BÖYÜK ÜMİDLƏR

İllər əvvəl o, müasir sənətə dair öz təxəyyülünü "böyük alma"nın həyatına gətirmək üçün nyu-york art-cəmiyyətinə qoşuldu. Bu gün Ağa Useynov – tələb olunan müəllif, yenilikçi ideyaların daşıyıcısıdır, onun heykəlləri və instalyasiyaları məşhur qalereyaları bəzəyir. Biz onunla alçaq divanda oturub çay içərək söhbət etmirik. Boyalarının ətirlərini içimə çəkərək və gipsdən hazırladığı heykəllərə toxunmamağa çalışaraq onun studiyasında gəzmirəm. Hər şey müasir formatda baş verir: suallar elektron poçtla göndərilir, rəsmlər monitorun ekranında, ekranda çıxan messencerin ikonkası... Ancaq bütün bunlar söhbətimizi maraqsız etmir. Bakı və Nyu-York haqqında, amerika ilə bağlı xəyallar və nostalji haqqında, art-bazar və müasir sənətdəki vəziyyət haqqında danışırıq...

Nyu-Yorka yerləşməzdən əvvəl bir çox şəhər və ölkəni görmüsünüz. Niyə yaşayış yeri olaraq məhz NYC-ni seçdiniz?

14 yaşında ikən “Çovdarlıqda uçurumdan qoruyan” romanı məndə dərin təəssürat hissi yaratmışdı. Nüfuzlu bir məktəbdən qovulmuş bədbəxt şagirdin macərasını özünə xas obraz dilində təsvir edərək J.D.Selincer tamamilə dəqiq, ideal olmayan şəhər portretini yaradıb. Daha sonra Vudi Allenin "Annie Hall" filmini izlədim. Və ümumilikdə gördüyüm Nyu-Yorkun atmosferi bu iki fərqli ustad tərəfindən təsvir edildiyi ilə eyni idi. Buna Moskvada Surikov İnstitutunun birinci kursunu bitirdiyim üçün valideynlərimin mənə hədiyyə etdikləri inanılmaz gözəl fotoqraf Sol Leyterin albomunu (Leyterin ən sevdiyim süjeti qarlı və yağışlı şəhərin çəkilişləridir), həmçinin atamın VGİK-in sənət fakültəsində oxuduğu dövrdən qalmış, akvarel boya ilə çəkilmiş amerikan yazıçının hekayəsi üzrə kurs işinin kadrlamasını da əlavə etmək olar. Atamın emalatxanasında rəfdəki Nyu-York təsviri ilə 1968-ci ilin füsünkar New Yorker jurnalını xatırlayıram. Digər çox vacib bir məqam, gözəl memarlıq tarixçisi anamın mənə bəhs etdiyi Quqqenhaym muzeyinin inşası barədə hekayəsi oldu. Təsəvvürümdə bu bilik "mozaikasından" yığılmış Nyu-York sovet təbliğatının yaratdığı qaranlıq obrazdan çox fərqlənirdi... Və belə alındı ki, 1991-ci ildə məni Nyu-Yorka sərgi keçirməyə dəvət etdilər. Şəhər mürəkkəb, lakin işıqlı və enerji dolu, gözəl ciddi arxitekturası, gözəl muzeyləri, parkları və şəhər bağçaları olan bir yer idi. Onun sakinləri şiddətli rəqabət şəraitində yaşayırlar, lakin əla yumor hissləri var.

Böyük ümidlər şəhərində sizin üçün çətin idi? Hər şeyi atıb bildiyiniz və adət etdiyiniz vətənə qayıtmaq istəyi yaranmırdı?

Əlbəttə ki, valideynlərim, atamın Rəssamlar evindəki emalatxanası, dənizimiz, uşaqlığımın keçdiyi Qubernator bağı, vaxtımın çoxunu keçirdiyim Latviyadakı "Dzintari" Yaradıcılıq evi, Surikov İnstitutu və Moskvadakı Puşkin Muzeyi üçün çox darıxıram... Bu Skype və digər mövcud kommunikasiya möcüzələrindən əvvəlki dövr idi. Bakıya zəng etmək üçün bir neçə saat vaxt sərf edirdim. Ancaq mənim mühit dəyişmə təcrübəm artıq var idi, çünki 18 yaşında Moskvaya oxumağa getmişdim. Və indi yenə tamamilə başqa dünyaya, çox uzaq ölkəyə köçmüşəm... İndi xatırlayıram ki, heç darıxmağa vaxtım olmayıb: işləmək, dili inkişaf etdirmək (kitab oxumaq, radioya qulaq asmaq), birtəhər sərgilər keçirmək – bunun üçün isə sərgiləri gəzmək, ünsiyyət qurmaq və s. lazım idi. Mən nəhəng uçurtmalar düzəldən yapon ustanın dizayn studiyasında işləyirdim, teatrda dekorasiyalar hazırlayırdım, ICP mərkəzində oxuyurdum, çox gözəl isveç rəssamının köməkçisi idim. Dörd il yarımdan sonra, necə deyirlər eynşteyn vizası aldıqdan və yenidən sərhədləri keçmək bacarığını əldə etdikdən sonra Bakıya, valideynlərimin ağuşuna gəldim. Və səhəri gün, köhnə əziz günlərdə olduğu kimi, pəncərəmizdən dənizə baxan mənzərədən zövq alaraq çudu ilə şirin çay içirdim və elə bil hər şey əvvəlki kimi idi.

Həmyerlimizin moda dünyasında Hermes kimi nəhəng brendlə əməkdaşlıq etməsindən qürur duyuruq. Bu əməkdaşlıq sizə nə verdi və Hermes ilə işlədiyiniz müddətdə neçə proyekt həyata keçirmisiniz?

Mənim Hermes ilə əməkdaşlığım iki istiqamətə bölünür: 1950-ci illərdən bəri mövcud Artists in the Windows proqramına və dizayn layihələrinə. 2004-cü ildən bəri Medison avenyuda və Şərqi 62-ci küçədə yerləşən Hermes'in (flagship store/US) əsas binasında altı layihə həyata keçirmişəm. Bunların arasında Inventions (2006 – 07), Alternative Methods of Flying (2009 – 10), The Naturalist, 2016 (iki versiyada) yer alır. Dizayn layihələri – Winter Tale və Trees and Birds idi. Bundan əlavə, Mayami və Çikaqoda, Wall Street-də Hermes'in binasında layihələr var idi. Müxtəlif dövrlərdə hazırladığım bir sıra işlərdən ABŞ-ın və İtaliyanın digər şəhərlərindəki instalyasiyalar istifadə edilmişdir. Bu layihələrdən bəziləri fotoqraf və foto-kollaj ustası olan həyat yoldaşım İrina ilə birlikdə hazırlanıb. 2016-cı ildə Kaliforniyanın Beverli Hillz bölgəsində The Naturalist instalyasiyasının versiyasından birini topladım. Rodeo Drive-da yeni təmir edilmiş binanın əla pəncərələri var və eyni məkanın birinci mərtəbəsində bədii instalyasiyalar üçün bir platforma yaradılıb. Elə həmin il Art, Poetry and the Pathos of Communication məcmuəsində çap olunmuş eyni adlı oçerkim əsasında üçölçülü "Pigeon Post" instalyasiyasını sərgilədim. Hermes layihələri instalyasiya sənətinə olan həvəsimi həyata keçirməyə imkan verir: heykəltəraşlıq, kollaj, fotoqrafiya və kino, utopik memarlıq və elmi-texnoloji ixtiralara olan marağımı birləşdirərək öz məkanımı yaratmağa və oranı artefaktlarla doldurmağa çalışıram.

XXI əsrin sənətini iki kəlmə ilə necə təsvir edərdiniz?

Onu "yaxşı idarə olunan xaos" adlandırardım. Allaha şükür ki, idarə olunan: bugünkü birmənalı olmayan və qəribə dünyada baş verən hadisələrə təsir etmək həmişə mümkün olmur! Ancaq tarixdə dəfələrlə olduğu kimi buna cəhd etmək və "bərpa" etməyə, növbəti maarifləndirmə dövrünə qayıtmağa hazırlaşmaq olar. Sənət dünyasının şüursuz bir şəkildə ikinci dərəcəli əyləncə sənayesi kimi davranması kədərlidir. Təsviri sənətin kommersiya uğuru fenomeni çox yaxşı rəssamların və kuratorların yaranmasında və inkişafında böyük rol oynamışdır, lakin eyni zamanda da rəssamlar və art-funksionerlər mühitinə çox sayda orta səviyyəli və bacarıqsız insanları cəlb etdi. Məşhur Post Truth termini müasir sənət dünyasında çox aktualdır.

Rəssamın öz yerini tapması və keçmişin sitatlarının sonsuz təkrarlanmasını xatırladan bugünkü sənətə özündən bir şey gətirməsi çətindirmi?

Bəlkə də, çətindir, lakin vacibdir. Bugünkü şüur üçün olduqca müasir görünən keçmiş sənətə isə təkrar-təkrar qayıtmaq olar. O bizim yaddaşımızda indiki təsəvvürümüzü formalaşdıran müxtəlif alətlərin toplandığı qoruqdur. Bu məlumat axınını filtrdən keçirə bilən və təbii olaraq istedad sahibi olan müasir rəssamın şübhəsiz ki, öz unikal yolunu tapmaq şansı var. Əks təqdirdə, həqiqətən keçmişdən, həm də son 20-25 ilin sitatlarının təkrarlanması baş verir. Ancaq nəzərə almaq lazımdır ki, günümüzdə sənətə ümumi maraq olduqca yüksəkdir və izləyicilər də internetdə məlumatların mövcudluğu sayəsində daha savadlı olublar. Başqa rəssamlardan götürülən bir şeyi tanımaq daha asandır.

Müasir sənətin ticarətə həddən artıq bağlı olduğunu düşünmürsünüzmü? Bu cür ticariləşdirmə əsas missiyasının yerinə yetirilməsinə mane olurmu?

Dünyada ildə 280-ə yaxın, həftədə orta hesabla beş art-yarmarka keçirilir! Anladığımız kimi, onların arasında həqiqətən peşəkar olanlar çox azdır. Yeni sənət dünyasında baş çıxarmaq üçün qalereya hər il dörd-altı sərgi keçirməlidir. Bu, dilerlərin diqqətini sənətdən və real bazardan yayındıran çox böyük bir işdir. Bir çox yaxşı qalereya bu işin öhdəsindən artıq gələ bilmir, amma hələ ki alternativ yol yoxdur. Müvəffəqiyyətlə pis zövqə uyğun işləyən art-dilerlər ortaya çıxıb və onlar orta səviyyəli sənətə tələbat kimi sadə bir səbəbə görə uğurlu olurlar. Bu mənim şəxsi fikrim deyil, sənət dünyasının mütəxəssislərinin fikridir. Bu, tarixdə artıq olub, lakin, bir qayda olaraq, insan zehni müəyyən bir müddətdən sonra vəziyyəti düzəldir. 

Müasir incəsənət hazırlıqsız olanları heyrətləndirə, hətta şok edə bilər. Ən gözlənilməz hərəkətlər birdən performansa çevrilir, təhrikedici bəyanatı isə rəssam öz manifesti elan edir. Sənət ilk növbədə müəyyən bir estetik mesaj verməlidirmi? Yoxsa Siz tamamilə istənilən forma ala biləcək ifadə azadlığının tərəfdarısınız?

Tamamilə ifadə azadlığının tərəfdarıyam. Məhz bu şəraitdə yeni əlamətdar sənət və rəssamların meydana çıxması mümkün olur: təvazökar, sakit, pastoral Morandidən və möcüzəvi-rəngkar və boyakar Anri Matissdən tutmuş Marsel Düşan, Pikasso, Tenqli, Mauritsio Kattelan, Metyu Barni və başqaları kimi inqilabçı rəssamlara qədər. Axı, Morandi və Alberto Cakomettinin etdikləri onların əksər müasirləri üçün gerilik kimi görünürdü. Əgər Jan Jene Cakomettinin studiyası haqqında kəskin esse yazmasaydı, sonrakı nəsillərin onun yaratdığı möcüzəni qiymətləndirib-qiymətləndirməyəcəyi məlum deyildi! Pikasso özünün Les Demoiselles d’Avignon (1907) adlı erkən, kubistik rəsm əsərindən utanırdı. Əsər onun sənətinin bir çox pərəstişkarları arasında və onun özü tərəfindən sevilmirdi, onu yarımçıq hesab edirdi. Rəsm uzun illər studiyanın bir kənarında qalmışdı, ta ki fransız diler D. Kanveylerin məsləhəti ilə amerikan kolleksionçu tərəfindən satın alınana qədər. Daha sonra isə, 1937-ci ildə əsər MoMA tərəfindən o dövrdə böyük bir məbləğə alındı və bu gün orada bir nömrəli eksponatdır. Tam ifadə azadlığı yalnız yüksək mədəniyyət olduqda məna verir. Mədəniyyət olmadıqda, nə sakit, nə radikal sənət, nə də onların arasında olan şey işləmir və aktivləşmir. Mədəniyyətin olması hansısa məhdudiyyətlər demək deyil, lakin təhsilin, maraq dairəsinin olduğunu, ətraf dünyanı əks etməsini və ən başlıcası – yaxşını pisdən ayırmaq bacarığını göstərir.

Həyatınızda yaradıcılığınıza və məsləyinizə kəskin təsir göstərən insanlarla taleyüklü görüşlər olubmu?

Bəli, bunlar olduqca ağıllı və istedadlı insanlar İlya və Emilia Kabakovlardır, onlardan çox şey öyrənmişəm və illərlə davam edən dostluqlarına görə onlara çox minnətdaram. ABŞ-a köçməyimin birinci ilində yanında köməkçi işlədiyim və sayəsində sənət dünyasına daxil olduğum Not Vitalın adını çəkə bilərəm, 90-cı illərin əvvəllərində kip tıxanmış və betonla doldurulmuş bir qapıya girmək kimi idi! Müəllimlərim: Bakı rəssamlıq məktəbində heykəltəraş Məmməd Salahov, Surikovski universitetində ən sevdiyim pedaqoq, sənətşünas Yevgeniya Vladimirovna Zavadskaya, gözəl fotoqraf Kamal Babayev. İsveç yazıçısı Yoran Tunstrom. Heykəltəraş M.Marininin həyat yoldaşı Marina Marini, onunla 2001-ci ildə keçmiş Müqəddəs Antoniya abbatlığında, Toskaniyanın Pistoya şəhərində yoldaşının xatirəsinə yaratdığı fondda tanış olmuşam. Sinyora Marina mənə muzeyin müqəddəs yerini - Gipsotekanı, o dövrdə ziyarətçilər üçün bağlı, gips eskizlərlə və ustanın digər həyata keçirilməmiş layihələri ilə dolu olan bir neçə otağı göstərdi. Bu, İtaliyada bir layihə üzərində işlədiyim müddətdə baş verdi, burada alınan məlumatların həcmi və ilham sayəsində daha bir institutu bitirdiyimi düşünürəm. Gözəl rəssam Lene Kronkvistə, Yasuo İharaya, Ron Qorçova dostluq və sənət haqqında uzun söhbətlərinə görə minnətdaram... Hamısını sadalaya bilmərəm, amma təbii ki, maraqlı insanlarla tanış olmaq nəsib olub.

Əgər dünyanın hər hansı bir sənət əsəri sizin üçün əlçatan olsaydı, bu nə olardı?

Belə bir nəzəri imkan varsa, mağazada hər hansı bir oyuncaq seçmək təklif olunan uşaqlar kimi iki şey istərdim. Birinci Dünya müharibəsi dövründə De Kirikonun hərbi xidmət illərində İtaliyanın Ferrara şəhərində çəkdiyi əsərini istərdim. Sənətşünas Paolo Baldaçi (Paolo Baldacci) De Kirikonun "Saatın sirri" (The Enigma of the Hour) əsərini tarixdə ilk konseptual əsər adlandırıb. Bir də Federiko Fellininin dəftərində "Ana uşaqları" (1953) filmindən dəniz sahilində gəzən əsas personajlar təsvir olunmuş cızmaqara olardı. Bu cızmaqarada bir qrup dostlar, gənc insanlar yoldaşlarını əyalət şəhərindən Romaya, yeni həyata yola salırlar. Bu filmi və xüsusilə bu səhnəni çox sevirəm, bu mənə Moskvaya, Surikovskiyə təhsil almağa getməzdən əvvəl dostlarımla vidalaşmağımı xatırladır: biz də sahil boyunca nəmli, yağışlı bir gündə tamamilə boş Bakı bulvarı boyunca, duman içində gəmilərin uğultusu altında gəzişirdik. Yalnız biz və böyük bir qağayı sürüsü... Hər iki iş də İtaliyada "hazırlanmışdır" və bu, altı illik işimlə məşğul olduğum başqa bir məktəblə bağlı əvvəlki cavablarda izah olunur.

Hazırda hansı layihələr üzərində işləyirsiniz?

Bir neçəsinin adını çəkə bilərəm: müvəqqəti Celestography adı altında konstruksiya fotoqrafiyası texnikası ilə hazırlanmış bir sıra əsər və təsvirlər, üç ölçülü əşyalar və video daxil olan Magnificent Mediterranean Tour layihəsi; bundan əlavə, 2010-cu ildə Stereoscope and Stereotypes optik texnologiya ilə başladılan layihəni davam etdirirəm və Birinci Dünya Müharibəsi aviatorlarına həsr olunmuş foto və heykəltəraşlıq kompozisiyası üzərində işləyirəm. Həmçinin may ayında  Light Year/DUMBO (Manhattan Bridge Video Projections) layihəsində nümayiş etdirmək üçün 2016-cı il Ice Cold War yeni video versiyasını hazırlayıram.

Bakıda sonuncu dəfə nə vaxt olmusunuz? Uşaqlığınızın keçdiyi şəhərdə baş verən hansı dəyişikliklər sizi xüsusilə təəccübləndirdi?

Altı ildir ki, Bakıda olmamışam. Hər hansı bir sürətlə inkişaf edən şəhərdə qarşısını almaq mümkün olmayan bütün dəyişikliklərə baxmayaraq, Bakıda fərqli mədəniyyətlərin qovşağında olan, lakin özünəməxsus idendikliyi ilə avropa şəhərinin ruhu qalıb. Mənim üçün hər zaman şəhərin ən sevimli yeri olan, yenidən inşa olunmuş, uzun bulvarı sevirəm. Bizim neft buxtası da bu illər ərzində gözəlləşib! Mən Bakının köhnə nəcabətli gəmi sahibləri olan Useynovlar nəslindənəm. Mənim əcdadlarımın gəmiləri Baltik dənizindəki Stokholmdakı gəmiqayırma yerlərində inşa edilirdi və kanallar və şimal göllər sistemi ilə Volqa boyunca Xəzərə sürülürdü. Buna görə də dənizimiz məni valeh edir və üzərində dayanan şəhər hələ də Yer üzündəki ən sevimdiyim yerdir.

 

Müsahibə: Nigar Məhərrəmova

Foto: mətbual materialları

Müsahibə altmış dördüncü buraxılışda dərc olunmuşdur.