HAMI RƏQS EDİR!

Bəzək əşyaları Roberto Coin, Gourmette kolleksiyası (Glampire Jewellery və Royal Collection butikləri)

Saç düzümü, makiyaj Aynur by Sesem

 

Mən heç vaxt Hindistanda olmamışam, amma gedib Asiyanın incisi olan bu qədim ölkə ilə çox tanış olmaq istəyirəm! Mənə elə gəlir ki, hər kəs həyatında ən azı bir dəfə bunu etməlidir. Kino ekranda rəngarəng, gözəl hind paltarlarını və çox qəşəng aksesuarları görəndə, lap istəyirsən tematik parti təşkil edəsən, orada mill kostyumları geyinib hind kinolarında olduğu kimi – küçədə, evdə, damda, metroda, xəstəxanada – qısaca, hər yerdə rəqs edib musiqi sədaları altında oynasan!.. Və bu, mənim fikrimcə, çox dərin bir fəlsəfəni göstərir: bu böyük xalq bizə hər dəqiqə həyatdan zövq almağı, taleyin hər bir çətinliyini qəbul etməyi və istənilən problemi yaxınlarının birliyinə və Yaxşılığın həmişə Pisliyə qalib gəldiyinə güvənərək mahnı, rəqs və təbəssümlə həll etməyi öyrədir. Bollivuda həsr olunmuş jurnalımızın mart buraxılışı məhz bu haqdadır. Mənə elə gəlir ki, Bollivudda aktyor olmaq Hollivuddan daha çətindir. Orada nəinki obraza girmək, həm də oxumaq və səmimi gülümsəmək lazımdır...

Uşaqlıqdan bəri bütün izləyicilərə çoxlu səmimi emosiyalar bəxş edən "Zita və Gita" filmini xatırlayıram. Bu möhtəşəm rəngarəng geyimlər və gözəl musiqi başımdan çıxmır! Bu film ömür boyu silinməz təəssüratlar bağışlayan filmlərdəndir, digər xarici filmlər haqqında bunu demək mümkün deyil... Bollivud kinolarında süjet xətti adətən bir qayda olaraq sadədir, hətta sadəlövhdür. Hind kinosunun fenomenliyi filmin sonu məlum olduğu halda hər il daha da çox insanı öz sehrinə qərq etməsindədir. Yəqin ki, bütün bunlar günümüzdə hər şeyin əlçatan, aqressiv və bəzən əxlaqsız olduğu halda Bollivud dünyası bu gün çox ehtiyacımız olan uşaq saflığını və yaxşılığa inamı qoruyub saxlaya bilib!

"Həyat uzundur, amma vaxtımız azdır..." "Sən və mən" filmindən

 

Ülviyyə Mahmudova, baş redaktor