Kim bilir, əgər o, özünün hər saniyə 60-dan çox adamı “qanadlandıran” Red Bull (hərfi olaraq “Qırmızı öküz”) möcüzə-içkisini bir az əvvəl icad etsəydi, bəlkə onda, Vyana universitetindəki təhsilinə on il yox, olduqca az vaxt sərf edərdi!
Taylandın energetik içkisi Mateşisə cetlaqdan (saat qurşaqlarını dəyişən vaxt baş verən diskomfort vəziyyətdən) yaxa qurtarmağa, bir növ, kömək etdi. Öz The Red Bull Energy Drink brendinin əsasını qoyana qədər, az il keçmədi. İndi onun məşhur məhsulu dünyanın 150 ölkəsində satılır və şirkət öz bazarını daim genişləndirir. Mifoloji analogiyaların həvəskarı Ditrix, tez-tez Avropanı öküz obrazında oğurlamış Zevsi yada salır. Mateşisin özü yunan tanrısından da uzağa gedib: o, deyəsən, bütün dünyanı zəbt etməyi qərara alıb…
Əgər əlinizdə imkan olsaydı, Siz həyatınızda nəyi dəyişərdiz?
Xüsusi olaraq – heç nəyi. Həyat – təkcə uğur yox, həm də uğursuzluqlar silsiləsidir. Nə qədər ki, əsasən, yalnız xoş məqamlar (necə də olsa, onlar çox olur) yadda qalır, əlbəttə ki, geriyə baxdıqda, sanki heç nəyi dəyişmək istəməzdim.
Maraqlıdır, hər şeyi olan adamın arzusu nə ola bilər?
Düşünmürəm ki, kimsə özü haqda desin: «Mən – hər şeyi olan adamam». Bununla yanaşı, şəxsən mən hesab etmirəm ki, insana həmin bu “hər şey” lazımdır. Doğrusunu deyəcəm, mənim elə də xüsusi bir arzum yoxdur; mən tez-tez deyirəm – hər şey indiki kimi qalsa, mənim üçün tamamilə kifayətdir.
Bu qədər qüdrətli adam üçün sevgi nə deməkdir?
Mən özümü qüdrətli insanla eyniləşdirməzdim. “Qüdrətli” – gücü və hakimiyyəti olan və bunlardan istifadə edən adam üçün ümumi qəbul olunmuş termindir. Hətta mənim belə gücüm olsaydı belə, mən, yəqin ki, heç vaxt ona əl atmazdım, qalmışdı hələ sui-istifadə etmək – heç vaxt! Bu mənim üçün təyin edən anlayış deyil. Dostluq, sevgi və ailə kimi anlayışlar, fikrimcə, olduqca daha çox vacib anlayışlardır.
Siz ailəni deyirsiz, amma özünüz heç vaxt evli olmamısız. Sizi nikah bağlarından nə saxlayır?
Bilmirəm. Ola bilsin, sadəcə ciddi münasibətlərə heç vaxt vaxtım olmayıb, ya da həmişə daha vacib nə isə olub ki, vaxtımı ona ayırmışam. Amma bəlkə də, sadəcə olaraq, ətrafımda həmişə yetərincə gözəl qadınlar olub …
İdeal qadını necə təsvir edərdiz?
İdeal qadını təsvir etmək mümkün deyil. Mənə görə qadında ən vacib olan – səmimilik və indiviuallıqdır. Çox vacibdir ki, qadın nə düşünürsə onu da desin. Bütün bunlara əlavə olaraq, üstəlik intellekti də qadınlıqla birləşdirə bilirsə – onda o, mənim idealıma çox yaxındır.
Həyatınızda və karyeranızda toqquşduğunuz ən böyük çağırış hansı olub?
Həyat özü özlüyündə artıq çağırış meydanıdır, çünki onu idarə etmək olmur və tez-tez sürprizlər edir. Amma mən, əslində, hansısa dəqiq bir “çağırışı” yadıma sala bilmirəm.
Şirkətinizin uğuruna görə, özünüzü borclu saydığınız bir kimsə varmı? Yoxsa bu yalnız Sizin öz xidmətinizdir?
Biz həmişə çalışmışıq hər kəs öz tapşırığını yaxşı yerinə yetirsin, unikal, kreativ, yenilikçi çözümlər uğrunda həmişə mübarizə aparmışıq. Uğurumuz – həmkarlardan və ətrafımızdan ibarət olan böyük bir komandanın işinin nəticəsidir, odur ki, bütün bunların yalnız mənim xidmətim olduğunu demək tamamilə ədalətsiz olardı. Bu artıq başqa məsələdir ki, istənilən böyük işdə yönətməyi, plan qurmağı, təhlil etməyi, lider olmağı bacaran insana ehtiyac var…
Meylləriniz varmı?
Bu haqda mənim dostlarımdan soruşmaq lazımdır. Təbii ki, çox meyllərimi özüm yaxşı bilirəm, amma bu haqda mən danışmasam yaxşıdır.
Red Bull kimi imperiyanı yaradan vaxt Sizin üçün əsas hərəkətverici qüvvə nə idi?
İmperiyalar nadir hallarda planlaşdırılmış və məqsədyönlü şəkildə meydana çıxır. Uğur – daha çox uzun illər ərzində can qoymanın və məqsədyönlü, yekdil, inadlı işin nəticəsidir. Bütün bunlarda əsas olan, necə deyərlər, hər şeyi düzgün etmək, lazımi vaxtda lazımi yerdə olmaq və prosesin özündən, öz işinin bəhrələrindən zövq almaqdır.
Mən bilirəm ki, Siz ekstremal idman növlərilə maraqlanırsız. Bu Sizin üçün bir əyləncə, istirahət növüdürmü, yoxsa düşünülmüş marketinq gedişidir?
Daha çox birincisidir. Əslində, müxtəlif ekstremal idman növlərilə mən artıq yetərincə çoxdan məşğul oluram – düzdür, hər hansı ayrıca bir növdə xüsusi rekordlarım olmasa da. Mənim üçün sadəcə iştirak etmək və sağ-salamat evə qayıtmaq tamamilə kifayətdir.
2012-ci ildə Red Bull-un dəstəyi ilə Feliks Baumqartner stratosferadan tullanmaqla silsilə dünya rekordları vurdu. Red Bull şirkətinin növbəti nailiyyəti nə olacaq?
Bizim bir neçə ideyamız var, amma Red Bull-un fəlsəfəsi belədir ki, biz hansısa hadisə haqqında, nə qədər ki, gerçəkləşməyib, danışmırıq, əvvəlcədən gurultulu bəyanatlar verməkdən imtina edirik. Avstriyada yaxşı atalar sözü var, onu təxminən belə tərcümə etmək olar: «Cücə gərək yumurtadan çıxandan sonra ciggildəsin».
Əməkdaşlıq etdiyiniz ən yaxşı biznes-partnyor?
Berni Ekklstoun.
Sizi nə ruhlandırır?
Əzəli təbiət gücü. Yumor hissləri və düşüncə tərzləri mənimki kimi olan dostlardan ibarət dar çevrə. İşdən məmnun qalma hissi. Ailə. Zamanı və zaman üzərində hakimliyi duyma.
Sizin fikrinizə görə, istirahət üçün ən yaxşı sığınacaq?
Avstriyanın Alp dağları və yaxud Ficidəki mənim öz şəxsi Lauskala adam.
İstehlak bazarında onlarla energetik içki təqdim olunur, amma, buna baxmayaraq, Red Bull bu günə qədər lider mövqeyindədir. Sizin uğurunuzun sirri nədədir?
Heç bir sirr yoxdur, biz sadəcə çalışırıq şirkətimiz üçün, Red Bull markasını saxlamaq üçün ağıllı, məsuliyyətli və düzgün qərarlar qəbul edək.
Nə vaxtsa eşitdiyiniz ən yaxşı məsləhət?
Yaxşı məsləhətlərə qulaq asmayın…
Red Bull brendinin reklama öz yanaşması var, onun məhsulunu bilbordlarda və telereklamlarda tez-tez görməzsən. Onun buna heç ehtiyacı da yoxdur: öz məqsədli auditoriyasının – gənclərin rəğbətini, onların öz dilində danışmaqla qazanır. Buna sübut –savadla düşünülmüş, parlaq, cəlbedici Red Bull layihələridir. Razılaşın, ekstremalı kosmosa göndərmək ki, o da bəşəriyyət və Red Bull şərəfinə 35 min metr hündürlükdən süzə-süzə yerə ensin – hər brendin ağlına gələn iş deyil! Bu brend təkcə BC1 breyk batllara, No Limits və ya X-Fighters şou-yarışlarına görə yox, həm də ən inanılmaz uçan aparatlar – Red Bull Flugtag quraşdıran fantaziyaçı və bacarıqlı adamların maraqlı müsabiqəsinə görə məşhurdur.
Uğurlu brend rəhbəri Ditrix Mateşisin dediklərinə qulaq asmağa dəyər: uğurlu biznesdə əsas şey – öz işini sevmək, inadla işləmək və əsas yeri yalnız mənfəətə verməməkdir.
Müsahibə Ülviyyə Mahmudova