“SOYUQ "ƏLLƏR, İSTİ ÜRƏK” – 5 İL

Dekabrın 1-də Fəvvarələr meydanında “Nargis Fund”ın rəhbərliyi və “A+A Events”in təşkilati dəstəyi ilə növbəti “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açılıb.

Artıq beşinci ildir keçirilən xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, xeyriyyə işlərinə sərf ediləcək. “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına təkcə paytaxt sakinləri deyil, dünyanın müxtəlif guşələrindən Bakıya gələn qonaqlar da böyük maraq göstərirlər. “Nargis Fund” yarmarkanın sponsorları ilə birgə müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı ailələrə yardım göstərəcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, sponsorlardan ənənəvi suvenirlər, şirniyyat və hədiyyələr gözləyir.

Ümumilikdə, Fəvvarələr meydanında 46 kiçik taxta köşklər qurulub. Buradan hər kəs yaxınları və əzizləri üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyim, şirniyyat və s. əldə edə, kiçik rahat kafelərdə ətirli qəhvə, isti şokolad və ya çay içə, təzə şirniyyatdan və milli yeməklərdən dada bilər. Builki tədbir miqyasına, əyləncəli tədbirlərinə və çoxsaylı sürprizlərinə görə əvvəlkilərdən daha fərqli və yaddaqalan olacaq. Yarmarka ərazisində böyük səhnə və Yeni il yolkası, həmçinin bayramın əsas rəmzlərindən biri sayılan Şaxta babanın evi qurulub. Həftəsonları yarmarkada populyar ifaçıların iştirakı ilə şou-proqram təqdim olunacaq, uşaqlar üçün müxtəlif əyləncələr təşkil ediləcək.

Təntənəli açılış mərasimində aparıcılığı Tural Əsədov və Hüsniyə Məhərrəmova ediblər. “Nargis Fund”ın komandası səhnəyə çıxaraq qonaqları salamlayıb, fondun icraçı direktoru Nigar Nəzərova, eləcə də icraçı direktorun müavini Nərmin Əliyeva yubiley yarmarkası haqqında ətraflı məlumat veriblər. Daha sonra xalq artistləri Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, əməkdar artist Ədalət Şükürov və başqaları öz sevilən mahnılarını səsləndiriblər.

“Nargis Fund” 2012-ci ildə Azərbaycanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis olunub, aktiv fəaliyyətə 2013-cü ildən başlayıb. Məhz həmin il Bakıda xoş ənənəyə çevrilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının əsası qoyulub. Yarandığı gündən fond tərəfindən bir sıra xeyriyyə layihələri reallaşdırılıb, uşaq və qocalar evlərinə, aztəminatlı ailələrə maddi yardım göstərilib, eləcə də müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi və cərrahi əməliyyatları həyata keçirilib.

“Nargis Fund”ın fəaliyyəti barədə ətraflı məlumatı və “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri Nargisfund.com saytından, eləcə də rəsmi sosial şəbəkə resurslarından əldə etmək olar.

Xeyriyyə yarmarkası 2018-ci il yanvarın 15-dək davam edəcək.

Instagram

Facebook