Beşqat dünya çempionu. Məhz o, «Formula-1» tarixində mininci yarışın qalibi olmuşdu. Bu il Lyuis Hemilton mövsümün altı Qran-prisində dörd qalibiyyət əldə edib, iki dəfə isə ikinci olaraq finişə çatıb. Formula-1 tarixində ən yaxşı pilotlardan biridir, bu yarış növündə ilk və hələ ki, yeganə qaradərili idmançıdır. Hələ on yaşında ikən gələcək komandasının rəhbərinə onun heyətində çıxış edəcəyini bildirmişdi və buna nail oldu, üstəlik o dönəmdə Formula-1 tarixində ən gənc pilot olaraq. Mercedes komandasının pilotu, ötən il Bakıda keçirilən yarışların qalibi Britaniyalı avto yarışçı Lyuis Hemilton bu il Birincilik palmasını komanda yoldaşı Finlandiyalı Valtteri Bottasa ötürərək ikinci oldu. Formula-1 SOCAR Azerbaijan Qran-Prisininin birinci girişinə daxil olan kimi Luis Hemilton suallarımızı məmnuniyyətlə cavablandırdı.
Formula-1 yarışında inanılmaz karyeraya sahibsiniz. Uğurunuz nə ilə ölçülür – istedadınız, səyləriniz, texnologiyalarınızla? Ümumiyyətlə, Formula-1 yarışında sizin şəxsi uğur formulanız nədir?
Düşünürəm ki, bütün bu faktorların hər biri ilə. Şəxsən məndə hər şey lap uşaqlıqdan başlayıb: mənim bir arzum var idi və atam bu arzunu gerçəkləşdirmək üçün çox şey edib. Elə vaxt olurdu ki, mən yarışla məşğul olum deyə o, dörd işdə çalışırdı... Çempionatda ilk qalibiyyətimdən sonra gələcək komandamın rəhbəri Ron Dennislə tanış olmaqda da bəxtim gətirmişdi. O, mənə peşəkarcasına inkişaf etmək üçün fürsət yaratdı. Mən öz üzərimdə çox çalışmışam. Peşəkar avto yarışçı olmaq çox uzun prosesdir, burada qərarlı olmaq, məqsədə yönəlmək, çətinliklərə sinə gərmək çox vacibdir. Üstəlik, məndən əvvəl avto yarışlarda nəinki qaradərili qalib, heç pilot belə olmayıb. Odur ki, mən birlikdə böyüdüyüm və məktəbə getdiyim uşaqlara nümunə olaraq qeyri-adi, unikal bir idmanla məşğul olurdum.
Yeri gəlmişkən, fərqlilikdən danışaq. Siz Formula-1 yarışında ilk və hələ ki, yeganə qaradərili çempionsunuz. 2007-ci ildə keçirilən çempionatda siz başqalarından fərqləndiyinizi və sizin qəhrəmanlar siyahınızda Nelson Mandela və Martın Lüter Kinqin yer aldığını bildirmişdiniz. Sizin qaradərili olmağınız sizi idman nailiyyətlərinə motivasiya edirdimi, bu sizə güc verirmi?
Açığı, bu sükan arxasına oturduğumda ağlıma gələn şey deyil. Yarışlarda iştirak etdiyimdə yalnız qalibiyyət haqqında düşünürəm. Mənə elə gəlir ki, unikallıq çox vacibdir, amma müstəsna olmaq mənasında deyil, çünki hər kəs özünə görə unikaldır. Əsas öz individuallığını, digərlərindən fərqli olduğunu dərk edib, qəbul etməkdir, bizi xüsusi edən elə budur. Mənim qaradərili olmağım isə bəzi məqamlara bir qədər fərqli bucaqlardan baxmağa vadar etdi. Öz üzərimdə daha çox işləməli, daha çox çalışmalı oldum, əks təqdirdə heç bir şey alınmazdı.
Deməli, avto yarış ilə məşğul ola bilməyi atanıza borclusunuz. Bəs müəllimləriniz kimlər idi? Və sizin təşəkkülünüzdə kim əsas rol oynayıb?
Həqiqətən, idmanda əldə etdiyim nailiyyətlərə görə atama borcluyam. Bundan başqa uşaqlıqdan mənim müəllimim Ron Dennis olub. Mənə ilham verən isə məsələn, ən sevdiyim avto yarışçı Ayrton Senna kimi dahi pilot olub. Beş yaşından mən onun kimi bir pilot olmaq arzusunda olmuşam. Bir çox uşaqların bənzər hekayələri var: futbola baxıb Neymar və ya Kriştiano Ronaldo kimi futbolçu olmağı arzulayıblar. Mən isə avto yarışlara baxırdım və Ayrton Senna kimi pilot olmaq istəyirdim!
2008-ci ildə keçirilən Formula-1 yarışının altmış ikinci mövsümü yəqin ki, sizin karyeranız üçün ən dramatik mövsüm oldu: demək olar ki, son anda bu yarışda qalib oldunuz və bununla da, ən gənc çempion kimi adınızı F-1 tarixinə yazdırdınız. Belə inanılmaz nəticəni necə əldə edə bildiniz? Möcüzələrə, uğura inanırsınız, yoxsa hesab edirsiniz ki, hər şey bizdən asılıdır?
Bəli, möcüzələrə inanıram. Ətrafımızda hər gün cürbəcür möcüzələr baş verir. Uşağın dünyaya gəlməsi – özü özlüyündə bir möcüzədir, sağlam uşağın dünyaya gəlməsi də bir möcüzədir. Mənim qardaşım əlil olaraq doğulub, amma indi avto yarışlarda iştirak edir. Bu bir möcüzədir, hərçənd həkimlər demişdi ki, bacarmayacaq! Mən bəxtə o qədər də inanmıram, bu sözləri çox vaxt səbəbli ya da səbəbsiz istifadə edirlər. Öz xətalarının səbəbini araşdırmaq və üzərlərinə məsuliyyət almaq yerinə, səhvlərini ört-basdır edib bəxtin üstünə yıxılar. Ya da əksinə, bəxti gətirib deməklə birinin əməyi ilə əldə etyini alçaldırlar. Şəxsən mən belə şeylərə inanmıram. Düşünürəm ki, çox şeydə öz uğurumuzu özümüz yaradırıq, halbuki bizim idarə edə bilmədiyimiz hadisə də baş verə bilər. Amma mən buna uğur və ya uğursuzluq kimi baxmıram. 2007-ci ildə keçirilən çempionatda uduzdum, amma mən hesab etmirəm ki, mənim bəxtim gətirmədi. Bu məğlubiyyətdən çox şey öyrəndim və artıq sonrakı ildə mövsümün əvvəlindən lider idim, nəticədə də qalib gəldim. O zaman bir çox faktor mənim əleyhimə idi. Çempionatda qalib gəlmək üçün mövsümün sonunda mən heç olmasa beşinci olaraq finişə çatmalı idim, ancaq tərslikdən son döngədən öncə altıncı oldum. Bütün iradəmi toplamağa məcbur oldum. O anda yağış yağırdı, digər komandanın yarışçısı səhv etdi və geri qaldı, biz də bu komandanı keçərək qalib gəldik. Nəticədə finişə beşinci çatdım. Düşünürəm ki, Kainat bizim bilmədiyimiz naməlum qanunlara görə inkişaf edir və mən o zaman qalib olmalı idim. Yeri gəlmişkən, iki həftə keçdikdən sonra Barak Obama ABŞ tarixində ilk qaradərili prezident seçildi. Bu inanılmaz hadisələr zənciri idi!
Bakıda keçirilən Formula-1 yarışının infrastrukturu barədə nə deyə bilərsiniz? Bakı və yarışların keçirildiyi digər şəhərlər arasında nə kimi fərqlər var? Bakı trası haqqında sizin peşakar düşüncəniz nədir: ondan nə gözlənilir və nədən ehtiyat etmək lazımdır?
Yarışlardan əvvəl Bakı haqqında o qədər də məlumatım yox idi, hətta Azərbaycanı xəritədə tapmalı oldum. Məktəbdə coğrafiya dərslərində bizə bu ölkə haqqında heç bir şey deməmişdilər. Bakıda tras bizim elə o an xoşumuza gəldi. Əlbəttə, şəhər seqmenti həmişə çətinliklər törədir, çünki şəhər küçələrində yarışlarda asanlıqla səhv etmək mümkündür. Bakıda küçələr düzdür, infrastruktur möhtəşəmdir! Təşkilatçılar yarışın keçirilməsi və eyni zamanda şəhər infrastrukturunun fəaliyyətini pozmamaq üçün çox böyük işlər görüb. Yarışların keçirilməsində ən yaxşı şəhər Sinqapur hesab olunur, lakin Bakı da onunla müqayisə edilə biləcək nəticələr əldə edib. Bundan əlavə, Formula-1 yarışlarının Bakı seqmentini ən baxımlı hesab etmək olar: burada keçirilən üç il ərzində trasda iki yüz ötmə olub. Heç bilmirəm bu necə alındı, digər şəhərlərdə belə fenomenlər olmayıb! Məsələn Monakoda keçirilən yarış bu qədər baxımlı deyildi, orada son on ildə yəqin ki, beş-altı ötmə olub. Bakıda isə – sadəcə üç il ərzində iki yüz ötmə! Düşünürəm ki, yarışların baxımlılığı artacaq. Publikanın cəlb olunması üçün bu cür yarışların sayını artırmaq lazımdır. Şəxsən mən Bakı yarış seqmentində yaxşı nəticələr göstərməmişəm: sadəcə bir dəfə – keçən il qalib olmuşam. Odur ki, indi mənim məqsədim – gələn il üçün trası daha ətraflı öyrənmək və boliddən mümkün olanı əldə etməkdir!
Müsahibə: Cavidan Quliyev Foto: mətbuat materialları
Material 61-ci buraxılışda dərc olunmuşdur.