Ötən əsrin 30-cu illərində İngiltərə belə bir cəsur addıma hazır deyildi. Hər ikisi evli olan Lourens və gözəl Vivyen arasında fırtınalı roman uzun müddət müzakirə edilmişdi: detallar şişirdilirdi, kimsə haq verirdi, kimsə qınayırdı. O zaman Vivyen çox səmimi bir müsahibə verməyə qərar verir və bundan sonra gərginlik birdən-birə sakitləşir. Onlar xoşbəxt idilər.
Hər gün səhnədə və kadrda bir-birlərininin qolları arasında idilər. “İngiltərə üzərində atəş”, "Ledi Hamilton" – onlar teatrda ən yaxşı ikili olmuşdu və artıq pərdə və kadr arxasında bir-birlərindən ayrı qala bilmirdilər. Lourens publika kralı idi, Vivyen isə "Küləklə sovrulanlar" filmində Skarlett və "Arzuların tramvayı" filmində Blanş Dübua rollarına görə "Oskar" qazanaraq milli qürura çevrilmişdi.
Vivyenin gələcəyi görmək kimi bir bacarığı var idi. Heç kimin tanımadığı bir aktrisa möhtəşəm Lourens Olivyeni görən kimi, bəyan edir, "O, mənim ərim olacaq!" O zaman bu, absurd görünürdü. Dedi və elədi. O, Lourensin kulisinə gəlir və cazibəsinin bütün sehrindən istifadə edərək məşhur aktyoru tamaşasına dəvət edir. Başdan çıxaran sözləri ilə ovsunlayıb, yanağına bir öpücük qondurur – daha sonra Lourens bu haqda öz memuarlarında xatırlayacaq.
Ər, arvad və uşaqlar – ehtiraslı sevgilərinə qarşı olduqca ciddi bir yük idi. Hər ikisinin həyat yoldaşının boşanmaqdan qəti şəkildə imtina etməsi, daim vəzifə və hisslər arasında parçalanmaq... Sonunda heç nəyə baxmayaraq bir evə daşınırlar, Vivyenin qızı Süzanna isə atası ilə qalır. Lakin qalmaqallar əbəs yerə deyildi. İlk təhlükə siqnalları – Vivyenin sinir krizləri başlayır.
Sonra Lourens Amerikanı fəth etməyə yollanır. Vivyen isə onun ardınca gedir, "Küləklə sovrulanlar" filminin kastinqinə düşür və deyir: "Larri Rett Batleri oynamayacaq, amma mən Skarlett rolunu oynayacağam!" – və bu da düz çıxır.
Çəkilişlər asan keçmir. Əsəbi olan Vivyen üçün sevgilisindən ayrı qalmaq ona iztirab verir. Amma buna dəyərdi: artıq 1939-cu ildə filmin klassikaya çevriləcəyi bəlli idi. Vivyen ən yaxşı aktrisa olaraq "Oskar" mükafatına layiq görülür.
1940-cı ilin avqust ayında Olivye və Vivyen Kaliforniyanın Santa-Barbara şəhərində evlənirlər. Nikahlarında cəmi iki qonaq iştirak edir – Ketrin Hepbern və Qarson Kanin. Vivyen partnyorunun Lourens olmadığı filmlərdə çəkilməkdən imtina edir.
İşlər hər zaman yaxşı getmirdi. Mübahisələr yaşanırdı, Şimali Afrika turnesindən sonra isə Vivyen vərəm xəstəliyinə tutulur. "Sezar və Kleopatra" (1945) filmində misir kraliçası rolunu oynamağa gücü çatsa da film uğursuz olur. Üstəlik hamilə olan Vivyen uşağını itirir.
Onun ruhi vəziyyəti getdikcə daha da ağırlaşırdı: əsəb krizləri, ürəkgetmələri və başqa bir məyus edici diaqnoz – maniakal psixoz.
Ən son getdikcə ağlını itirən Blanş Dübua rolu onun psixi sağlamlığını daha da pozur. Sonra "Tramvay"ın film versiyası çəkilir. Film aktrisaya "Oskar" və "BAFTA" mükafatlarını qazandırır. Lakin bu artıq vəziyyəti qurtarmır. Daha bir əsəb krizinə tab gətirə bilməyən Lourens 17 illik evlilikdən sonra onu tərk edir. O, yenidən evlənir və yaşlanana qədər sağ-salamat yaşayır. Vivyen isə boşandıqdan sonra yeddi il sinir krizləri və vərəm xəstəliyi ilə mübarizə edir. XX əsrin ən gözəl aktrisalarından biri, milyonların xəyalı, 53 yaşında vəfat edir.
Mətn: Təhminə Əfəndiyeva