Qədim məbədlərin kahin-muqları tərəfindən ifa olunan dini nəğmələrdən yaranan bu musiqi bu gün də mistik enerji daşıyır. Əlbəttə ki, söhbət muğamdan gedir. Muğam ifaçıları, xanəndələr isə bu günə kimi dinləyicilər üçün fərqli fəza yaradaraq səslərinin gücü ilə onları ilahi yüksəkliklərə ucaldırlar.
Alim Qasımovun səsinin ecazkar sehri artıq dünyanı fəth edib. Xanəndə ilə söhbətimiz elə musiqi improvizasiyası kimi alındı: nə əvvəlcədən hazırlanmış suallar, nə əzbərlənmiş cümlələr... İfaçısı Alim olan dahi musiqidə olduğu kimi yalnız səmimiyyət var.
Öz xarakterinizdə ən çox nəyi qəbul etmirsiniz?
Ən çox gözləməyi bilməməyimi sevmirəm. Səbirsiz olduğum üçün çox vaxt özümü qınayıram. Bəzən isə elə anlar olur ki, öz səbrimə məəttəl qalıram və bu nöqsanımın öhdəsindən gəldiyim üçün məmnuniyyət hissi keçirirəm.
Amma sizi səhnədə izlərkən elə təəssürat yaranır ki, sanki xanəndələr inanılmaz səbrə sahibdirlər…
Məsələ bundadır ki, muğam ifa edərkən həyat, nəfəs uğrunda mübarizə gedir… Və yalnız mənim şüurum söndükdən sonra mən təslim oluram və heç kimə dönüşürəm – məhz o zaman bu ecazkar musiqi doğulur. Amma əgər əvvəlcədən planlaşdırsan, hər şeyi öncədən düşünsən, heç nə alınmayacaq. Yəqin ki, buna görə də insanlar düşünür ki, mən ifa zamanı vəcdə gəlirəm və mənim güclü səbrim var. Əslində isə mən sadəcə musiqinin əsiri oluram. İnsan həmişə mübarizə aparır, çox vaxt özü ilə və mən çox sevinirəm ki, muğam ifa edərkən mən və dinləyicilərim harmoniya əldə edirik.
Bəs hər kəsin Alim Qasımov ifa edərkən başqa fəzada olduğuna əmin olmasını necə izah edərdiniz?
Bunun izahı yoxdur. Bu vəziyyətdə mən sadəcə muğamın və ümumi olaraq musiqinin ilahi gücünə tabeyəm. Axı siz artıq işığın necə yanıb söndüyünü bilirsiniz? Səhnədə də mənim yandırıb-söndürən vasitəm var. Amma işığın işləmə mexanizmi sizə bəllidir, burada isə hər şey kodlaşıb. Lakin bu mexanizm işə salınan kimi, dinləyici dərhal onun təsiri altına düşür. Proqram bitdikdən sonra çox vaxt insanlar yanıma gəlib etiraf edirlər ki, ifam onları səmalara qaldırdı, bəziləri ağlayır, Allaha yaxınlaşdığını və ruhən təmizləndiyini bildirir. Bu göz yaşları ilahi bir güclə təmasdır, bu ilahi gücü gözlə görmək mümkün deyil, onu yalnız hiss etmək olar. Mən elə bir həddə çatmışam ki, artıq səhnədə minlərlə tamaşaçı qarşısında belə yalnız özüm üçün ifa edirəm. İnsan özü üçün hər şeyin yaxşısını edir və təbii olaraq bu ürəkdən gəlir, tamaşaçı da bunu hiss edir. Yəqin ki, siz sufilərin meditasiya rəqsləri barədə eşitmisiniz?
Bəli, əlbəttə – dərvişlər durmadan öz ətraflarında fırlanır…
Hansısa bir məqamda onlar öz kodlarını tuturlar və şüurları sönür. Və buna görə də izləyicini başqa bir fəzaya apara bilirlər. Muğam səsləndiyində də eyni şey baş verir. Əsas odur ki, düzgün kodu seçəsən.
Özünüzlə mübarizə aparmağa məcbur qalmısınız?
Daima. Bu mənim gündəlik həyatımın bir hissəsidir. İnsanlar mənim fərqli olduğumu düşünürlər, amma mən hamı kimi bir insanam. Pul, yemək, dünya sərvətləri – insanı həmişə sınağa çəkir. Ancaq insanın ən vacib mübarizəsi öz şeytanı ilə olan mübarizəsidir.
Sizin kimi istedad sahibi bir insanı necə təəccübləndirmək olar?
Məni ən sadə şeylər belə təəccübləndirə və sevindirə bilər: körpə uşağın təbəssümü, səmimi söz, əməl... Ürəkdən gələn hər bir şey heyrətləndirir və müsbət emosiyalar bəxş edir.
Səmimiyyəti riyakarlıqdan necə ayırd edirsiniz?
Bu çox çətindir. 56 yaşım var, amma hələ də insanların qəlbini oxumağı öyrənməmişəm. Sizə qəribə görünə bilər, amma insanlara həqiqətən inanıram. Buna görə də hər şeyi insanın vicdanına buraxıram…
Özünə güvən hissi nə vaxt yaranıb, yoxsa bu hiss sizdə həmişə olub?
Xeyr, həmişə olmayıb. Ancaq mən həmişə Allaha və Onun mənə hər şeydə kömək etdiyinə inanmışam. Həyatımın ən çətin anlarında başa düşdüm ki, Allahın izni və xeyir-duası olmadan mən heç kiməm. Həm həyatda, həm də səhnədə mən həmişə Onun varlığını və dəstəyini hiss edirəm.
Mənə elə gəlir ki, Allah-Təala sizə belə istedad bəxş etdiyinə görə, Alim Qasımovu əminliklə Allahın sevimli bəndəsi adlandırmaq olar…
Düşünürəm ki, Allah-Təala hər bir insana müəyyən bir istedad bəxş edib, amma insanlar bunu başa düşmür və dərk etmirlər. Heç vaxt ağlıma belə gəlməzdi ki, mən bu qədər tanınacam və bu qədər insanın hörmətini qazanacağam. Mən belə bir şeyi xəyal belə edə bilməzdim. Lakin O, bu cür hökm verdiyi üçün mənə sadəcə onu minnətdarlıqla qəbul etmək və qorumaq düşür.
Həyat fəlsəfəniz nədir?
Çoxlarına mürəkkəb bir insan təəssüratını verirəm. Əslində, belə deyil. Mən kənddə anadan olmuşam, orada hər şey sadədir. Şadam ki, bu sadəliyi bu günə qədər qoruyub saxlaya bilmişəm. Həyat fəlsəfəm sadəlik və səmimiyyətdir. Mənə narahatlıq verən heç bir şeyi etmirəm və hər vəziyyətdə özüm olmağı üstün tuturam.
Bildiyimə görə dünyanı gəzərkən çox maraqlı hadisələr yaşamısınız.
Maraqlı hadisələr həqiqətən çox olub. Məsələn, bir gün çox mədəni bir fransız qadın mənə yaxınlaşdı və simfonik musiqini çox sevdiyini etiraf etdi. Ancaq ona hər şeyi başqa cür – daha böyük duyğu və güclə hiss etməyi öyrədən məhz muğam olub. Amerikada insanlar konsert salonunu göz yaşları içində tərk edirdilər. Kollektivimizin çıxışlarından birində dünyadaca məşhur Çin mənşəli Amerika violonçelisti Yoyoma bizi öz proqramına daxil etdi və demək olar ki, onunla bütün ştatları birlikdə gəzdik. Onun hər konsertində yeddi dəqiqəlik çıxışımız var idi.
Səsinizin gücünü ilk dəfə nə zaman hiss etdiniz?
Bu, Asəf Zeynallı adına musiqi məktəbində imtahandan sonra baş verdi. Bundan sonra bir musiqi yarışmasında birinci yeri tutdum. O zaman dərk etdim ki, səsim mənə taleyin bir hədiyyəsidir və bunu mütləq inkişaf etdirməliyəm.
Bakıda Muğam Festivalı keçirərkən öyrəndim ki, hətta Avropa ölkələrində də muğam ifa edirlər. Məsələn, İspan qaraçıları…
Planetin hər guşəsində, xüsusən də folklorda muğam elementləri mövcuddur. Bu "sərvət" adlandırdığım bir musiqidir. Bu musiqi fərqli interpritasiyalarda səslənir, fərqli adlanır, amma ümumilikdə eynidir.
Muzaya, ilhama ehtiyac duyursunuzmu?
Hər bir yaradıcı insan ilhama ehtiyac duyur. Ancaq mənim üçün muza dünyəvi deyil, ilahi olmalıdır. İnsan sevgisi bu gün var, sabah olmaya da bilər. Allah sevgisi isə əbədidir. Buna görə də mənim ilhamım Allah sevgisidir, mənim muzam – Onun yaxınlığını hiss etməkdir, mənim ən ali məmnuniyyət dərəcəm – Onun hər yerdə və hər şeydə varlığıdır.
Nə vaxtsa səhnəni tərk edib muğam ifaçılığından imtina etmək istəmisinizmi?
Bilirsiniz, əgər mənə bu sualı verməsəydiniz, heç vaxt bu mövzuda danışmağa cəsarət etməzdim, çünki bu, muğam pərəstişkarlarına və sevənlərə qarşı hörmətsizlik olardı. Amma etiraf edim ki, hər şeyi buraxıb getmək istədiyim anlar olub. Ancaq Uca Allah həmişə mənə qalmağım üçün bir işarə, səbəb göndərib.
Pop və rok kimi müasir musiqi üslubları ilə muğamın sintezinə münasibətiniz necədir?
Mən həmişə yeniliklərin tərəfdarıyam və digər musiqi istiqamətləri ilə muğamı təbliğ edənlərin hamısını dəstəkləyirəm. Bu qarşılıqlı qanad dəyişdirməkdir və birlikdə uçuş möhtəşəmdir!
Müsahibə: Könül Nağıyeva Foto: mətbuat materialları
Material beşinci buraxılışda dərc olunmuşdur.