Juste un Сlou, Cartier: proqrama vurulan mismar

Juste un clou Cartier qolbağı yarım əsr boyunca bütün dünyanın dəbli xanımlarının arzu obyektinə çevriləcək bəzək əşyasının yaradılmasına sadə mismarın ilham verə biləcəyinin əyani nümunəsidir.

1

Əyilmiş mismar formalı qolbaq 1847-ci ildə əsası qoyulan zinət əşyaları evi üçün cəsarətli bir addım deyilmi? 

Lakin Juste un clou qolbağı sadə həyat romantikasının, stereotiplərdən uzaq azadlığın üstün tutulduğu, dəbin ilk dəfə küçədən podiuma keçərək gənclik əhval-ruhiyyəsinin sədasına çevrildiyi 70-ci hippi illərində yaradılıb.

2

Cartier evinin zərgəri Aldo Çipullo bu inqilabi dəyişiklikləri incəliklə hiss edirdi. 70-ci illərin dəbinin əsl "mismarına" çevrilən məşhur qolbağı yaradan Çipullo orada sadəcə öz dövrünü təcəssüm etdirmədi, eləcə də indiyədək öz aktuallığını itirməyən və bütün dövrlər üçün mükəmməl bir konsept yaratdı. Gündəlik bir predmetin avanqard zərgərlik interpretasiyası olan Juste un clou qolbağı ən sadə əşyalardakı dəyəri görmək üçün dünyaya başqa yöndən baxmağa vadar edir. 

Təzəlikcə bu klassik Cartier zinət əşyaları sırasına müxtəlif ölçülü, brilyantlarla bəzədilmiş sarı, ağ və çəhrayı qızıldan hazırlanmış növləri də qoşuldu.. Bunlar hamısı bu kult qolbağı daha da cəzbedici və arzuolunan edir.

3

Juste un clou qızıl boyunbağısı sahibəsinin boynuna zərifliklə dolanaraq xüsusi effekt yaradır: kolleksiyanın xarakterinə tam uyğun yaradılmış bəzək əşyası üsyankar ruhu parlaq şəkildə ifadə edir. 

4

Boyuna dolanan  boyunbağı mövcud Juste un clou kolleksiyasını mükəmməliklə tamamlayır. Bəzək əşyası bir neçə variantda hazırlanıb: bütün və ya bir hissəsinə düzülmüş brilyantlarla sarı, ağ və çəhrayı qızıldan. Bundan əlavə, kolleksiyaya böyük ölçülü qolbaqlar da daxildir.

5

Zərif bəzək əşyaları sadəlik çərçivəsindən kənara çıxan əzəmətli formalardan istifadə etməklə dəyərli məzmun yaradır.

İnstagram

Facebook