işləri sizə Bridjit Lakombun cəzbedici fotolarını xatırladacaq. Burada həmin həssaslıq və həyəcan var. Riçard Avedonun tərzinin ayrılmaz hökmranlığı ilə fotolarının vizual plastikasını xatırladacaq. Lakin sadalanan adlar köməkçi müqayisələrdir, fotoqrafı təqlidçilikdə ifşa etmək cəhdi deyil.
İssermanın yaradıcılığında yenə də öz qanunları təsir göstərir: həssaslığın maqnetizmini xüsusi qeyd edərək, xətlərin zərifliyinin vurğulandığı – tündləşdirmə və kölgələndirmə sayəsində yaranan illüziya, həmçinin bir çox digər hiylələr. Burada insan gözəlliyindən həzz alma hökmranlıq edir!
Vaxtilə Leni Rifenştal əfsanəvi "Olimpiya" filmində atletik bədən quruluşunun qarşısında heyranlığını gizlətməyərək, onları çoxlu kamera çəkilişləri ilə tərənnüm etdiyi kimi, eynilə Dominik İsserman da divaları çəkinmədən seyr edir. Bəli, gözəllik bəzən günəşin yay bürküsündə yorduğu kimi yorur. Lakin əgər onu qədərində qəbul etsən... Bir azca dünyəvi olmayan İzabel Adjani, bir qədər ərköyün Katrin Denev, bir çimdik möhtəşəm Anuk Eme və ya çılpaq Letisiya Kasta kimi başqa bir ilahədən...
«First we take Manhattan, then we take Berlin», - Koen artıq ölümsüz mahnısında söz vermişdi. Dəfələrlə nəfis musiqi klipləri və reklamlar kimi kiçik işlərdə rejissor kimi çıxış edən İsserman treklərin vizual interpretasiyasını yaradıb. Lakin bu iki nəfər - fotoqraf və musiqiçi - sadəcə sadalanan bu coğrafi ünvanları əldə etməyiblər. Onlar öz yaradıcılıqları ilə dünyanı fəth ediblər. O cümlədən Manhetten və Berlini.
Dominik İsserman - Simone Sinyore kimi şişkin göz qapaqları olan bu melanxolik sarışın artıq yetmiş yaşını aşıb (növbəti uzun ömürlü fotoqraf nümunəsi olaraq!). Lakin o, professional karyerasının başlanğıcında olduğu kimi, moda nəşrləri üçün foto çəkməyə davam edir. Kumirlərinin həyat anlarını təsbitləyərək, parlaq portret üzrə böyük usta rütbəsini gücləndirir.
Mətn: Nonna Müzəffərova