MODA QURBANLARI, HAZIRLIQLI OLUN! ƏN SON TRENDLƏRİ TƏQİB EDƏNLƏR, QORXUN! ARTIQ SİZƏ GÜLÜRLƏR. HƏM DƏ, BUNU ÇOX İNCƏ VƏ ZÖVQLƏ EDİRLƏR.
Yerlə yeksan edir! – yeni gənc fashion-illustrator Aşraf Amirinin fəaliyyətini məhz bu cür xarakterizə etmək olar. Amirinin olduqca hiyləgər illüstrasiyaları "qüsursuz" moda dünyasına həsr olunub. Rəssamın əsərlərində fashion-sənayenin bütün dəyərləri dəyişdirilib, tərsinə çevrilib. Burada stil ikonalarına sataşırlar və demək olar ki, onları ələ salırlar.
Aşraf Amiri gənc rəssam, rejissor və illüstratordur. 1988-ci ildə Brüsseldə anadan olub və hazırda Londonda yaşayır. Amiri müxtəlif yaradıcı istiqamətlərdə özünü ifadə etməyi sevən gənc, kreativ düşüncəli və cəsur bir insandır. Onun gizli kinayə daşıyan "Trashion Magazine" adlı animasiya filmi ən çox sevdiyimiz sənət növüdür.
Rəssamın özü tərzlə və modanın son yeniliklərinə uyğun geyinsə də, bu ona bugünkü podium və front row-da əyləşənlərdən aldığı təəssüratlarını parodik şəkildə təsvir etməyə mane olmur.
Aşraf Amiri xüsusi olaraq Nargis jurnalı üçün bu mövsümün trendlərinə öz xüsusi, şok edici münasibətini açıq şəkildə nümayiş etdirərək ən parlaq aksesuarı – Christian Dior, Dolce & Gabbana, Nina Ricci, Versace, Victor & Rolf, Vivienne Westwood brendlərinin ayaqqabılarını təsvir edib.
Ancaq müəllifin müasir modanı həqiqətən ələ salması ilə bağlı şübhə yaranır. Bəlkə istehzalı rəsmlərin arxasında daha böyük şeylər yatır?..