ŞİRİN İNTİZAR

İntizardan yaranan bəzi arzular daha şirin olur. Viktoriya Şvab, "Bizim qaranlıq duetimiz"

Bilirsiniz son bir ayda özümdə nəyi müşahidə etmişəm? Nə isə yaratmağı çox sevdiyimi: bəzəməyi, qurmağı, leqo toplamağı və bir çox başqa şeyləri... Və mənim üçün prosesin özü nəticədən daha vacib, maraqlı və həyəcanlıdır. İş başa çatdıqdan sonra məni bəzən bir neçə saatlıq, bəzən də bir-iki günlük yüngül depressiyaya çevrilən müəyyən bir kədər basır: bu da nə yaratdığımdan, ona nə qədər ruhumu qoymağımdan asılıdır. Və bunu dərk etdikdən sonra həm də bütün peşələr arasından niyə jurnal redaktoru peşəsini seçdiyimi anladım: çünki bu, sonsuz yaratmaq prosesidir! Yeni buraxılış çapdan çıxmamış sən artıq gələn ay üçün yeni buraxılışın üzərində çalışırsan. Və dayanmaq olmaz: çünki oxucular gözləməyi sevmir, xüsusən də reklamverənlər!

Bəzilərinə görə bu proses yorucu görünə bilər, amma mənim üçün isə bu füsunkardır: axı mən əlimdə bitmiş məhsulu tutmaqdan çox yaratmağı sevirəm! Jurnalımın son nömrəsini əlimdə tutub diqqətlə oxuyuram, gözdən keçirirəm və rəfə, digər körpələrimin yanına qoyuram. Ofisə qayıdıb səbirsizliklə yeni buraxılışlar barədə düşünməyi gözləyirəm: nə və kim haqqında olacaq, hansı foto çəkilişlər sifariş olunacaq, sifarişçilər üçün hansı video çarxlar çəkiləcək... Bütün bu tutqulu proses məni jurnalı hər ay daha yaxşı etməyim üçün ilhamlandırır. Bu intizar vəziyyətində – möcüzə intizarında olmağı çox sevirəm. Axı mənim üçün gördüyüm hər bir iş möcüzəyə çevrilir. Bütün bunlar isə yorucu və həyəcanlı intizardan başlayır.

Ülviyyə Mahmudova, baş redaktor