YOHJİ YAMAMOTO

1981-ci ildə Rei Kawakubo və Yohji Yamamoto ilk kolleksiyalarını təqdim etmişdilər, elə o zaman da XX əsrin yapon modasına "Hirosima-şık" ifadəsi ünvanlandı. Nüvə müharibəsindən sonrakı geyimlər başqa cür ola da bilməzdi, xüsusilə yaxınları İkinci Dünya Müharibəsindən keçmiş dizaynerlərin hazırladığı geyimlər.

İki yaşında atasını itirən yeganə oğul Yohji Yamamoto ömrünü anasına qayğı göstərməklə keçirərək fəaliyyətini ona həsr edib. Yohji Yamamoto'nun geyimləri qadınların müdafiəsinə yönəlib. Bir müsahibəsində, o, anası haqqında deyib: «Mənim həyatım bu gözəl qadına həsr olunub. Hər şey onun üçün başlanıb. Dünya həmişə kişilər tərəfindən idarə olunub. Bu kişilərin dünyasıdır, buna görə də daim onu qorumalıyam. Mən qadınlara ehtiram edirəm və onlar üçün model hazırlayaraq, sanki onlardan soruşuram: "Sizə kömək edə bilərəm?".

Issey Miyake və Kenzo Takadanın oxuduğu moda məktəbində təhsil alaraq gənc adam “Y” ticarət markası altında çalışmağa başlayır. Özünü "özünəməxsus samuray" adlandırır, geyimlərə qarşı münasibəti isə həddən artıq düşünülmüşdür: Yohji Yamamoto modanı sevmirdi, trendlərin ardınca qaçmırdı və gələcək mövsüm dəbdə nə olacağını təxmin etməyə çalışmırdı. Dizayner işğal edilmiş Yaponiyanın küçələrindəki həyəcanı və kədəri öz yaradıcılığında əks etdirib. Qara rəng fakturadan və biçimdən ayrılmır.

Yohji Yamamoto SS19 Ready-to-wear

Onun modelləri böyük ölçüdə tikilirdi və istənilən bədən quruluşundakı insanlar üçün uyğun idi. O, heç vaxt milli motivlərdən sui-istifadə etməyib - və müxtəlif ölkələrdən olan insanlara yaxın olub. Yamamoto’ya görə geyim rahat və uzunömürlü olmalıdır. Dizayner parçaları yalnız bir yerdən, XVI əsrdən bəri kimono və rahib geyimlərinin tikişi ilə məşhur olan Kyotodakı bir ailədən sifariş edir.

İstənilən geyimi öz üzərinə uyğunlaşdırmaq olar - yapon dekonstruktivizmin prinsipiləri belədir. Yohji Yamamoto moda ideyasını hissələrə ayırdı – insanları bahalı dizayner geyimi olduğunu yalnız təcrübəli birinin seçə biləcəyi biçimsiz torbaların içində gizlədir. Amma bu geyimləri kübar əyləncələrində məmnuniyyətlə geyinirlər. Yamamoto'ya qədər heç kim qadınlara kişi geyimi təklif etməyib. Heç kim modelləri səliqəsiz, dağınıq, kobud tikişləri olan geyimlərdə podiuma çıxarmayıb. Modelləri makiyajsız çıxarmaq heç kimin ağlına gəlməzdi.

Yohji Yamamoto'nun tərzi asimmetrik kəsik və qeyri-ənənəvi materiallara olan sevgisinə görə qranj dövründə lap yerinə düşmüşdü, lakin onun müstəsnalığını öldürəcək geniş tirajda buraxılmadı: bu geyimləri geyinmək mass-marketi doldurmağa yetməyəcək qədər çətindir. Onlar minimalist, avanqarddır - və onlar sizin ruhunuza toxunurlar, özünüzü necə hiss etdiyinizə təsir edirlər. Nəhayətində, dizaynerin vətənində qeyri-mükəmməlliyə - cızıqlara, çapıqlara, asimmetriyaya olan sevgi və hörmət bir canlı varlığın izi kimi kultlaşıb. Bir qədər sürtülmüş olması - elə bil ki əşyanın artıq bir hekayəsi olduğunu göstərir - yapon vabi-sabi estetikasına uyğun gəlir.

O, teatr və kino üçün kostyumlar tikirdi. Takeşi Kitanonun "Kuklalar" filminin böyük uğurunu məhz Yohji Yamamoto'nun gözəl kostyumlarına borcludur. Nümayiş onun səhnə arxasında özünün bəstələdiyi musiqini ifa etməsi ilə müşayiət olunurdu. 2018-ci ildə Yohji Yamamotonun 75 yaşı tamam olub! 

Mətn: Sona Nəsibova

Foto: mətbuat materialları