ZADİ ÇA VƏ TAUS MAXAÇEVA YARAT-DA

 

Şarivari

Taus Maxaçevanın interaktiv multimedia instalyasiyalar sərgisi 12 iyul tarixində YARAT Müasir İncəsənət Məkanında açılacaq. Zəmanəmizin ən tələbatlı rəssamlarından biri olan Taus yaradıcılıq təcrübəsində performans, film, qida məhsulları və sair obyektləri istifadə edir. Bu dəfə o, sirk mövzusuna, xüsusilə də Bakı Dövlət Sirkinə müraciət etdi: sovet dövründə uşaqların və böyüklərin əsas əyləncə məkanı olan sirk öz həyatını yaşamağa davam edir, onun qapalı kiçik dünyasında öz qaydaları var, sirkin günbəzi altında isə hətta sərt siyasi rejim vaxtı belə azadlıq ruhu hökm sürüb. Burada ən cəsur ideyalar havada uçuşub, ifadəli jestlər bütün ideyaları sözdən daha yaxşı çatdıra bilib. Sirk mifinin bütün sirri və romantizmi elə buradan irəli gəlir.

Memar Mariya Serova, yazıçı Aleksandr Sneqiryov və geyim üzrə rəssam Panika Derevya ilə birgə əməkdaşlıq çərçivəsində hazırladığı fərdi sərgisini rəssam “Şarivari” adlandırıb. Necə ki, “Şarivari” nömrəsinin icrası zamanı müxtəlif janrların artistləri sirk arenasında çıxış edərək tamaşaçı rəğbəti uğrunda bir-biriləri ilə rəqabət aparır və bununla da gərginlik artır, eynilə Taus Mahaçevanın “sirkində” də eyni zamanda keçmiş və gələcək, reallıq və xəyal mövcuddur. Burada ən qeyri-adi, qəribə məxluqları görmək mümkündür: danışan at, gümüşü torlu milçək, süni ayı və s. Sirk arenasında, demək olar ki, tamaşaçı qarşısında insan və heyvanlardan “Babil qülləsi” ucalır. Layihə Azərbaycan Dövlət Arxivi tərəfindən təqdim edilən arxiv sənədlərinə, filmlərə və fotoşəkillərə əsaslanır. Rəssam Berberov ailəsini və onların məşhur şirini, Sovet İttifaqında məşhur Azərbaycan sirk gimnastlarını, Özbək klounu Əkram Yusupovu və kəndirbaz Taşkenbayevlər ailəsini yad edib. Sərgi zirək və bəzən istehzalı sosial-siyasi metaforalarla zəngindir. Moskvada yaşayan Dağıstanlı rəssam, uşaqlıq dövründə Sovet İttifaqının dağılmasının şahidi olan Taus Mahaçeva müasir dünyadakı obyektlərin sabitliyini təkrar-təkrar sınaqdan keçirməyə çalışır.

Kurator Suad Qarayeva-Malekidir. Sərgini 29 Sentyabr 2019-cu il tarixinə qədər çərşənbə axşamı – bazar günü arası YARAT Müasir İncəsənət Məkanında ziyarət etmək olar. Qalereya 12:00-dan 22:00-a qədər açıqdır. Giriş sərbəstdir.

 

 

Maqohalmi övladı və yaradılış sədası 

Maqohalmi – meqalitik tikililər dövründə qədim dolmen sərdabələrdə yaşayan və insanları uğursuzluqdan qoruyan nəhəng ana tanrıdır. Əfsanəyə görə Koreyanın cənubunda onun dörd ya da iyirmi kilometr uzunluğunda ayaq izləri qalıb. Koreya-kanadalı rəssam Zadi Ça dünyanın yaradılış hekayəsinə nəhəng əcdadlar haqqında koreya mifləri prizmasından baxdı və bu hekayənin mərkəzində nəhəng ana tanrı Maqo yer aldı.

London Kral İncəsənət Kollecinin məzunu olan Zadi Ça müxtəlif mədəniyyətlərin öz identikliyi barədə məlumatların ötürülməsini müəyyən edən canlı performans, video, rəsm və parçalardan istifadə edir. O, müxtəlif hekayələri toplayır və onları yenidən öz yaratdığı fərdi vizual dildə təsvir edir. Beynəlxalq qalereyalarda və festivallarda iştirak edir, onun sərgiləri dünya miqyasında keçirilir.

YARAT Müasir İncəsənət Məkanında “Art Night” London müasir incəsənət festivalı (22 iyun), Qlazqoda (26 oktyabr – 16 dekabr) “Tramway” bədii qalereyası və Bekshilldə (1 fevral – 4 may 2020-ci il) “De La Warr Pavilion” ilə birgə əməkdaşlıq çərçivəsində Zadi Ça böyük yeni multimedia layihəsini təqdim edir. Rəssam dəniz mühitini naməlum metafora kimi istifadə etməklə cəlbedici dünya yaradıb, ilk dəfə “Art Night 2019” və 58-ci Venesiya Biennalesində istifadə edilmiş atmosfer işıqlandırılması, hərtərəfli səs sistemi, iriölçülü videoproyeksiyalar, heykəllər, kostyumlar və maskalar isə əfsanələrə başdöndürücü qərq olma effekti yaradır.

Sərginin kuratoru “Art Night”-ın bədii rəhbəri Helen Nisbet, proqramının kuratoru isə Anna Fexdir. Sərgi 12 iyul – 29 sentyabr 2019-cu il tarixinədək YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək.