"Əsir". Bernadett Tuza-Ritterin köləlik haqqında filmi

«Qadın – güclü varlıqdır». Tarix bunu dəfələrlə sübut edib. Çıxış yolunun olmadığı düşünülən çətin vəziyyətə düşən qadınların sayı az olmayıb, amma yenə də təmiz bir səhifədən həyata davam etməyə özlərində güc tapıblar. Bernadett Tuza-Ritterin sənədli filminin baş qəhrəmanı on il xidmətçi olaraq işlədikdən sonra alçaldılmağa son qoymağa və qaçmağa qərar verən Edit də bu güclü qadınlardan biridir. Filmin rejissoru əmindir ki, müasir "köləliyin" üzləri çoxdur və bu cür sənədli filmlər onun varlığı barədə dünyaya məlumat vermək üçün yaxşı bir yoldur. Biz Bernadett Tuza-Ritter ilə Bakıda filminin premyerası ərəfəsində görüşdük. 

"Əsir qadın" filminizin premyerası 22 sentyabrda Nizami kino mərkəzində baş tutub. Bu, Bakıya ilk səfərinizdir? Filmi Azərbaycan tamaşaçısına təqdim etməyinizə nə səbəb oldu?

Bakıya dəvət ilə gəlmişəm və buna görə çox şadam. Filmimi bakılılara tanıtmaq üçün gözəl fürsət yarandı. 

Sənədli film çəkməyə Sizi nə təşviq etdi?

Mən film çəkməyə Macarıstanda kino məktəbində tələbə ikən başlamışam. O zamanlar rejissorluq oxuyurdum və mənə bir insanın bir günlük həyatından beş dəqiqəlik qısametrajlı film çəkmək tapşırıldı. Çəkilişdən bir neçə gün sonra baş qəhrəman mənimlə öz hekayəsini paylaşdı, necə ev köləsi kimi saxlandığını danışdı və o zaman qısametrajlı filmin çəkilişi bitdikdən sonra tammetrajlı film çəkmək qərarına gəldim.

 

"Əsir" filmində köləliyə dair çox vacib bir məsələyə toxunulur. Bu məsələnin keçmişin problemləri ilə birlikdə keçib getmədiyini görürük. Necə düşünürsünüz, köləliyin öhdəsindən necə gələ bilərik və onun həyatımızda mövcudluğuna görə kimdir günahkar?

Bilirsiniz, mən sadəcə bir rejissoram, sualınıza necə cavab verəcəyimi bilmirəm, amma yenə də cavab verməyə çalışacam. Hesab edirəm ki, bu problemə barmaqarası baxmaq olmaz, bu hər yerdə, hər ölkədə var. Əgər köləlik halları barədə bildirsək, qurbanlara kömək etmək daha asan olar. Filmimdə Editin kömək istəməyinin nə qədər çətin olduğunu görmüsünüz yəqin. Həqiqət budur ki, köləliklə üzləşən insanların onlara kömək edə biləcək təşkilatlara əlləri çatmır. Əminəm ki, problem bu təşkilatların strukturundadır.

Filmin əsas mesajı nədən ibarətdir?

Birincisi, qurbanları bu vəziyyətdə olduqları üçün günahlandırmamalıyıq, baxmayaraq ki, çoxları bunu edir. İkincisi, sistemin effektli olmadığını göstərmək istədim, çünki yardım almaq çox çətindir. 

 

Editlə necə tanış olmusunuz?

Təsadüfən, bir dostumun vasitəsi ilə. Mən onun haqqında heç nə bilmirdim və gördüyü işin müqabilində ona maaş vermədiklərini də bilmirdim. Çəkiliş zamanı söhbət etdik və o mənə hər şeyi danışdı.

İndi o azaddır. Siz onun hekayəsini dünyaya çatdırdınız və ən əsası ona kömək etdiniz. Bütün görülən işdən sonra özünüzü necə hiss edirdiniz?

Bu barədə düşünmürdüm. Mən sadəcə, hər fürsətdə dünyaya köləliyin müasir dünyada da mövcud olduğunu göstərməyə çalışırdım. Həmçinin bu problemin öhdəsindən gələ bilməyən insanlara kömək etmək üçün təşkilatlarla işləməyə çalışırdım. Məsələn, insanların köləlik hadisəsi barədə hər an məlumat verə biləcəkləri Facebook səhifəsi yaratmışıq. Ötən həftə İsveçrədə köləlikdə olan bir qadın bizimlə əlaqə saxladı və biz ona kömək etdik. 

Gələcəkdə sosial mövzularda sənədli filmlər çəkməyi planlaşdırırsınız??

Bəli, amma film çəkmək üçün əvvəlcə baş qəhrəmanı tapmaq lazımdır, onsuz maraqlı bir film olmayacaq, həm də maliyyələşdirmə lazımdır. İdeyalarım var, məsələn, mən psixologiyaya aşağıdakı mövzunu həsr etmək və aşağıdakı sualı qaldırmaq istərdim: "Hər gün qəhrəman olmaq mümkündürmü?"

 

Hal-hazırda köləlikdə olan insanlara nə məsləhət verərdiniz?

Köləlikdə olmayan insanlara müraciət edərdim. Demək istəyirəm ki, azadlıqdan məhrum olanları azad etmək üçün hər bir imkanımız var. Onlara bizdən başqa kömək edəcək heç kim yoxdur. Mən çox vaxt təşkilatlara qurban kimi düşünməyi izah etməyə çalışıram. Axı, bu problemlə qarşılaşan birinin yanında heç kim olmazsa, o, kömək ala bilməz. Təəccüblüdür ki, hər bir ölkədə eyni şeylə rastlaşıram – insanlar köləliyin hər yerdə mövcud olduğuna inanırlar, bircə onların ölkəsində deyil. Macarıstanda da eyni vəziyyətdir, lakin bu kimi şeylərə diqqət yetirmək lazımdır. Bəs bilirdinizmi, "Qlobal Köləlik İndeksi"nin hesabatına görə Azərbaycanda 43 000 insan müasir "köləlik" şəraitində yaşayır? Bura həm məcburi əmək, həm də məcburi evlilik daxildir. Odur ki, bu problem hər yerdə mövcuddur.

Müsahibə: Arzu Hidayətova