Boşanma ilə üzləşməyən insanlara onu obyektiv mühakimə etmək, keçmiş ər-arvadın boşanmağa ehtiyacı və uşaqlara təsiri haqqında fikir bildirmək çətindir. Boşanmadan sonra kişi və qadının bir birinə hissləri və davranışları barədə stereotiplər yaranmışdır. Anlamaq lazımdır ki, boşanmada iki tərəf vacibdir: keçmiş ər-arvadın bir-birinə münasibətləri nə dərəcədə dəyişəcək və gələcəkdə uşaqları ilə münasibətləri necə olacaq.
“Qəzəbli polis” və “Mülayim polis”
Gelmut Fiqdorun “Boşanmanın bəlaları və onların aradan qaldırılması yolları” kitabına əsaslanaraq mən bu yazıda bu münasibətlərin mahiyyətini açmağa çalışacam. Valideynlərin boşanması zamanı və boşanmadan sonrakı dövrdə uşaq hansı hissləri keçirir? Boşanmanın onun üçün nə kimi nəticələri ola bilər? Ünsiyyəti məhdudlaşdırılan valideyinlərdən biri ilə onun münasibəti necə qurulacaq? Bunun öhdəsindən gəlmək üçün hansı imkanlar mövcuddur? Bütün bu suallar ailə problemləri ilə məşğul olan psixoloqun daim qarşısına çıxır.
İlk öncə onu deyək ki, üç yaşadək uşaq ikili münasibətə ehtiyac duyur: onun və ona bilavasitə qulluq edən valideynin arasında olan münasibətə (əlbəttə, adətən bu ana olur). Lakin, 3 yaşdan sonra münasibətlərdə 3-cü şəxsin rolu artmağa başlayır, ona görə də uşaq artıq üçlü münasibətə ehtiyac duyur. İndi ona ən azı iki sevgi obyekti lazımdır: misal üçün ana danlayır, ata isə dəstəkləyir və ya əksinə, ata məhdudlaşdırır, ana həvəsləndirir. Bu fenomen “atanın trianqulyasiya funksiyası” adlanır və “qəzəbli polis və mülayim polis” kimi də adlanan məşhur frustrasiya və rəğbətləndirmə sxemində yer alır.
“Qəzəbli” (sərt) və mülayim ana-atanın arasında harmoniyalı tərəddüd imkanı uşaqda yalnız ər-arvad arasında sevgi münasibətləri olduqda olur. Lakin əgər valideynlər bir-birinə nifrət bəsləyirsə, o zaman “ata-ana arasında yerdəyişmələr” uşaq üçün rahatlıq yox, bir növ “düşərgə dəyişikliyi” mənasını daşıyır. Beləcə o “boşanma uşaqlarına” xas olan loyallıq münaqişəsinə düşür.
İdentifikasiyanın qismən itirilməsi
Uşaqlar valideynlərinin boşanmalarından kədərlənirlər və buna əhəmiyyət verməmək olmaz. Boşanma və yaxud valideynlərdən birinin getməsi onlarda bir sıra qorxu, hiss və fikirlərin yaranmasına səbəb olur. Misal üçün, atanı (və ya ananı) bir daha görə bilməmək qorxusu. Və ya valideynlər – “Biz artıq bir birimizi sevmirik və buna görə də tez-tez dalaşırıq” kimi boşanmalarının səbəbini açıqladıqlarında sevginin bitməsi qorxusu. Nəticədə uşaq sevginin əbədiliyinə inamını itirir: əgər ata və ana bir birini sevməkdən əl çəkirsə onda uşaq qəlbinin dərinliyində bir gün tərk ediləcəyindən qorxur. Ona görə də valideynlərin biri ilə məcburi ayrılığı uşaqda təkcə məyusluq, kədər və qorxular yaratmır, bununla yanaşı bir növ özünü qismən itirməsinə gətirir, axı valideynlərinin arasındakı sevgi münasibətləri uşağın şəxsiyyətinin bir hissəsi və ruhi qüvvəsinə çevrilir.
Günahsız günahkarlar
Uşaq nə qədər kiçikdirsə, bir o qədər də özünü günahkar hiss edir. Uşaq öz təbiətinə görə eqosentrikdir: o özünü kainatın mərkəzi hiss edir və bu dünyada nəinsə ona aidiyyəti olmadığını təsəvvür edə bilmir. Onun sirli düşüncələri həyatındakı hər şeyi “mənim üçün” və “mənə görə” prizmasından görür. Çox vaxt valideyn münaqişələri uşaqların tərbiyəsi zəminində yaranır. Valideynlərinin ona görə mübahisə etdiklərini gördükdə, uşaq təbii ki, özünü onların aralarının dəyməsi və boşanması səbəbi kimi saymaya bilməz. Məhz bu zəhərli günah hissi ilə adətən uşaqlarda valideyinləri narahat edən qeyri-adekvat aqressivlik yaranır.
Hər halda, bütün bu psixoloji gərginliklərin öhdəsindən gəlməyi tam mümkün olmayan bir şey hesab etmək olmaz. Boşanma - krizisdir və o, müxtəlif affekt və hisslər doğurur. Sağlam, psixoloji cəhətdən normal uşaq bu krizisə mütləq (!) reaksiya verməlidir. Bu böyük hadisəyə yalnız valideynini sevməyən, ata-anasının münasibətləri daha çox zorakılıq, nəinki sevgi xarakteri daşıyan uşaqlar reaksiya verməyə bilərlər. O halda, təbii ki, o münasibətlərin kəsilməsi, onlardan azad olması uşaq üçün ağrıdan çox rahatlıq gətirir.
Psixoloji reqress
Uşaqlarda qoxru özünü müxtəlif əlamətlərdə biruzə verə bilər. Hər şeydən əvvəl, uşaqla yaşayan valideyn onun yaşadığı həyəcanın nəticəsində yaranan qorxularına qarşı diqqətli və səbrli olmalıdır. Əgər uyğunlaşma alınsa və qorxular dəf edilsə, onda onların psixologiyasındakı narahatlıqlar öz-özünə aradan qalxacaq! Uşaqların valideynlərinə boşanma nəticəsində itmiş inamlarını bərpa edə bilmələri üçün psixoloji reqress imkanı lazımdır. Reqressin əlamətləri - güclü asılılıq, anaya nəzarət etmək istəyi, ağlamağa meyilli, kapriz və s. Bunların öhdəsindən gəlmək üçün valideynlər uşaqlarından gözləntilərini və tələblərini kəskin azaltmalıdırlar. Təbii ki, bu o demək deyil ki, hər şeyi öz axarına buraxmaq lazımdır. Sadəcə adi “yox” sözü indi daha az tənbehlə səslənməlidir. Ana öz əsəbini yumşaltmağa çalışmalı və uşaqla küsdükdən sonra barışmanı asanlaşdırmalıdır. Eyni şey haqqında çoxlu, hər gün saatlarla danışmaq və min dəfə “Niyə siz daha bir yerdə deyilsiniz?”, “Mənə bunu bir daha izah et!” və sair kimi sualları cavablandırmalıdır. Səbrlə və sevgi ilə yenə və yenə uşaqları inandırmaq lazımdır ki, onlar hələ də sevilirlər və həmişə də seviləcəklər, onlar yenə də atalarını görə biləcəklər (əgər həqiqətən bu belədirsə), onlar əsla boşanmada günahkar deyillər və s.
Beləliklə, hər bir psixoloji cəhətdən sağlam və normal uşaq boşanmaya müəyyən dərəcədə reaksiyasını göstərməlidir və onun xarici sakitliyi aldadıcı ola bilər!
mətn SABİNA ABDULLAYEVA/Foto press-materiallar