2015-ci̇ i̇ldə, Gucci brendi̇ni̇n yeni̇ kreati̇v di̇rektoru Alessandro Mi̇kele “British Fashion Awards” mükafatini qazandiqda və Gucci məhsullari çox yaxşi satildiği üçün qara cümədə qi̇ymətlərdə endi̇ri̇m etməkdən i̇mti̇na etdi̇kləri̇ndə gözəl kollaborasi̇ya təqdi̇m olundu: rəsm çəkməyi̇ özü öyrənmi̇ş unskilled worker təxəllüslü instagram rəssami Mi̇keleni̇n o qədər xoşuna gəldi̇ ki̇, onu şanxayda keçi̇ri̇lən “Longer / No yet” art-sərgi̇də i̇şti̇rak etməyə dəvət etdi̇, i̇ndi̇ i̇sə, i̇ki̇ i̇l keçdi̇kdən sonra unskilled worker’i̇n rəsmləri̇ni̇ artiq geyi̇nmək də olar!
Balaca Helen rəssam olmağı arzulayırdı, amma yeniyetmə yaşlarında səssiz-səmirsiz bu barədə unutdu. O böyüdü, oxudu, işlədi, dörd uşaq böyütdü, xərçəng xəstəliyi ilə mübarizə apardı, bu xəstəliyinin nəticələrinin öhdəsindən gəldi və 48 yaşında anladı ki, rəsm çəkmək istəyir. Bu gün onun rəsmlərindən mandalaya bənzər oval gözlər baxır: boyanmış göz qapaqlarının çərçivələdiyi parlaq muncuqlar. Helen Dauni nə vaxtsa tanıdığı insanları və uydurulmuş personajları təsvir edir. Onlara rəngarəng çiçək naxışlı geyimlər geyindirir, cürbəcür detallarla bəzəyir və onları Unskilled Worker təxəllüsü ilə Instagramda paylaşır. Helen mikrobloqunu 2013-cü ildə yaradıb, bir ildən sonra isə Nik Nayt rəssamı möhtəşəm Savage Beauty şousu ilə paralel keçirilən sərgi üçün Aleksandr McQueen'in əsas layihələrinin illüstrasiyasını yaratmağa dəvət edir. Ardınca Gucci brendinin əməkdaşları Helenin "Oh to be a Boy" adlı rəsmini Mikeleyə hədiyyə edirlər, o isə moda kimi vizual olan Instagramın böyük həvəskarı imiş. Flora motivləri, nağıl personajları... Bir sözlə, Unskilled Worker’in sadəlövh tərzi Mikeleni o qədər cəlb edir ki, məsələni uzatmır. Onların birgə yaradıcılığının bəhrəsini biz bu payızda məmnuniyyətlə izlədik: Unskilled Worker’in illüstrasiyaları ilə Gucci ready-to-wear kapsul kolleksiyasının 40 məhsulu brendin saytında 11 oktyabrdan etibarən satışdadır. Bu gün Helen Dauni bizim qonağımızdır və Instagramın ona populyarlıq qazanmasına necə kömək etdiyi barədə danışacaq...
Bədii təsvir təhsiliniz olmadan rəsm çəkməyə necə başladınız?
Mən yaxşı alınanadək rəsm çəkməyə davam edirdim. İtaliyadaydım və partnyorum işləyərkən özümə məşğuliyyət axtarırdım. Hər şey təsadüfən baş verdi: ani coşquya tabe olaraq bir neçə lələk və tuşdan başladım. Əvvəlcə düşündüm ki, bir ay yarım rəsmlə məşğul olaram, amma dayana bilmədim. Məncə bu tam uyğun vaxtda baş verdi. Mənim öz şəxsi məkanıma ehtiyacım var idi, və bir çox mənada nə qədər çətin idisə, bir o qədər də çox rəsm çəkirdim. Düşünürdüm ki, vaxt keçdikcə daha asan olacaq, amma yox! Bu aşiq olmağa bənzəyir.
Rəsmləriniz nə haqdadır?
Mənə həmişə insanların öz xarici görünüşləri ilə özlərini necə ifadə etdikləri maraqlı olub. Əlbəttə ki, bu, mənim işimin bir hissəsinə çevrilib: mənim rəsm əsərlərim müxtəlif personajların necə geyindikləri, nəyi göstərmək və nəyi gizlətmək istədikləri ətrafında qurulub. Bütün rəsmlərimdə insani münasibətləri necə təsəvvür etdiyim əks olunub.
Nədən ilham alırsınız?
Yaddaşımda keçmişdən bir çox personaj var: bunların arasında şəxsən tanıdıqlarım, izdihamda gördüklərim, xatirimdə qalanlar var... İnsanlarla tez-tez ünsiyyət quraraq ilhamlanıram və onların obrazını işimdə necə istifadə edəcəyimi anlayanadək yaddaşıma həkk edirəm. Bəzən mənim rəsmlərim - səhv mühakiməyə və ya qərəzə cavabdır. Sözlər mənə xəyanət edə bilər, amma rəsm aydın və dolğun ifadə etməyimə imkan verir.
Heç özüm də bilmirəm ilham nədən yaranır...
Mən instinktiv olaraq rəsm çəkirəm. Detalları işlədikdən sonra personajlara aşiq oluram, onlara bağlanıram.
Məsələn, "Ailə" əsərim Instagram-da homofobik şərhlərə cavab olaraq çəkilib. Mənim üçün ailənin duyğu olduğunu ifadə etmək istədim. Bir kişinin əlində tatu ilə Cenni adı yazılıb: həyatıma müsbət təsir edən qadının adı belə idi. O, çox yaxşı və tolerant bir insan idi və məncə onun adının bu rəsmdə olmağı tam uyğun gəlirdi. Bu köynəyi böyük məmnuniyyətlə geyinəcəyəm...
Gucci üçün mavi çiçəkli naxışın yaranmasında isə nənəmin şərfindən ilhamlanmışdım. O vaxtlar qadınlar ildən ilə eyni parfüm istifadə edirdilər, ətir onların bir hissəsinə çevrilirdi və əgər onlar haradasa şərflərini unudurdularsa dərhal kimə məxsus olduğu aydın olurdu.
İlk olaraq nə yaranır: üz yoxsa bütün kompozisiya? Fırçanı əlinizə aldığınız zaman, rəsmin sonda necə görünəcəyini bilirsiniz?
Adətən mən üzdən başlayıram, sonra isə personaj ətrafında kompozisiyanı qururam. Mənim təsvirlərim instinktivdir, buna görə də nadir hallarda hansısa plana uyğun hərəkət edirəm.
Müsahibələrinizin birində Alessandro Mikelenin dizaynında bir çoxu Londonla bağlı olan keçmişə aid gizli istinadların olduğunu demişdiniz. Nümunə verə bilərsiniz?
Məsələn, onun pencəklərinin cibində tikilmiş yol adlarını görmüşdüm. 1980-ci illərin əvvəllərində Londona xarakterik olan saç düzümləri...
Gucci təxəyyülünə uyğun olmaq üçün bir şey dəyişdirmək məcburiyyətində qalmısınız?
Gucci mənə tam yaradıcılıq azadlığı verir. Gucci üçün çəkdiyim rəsmlər yaradıcı dialoq kimi spontan şəkildə yaranır: Alessandronun istinadlarını tutmağa və öz təəsüratlarımla birləşdirməyə çalışıam.
O necə insandır?
O, həqiqətən, gözəl insan, görkəmli şəxsiyyətdir! Bilirəm ki, "dahi" sözü çox vaxt sui-istifadə olunur, ancaq düzünü desəm, onun məhz belə biri olduğunu düşünürəm.
Həvəsinizin bir peşəyə çevrildiyi anı xatırlayırsınızmı?
Şəxsi hekayəmin rəsmlərimin arxasında qaldığı kimi bir hiss var. Sanki bu başqası ilə baş verir, mən isə kənardan izləyirəm. İnsanlar mənim işimlə maraqlandıqları, mənə bu şərəfi layiq gördükləri üçün sevinməkdən doymuram. Bu inanılmaz bir duyğudur...
Rəsm Sizi və həyatınızı dəyişdiribmi?
Özümün dəyişdiyini düşünmürəm, amma həyatım dəyişib. Hər gün rəsm çəkərək təklikdə çox vaxt keçirirəm və dostlarımla istədiyim qədər tez-tez görüşə bilmirəm. Bir də rəsm mənə kim olduğumu göstərir: rəsm çəkməyə məni bir vaxtlar həyatımda problemlər yaradan xüsusiyyətlərim şövq edir. Bu bir etiraf idi!
Bəs Helen Dauni fırçanı əlinə almazdan əvvəl kim idi?
Uzun müddət mən axınla hərəkət edirdim. Heç vaxt böyümək fikrini sevməmişəm və hətta böyük kimi davransam belə özümü böyük olaraq hiss etməmişəm. Həyatımı geridən əvvələ yaşayıram.
Həyatımızın hər bir mərhələsində necə olmağımızı və nəyin olacığını bizə diktə edən qaydalara qarşıyam. Rəssamlıqdan əvvəl uşaqları böyütmə fasilələri arasında mən qiymətli daşlarla, gil və dəri ilə işləyirdim, mətbəx masasının arxasında mümkün olan əşyalar yaradırdım, daha sonra isə onları Liberty mərkəzi və Londonda bəzi kiçik moda mağazaları vasitəsi ilə satırdım.
Bundan əlavə, siz xarici görünüşə ciddi münasibət göstərilən monastır məktəbində oxumusunuz... Çəhrayı mokasinlərə görə sizi bu məktəbdən çıxardıqları hekayəsi doğrudur?
Tam həqiqətdir. Rahibələr məni sevmirdi və yəqin ki, bu son damla olmuşdu...
Siz Business of Fashion jurnalının versiyasına görə 500 moda avtoriteti siyahısına daxilsiniz. Bu sizi çox sayda müsahibə verməkdən başqa hansısa öhdəliyə məcbur edirmi?
Yox, məcbur etmir. Bu xoş, tamamilə gözlənilməz bir sürpriz idi.
Fərdi sərginiz gözlənilirmi?
Mənim əsərlərim 2018-ci ildə Art Central Hong Kong Beynəlxalq İncəsənət yarmarkasında nümayiş olunacaq. Bundan sonra nə olacağını bilmirəm. Bəlkə Şanxay və ya Seul...
MÜSAHİBƏ SONA NƏSİBOVA
FOTO MƏTBUAT MATERİALLARI