ZİRVƏLƏRİ FƏTH EDƏRƏK

20 il ərzində Fərid Novruzi ən cəsarətli düşüncələrini həyata keçirir. 1990-cı illərin sonlarında yerli bazarda inamlı şəkildə yerini tutaraq prezidenti olduğu Novko Group of Companies şirkəti qonşu ölkələrdə də biznes mövqelərini zəbt edib və nəticədə uğur qazanıb. Fərid Novruzi fəth etdiyi zirvələrdə Azərbaycan bayrağını qaldıraraq onlarla ölkəni gəzib. O, Antarktidaya təhlükəli səyahət edib və ayaqbasmadığı yeganə qitə yalnız Avstraliyadır. Dünya xəritəsində ağ ləkələri taparaq Fərid parlaq təəssüratlarını İnstaqram səhifəsində maraqlı hekayələrə çevirir.

Sizcə, hansı xüsusiyyətiniz sizi bugünkü uğura aparıb?

Bir şeyi qeyd etməliyəmsə, bu – əzmdir. Mən heç vaxt nail olduqlarımla kifayətlənmirəm, daim inkişaf yolundayam, həmişə daha çox şey istəyirəm. Tələbəlik illərimdə (memarlıq oxumuşam) işi başa çatdırmaq həmişə çətin olub – onu sonsuz inkişaf etdirmək istəyirdim və nəticədə kiçik bir ideya nəhəng bir layihəyə dönüşürdü. Əgər böyük bir səfər planlaşdırıramsa, proqrama çox nadir hallarda ziyarət edilən, turistik olmayan yerləri daxil edirəm. Əgər biznes səfəridirsə, o zaman mütləq böyük ölkələri seçirəm!

Deməli, əvvəlcə irimiqyaslı layihələri hədəf alırdınız?

Həmişə böyük düşünməyə çalışmışam və övladlarımı da buna öyrədirəm. İstənilən ideyanın inkişaf edilməyə, mükəmməlləşdirilməyə ehtiyacı var, hər hansı bir ideyanı ərsəyə gətirmək üçün isə mənə memarlıq düşüncəm yardım edir. İstanbulda bizneslə məşğul olmaq fikrim yarandıqda dərhal strategiya və marketinq siyasətini tərtib etməyə başladım, üstəlik mağazanın harada yerləşəcəyini, necə işləyəcəyini dəqiq bilirdim... İlk LC Waikiki mağazasını açdıqdan sonra müxtəlif şirkətlərə əməkdaşlıq təklifləri iləmüraciət etməyə başladım, baxmayaraq ki, bunun üçün maliyyə vəsaitim yox idi. Ancaq bu geniş hərəkət etməyə və böyük düşünməyə mane olmurdu. Nəticədə ideyalarımızı reallığa çevirə bildik və bu gün yalnız yerli bazarda deyil, Gürcüstanda, Türkiyədə çalışırıq və Orta Asiya bazarına girməyi planlaşdırırıq...


Bəzi yeni sahələrdə yer almağı planlaşdırırsınız? Məsələn, əyləncə sənayesi, restoran işi?

2007–2008-ci illərdə Gürcüstan bazarına daxil olaraq mən özümü bir neçə sahədə sınamağa qərar verdim: turizm, rabitə, quru buz istehsalı. Ancaq tezliklə anladım ki, gərək bacardığın və ürəyincə olan işi görəsən. Mən biznesi şaxələndirməyi sevirəm, amma bu regional genişləndirmə və ya əlaqəli fəaliyyət sahələri vasitəsilə edilə bilər. Son bir neçə il ərzində qəhvəxana şəbəkəsini açmağa başladıq – bu Bagel Bar, Second Cup-dur; bu mənə maraqlıdır və bu istiqamətdə davam etməyi düşünürəm... Bu gün öz işimi regional olaraq inkişaf etdirməyə çalışıram. Bunun üçün bütün şəraitlər var: iyirmi il ərzində özümüzü etibarlı iş ortağı olaraq göstərməyi bacardıq, buna görə də müxtəlif bazarlardan təkliflər alırıq.

 

Səlahiyyətinizi kiməsə həvalə edirsiniz, yoxsa həmişə nəzarətdə saxlayırsınız? İdarəetmə tərzinizi avtoritar adlandırmaq olarmı?

Əvvəlcə bütün işləri yalnız özüm görürdüm. Təbii ki, şəxsi həyatıma vaxt ayıra bilmirdim. Mən sıx-sıx iş səyahətləri edirdim: o dövrdə İranda Benetton filiallarını açırdıq, Yaxın Şərqdə mağazalar açmaq hüququ almışdıq, tez-tez Mahaçqalaya, Gürcüstana, Türkiyəyə gedirdim... Bunlar sadəcə qısa biznes-tripləridir, bunları səyahət adlandırmaq olmazdı. İdmanla az məşğul olmuşam, yalnız işimə bağlı idim. Qeyd edim ki, ən çox sevdiyim məşğuliyyətlərdən biri – məşhur insanların həyat hekayələrini araşdırmaqdır. Onların bioqrafiyasını  oxuyaraq, həyatlarının əsas səhvlərini tapmağa çalışırdım. Və başa düşdüm ki, əksər hallarda onların uğursuzluğunun əsas səbəbi idarə etməyi bacarmamaqları olub – müasir dildə desək, zəif menecmentə görə. Hər hansı bir işin, o cümlədən, hər hansı bir biznesin uğuru peşəkar komandadan və yaxşı qurulmuş ünsiyyətdən asılıdır. Əks təqdirdə uğursuzluq qaçılmazdır. 2007-ci ildən mütəxəssislər qrupumu yaratmağa başladım. Özümə daha çox vaxt ayırma fürsəti tapdım, səyahət etməyə başladım. Komandanın funksiyaları dəqiq şəkildə paylaşdırılıb, hər biri öz işi ilə məşğuldur. Mən işçilərin işinə qarışmıram, müstəqil qərar vermələrinə icazə verirəm.


Onları hansı kriteriyalara əsasən işə götürürsünüz?

İnsanlarda yumor hissini yüksək qiymətləndirirəm, həmişə bu keyfiyyətə diqqət yetirirəm. Əlbəttə ki, peşəkarlıq ilk növbədə gəlir. Ancaq mən həmişə özümdən soruşuram: bu insan komandaya uyğunlaşacaqmı, özünü onların arasında rahat hiss edəcəkmi? Çalışıram ki, işçilər özlərini yaxşı hiss etsinlər, bu işi sevsinlər. Mən heç vaxt özümü kimdənsə üstün tutmuram,  hər zaman bərabər şərtlərdə ünsiyyət qururuq. Novco – xarici cisimləri rədd edən həqiqi canlı bir orqanizmdir. İyirmi il ərzində şirkətimizdən çox sayda insan keçib və münasibətlərimiz həmişə qarşılıqlı hörmət üzərində qurulub. Axı, məhz qazanılmış hörmət, avtoritet nəsillərə miras olaraq qalacaq...


Qərb mədəniyyəti əbədi fəaliyyətə məcbur edir, şərq isə zaman-zaman dayanmağın lazım olduğunu söyləyir, düşünməyə çağırır. Onlar birgə mümkündürlərmi?

İşimi ailəmlə birlikdə başlamışam – ideyanı verdim, bacım və qardaşım mənə qoşuldu. Biz qardaşımla çox fərqliyik: o elə məhz şərq yanaşmasının – tələsməyən, diqqətli mütərəqqi inkişafın tərəfdarıdır, mən isə təbiətcə yorulmazam. O, məni daima yavaşladır, bunun üçün ona dəfələrlə minnətdar olmuşam: məhz onun yanaşması bizi çox vaxt uğursuzluqdan xilas edib. Bu yaxınlarda dedim ki, ətrafdakı hər kəs mənə oxşasa, çoxdan müflis   olardıq. İnsanlar fərqli, bir-birini tamamlayıcı olmalıdırlar. Təbii ki, dayanmağınız, gözləməniz lazım olan anlar var. Təhsilcə memar olaraq hər şeydə tarazlıq saxlamağa çalışıram. Bu isə ideal nəticəyə gətirib çıxarır: gözəllik və harmoniyaya.

 

Yeni bir işə başlayanda hansı səhvlərə yol verirdiniz? Yeni başlayan sahibkarlara nə kimi xəbərdarlıq edərdiniz?

Mənim öz şüarım var: səhv etməkdən qorxmuram – cəhd etməməkdən qorxuram. Səhvlər olduqca çox olub. Ancaq bu mənim qiymətsiz təcrübəmdir! Heç bir iş görməyənin səhvi olmur, risk isə həmişə var. Alpinizmdə risk xüsusilə böyükdür: orada o həyatla bağlıdır. Buna görə, hər şey ən kiçik xırdalıqlara qədər düşünülür – hava, yol yoldaşları, avadanlıq... Biznesdə itkilər ölümcül deyil və daha cəsarətli davranmaq olar. Biznes üçün ilk növbədə strategiya, bazarda dəqiq hədəfin seçilməsi və rəqabətli qiymətlərin yaradılması lazımdır. Öz biznesimi quranda dəqiq anlayırdım ki, boşluğu doldurmalıyam. Benetton markasının parlaq rəngləri xoşuma gəlirdi, və oxşar partnyor olaraq LC Waikiki brendini götürdüm. Nəticədə həm yerli, həm də Gürcüstan bazarına rəngarənglik gətirdik.


Biznesinizin vacib bir xüsusiyyəti də müştəriyə yönəldilmiş diqqətdir. Bazarda olduğunuz illər ərzində müştəri nə qədər dəyişib?

Bəli, müştəri ilə iş – təməllərin əsasını təşkil edir, çünki o, bizim əsas sərvətimizdir. Müştərinin etimadını qazanmaq, onu təkrar-təkrar bizə qayıtmağa ruhlandırmaq bizim prioritet məsələmizdir və biz daima bunun üzərində çalışırıq. Bu yaxınlarda My Brands şəbəkə siyasətində bəzi dəyişikliklər etdik və bunu onların xeyirlərinə edildiyini izah etmək üçün şəxsən özüm müştərilərlə görüşdüm. Bir dəfə qardaşım və mən bir şirkətin dəvəti ilə İtaliyada idik. Birdən bacım zəng edib dedi ki, bir müştəriyə ayaqqabı lazımdır. Hər şeyi buraxıb ayaqqabını axtarmağa getdik və nəticədə o ayaqqabını başqa bir şəhərdə tapdıq.

Sevdiyimiz və qiymətləndirdiyimiz müştərilərin artıq üçüncü nəsilinə xidmət edirik. Bu yaxınlarda şirkətimizin iyirminci ildönümünü qeyd etdik, fəaliyyətlərimizdə iştirak etdiklərini və bizim üçün çox əhəmiyyətli olduqlarını vurğulamaq məqsədilə daimi müştərilərimizi də dəvət etməyi unutmadıq. Mütəmadi olaraq personal üçün təlimlərkeçdiyimiz Novco Akademiyası, sosial şəbəkələrdə açıqlıq, 2005-ci ildən bəri təqdim etdiyimiz müxtəlif yeniliklər – məsələn, müştərinin doğum günü üçün xüsusi endirimlər təqdim edən My Birthday proqramı – bütün bunlar ən tələbkar müştərilərimizi belə qane etməyəyönəlib.


Dünya səyahətlərinizin başlanğıc nöqtəsi hara idi?

Həmişə təbiətdə olmağı çox sevirdim, atamla tez-tez bizim rayonlara gəzməyə gedirdik, mənzərəli bir yerdə çadır qururduq, od qalayırdıq... Ancaq mən ciddi şəkildə bizneslə məşğul olmağa başladıqdan sonra özümə vaxt ayıra bilmirdim və səyahətlər ikinci plana keçmişdi. 2010-cu ildə Qəbələdə kvadrosikletdən yıxıldım. Üzüm yarıldı, ayağım qırıldı, iki ay qoltuqağacı ilə gəzməli oldum. Elə o zaman ilk dəfə gördüyüm və yaşadığım hər şeyi təsvir etmək ağlıma gəldi. Və mən LiveJournal yazmağa başladım. Bu, ilk növbədə, o vaxt kiçik olan uşaqlarım üçün bir mesaj idi – istədim ki, keçmiş barədə bilsinlər, onu qiymətləndirməyi öyrənsinlər. Yalnız bundan sonra bu qəzanın çox pis nəticələnə biləcəyini anladım. O zaman həyatımı sonraya buraxmaq istəmədiyimi, nə qədər ki, gücüm, imkanlarım və fiziki dözümlüyüm var, dünyanı görmək və bunu elə indi etmək istədiyimi, dənizlərdə üzmək və dağlara dırmanmaq istədiyimi başa düşdüm. Sağalan kimi, fəal şəkildə trekinqlə  məşğul olmağa başladım, Qafqaz dağlarına getdim, özümə həmfikir yoldaşlar tapdım, özüm üçün yeni yerlər kəşf etdim. Məsələn, İsmayıllı yaxınlığında çox maraqlı Qaranohur gölünü kəşf etdim. Mən onu Google xəritəsində tapmışdım, yerli ovçunu məni ora aparmağa yola gətirdim. Marşrut çox çətin idi, amma qarşımda açılan gözəlliklər buna dəyərdi!.. Tədricən alpinizmlə maraqlandım. İlk fəth etdiyim zirvə Qusardakı Heydər Zirvəsi oldu, sonra – Şahdağ, Bazardüzü... Sonra səyahət coğrafiyasını genişləndirmək istədim və dünyanı gəzməyə başladım.


Təəssüratlarınızı instaqramda paylaşmağa o zaman qərar verdiniz?  

Kilimancaronu, Ağrı dağını,İliniza Norteni, Savalanı və digərdağların zirvələrini fəth etdikdən sonra mənim bir məqsədim yarandı: görmək istədiyim yerləri qeyd etməyə başladım. Belə yerlərdən biri Meksikada Qaranquş Mağarasıdır – çox çətinliklə gedilə bilən bir yerdir, amma mən yenə dəoraya çıxa bildim. Bu ömürlük yaddaqalan bir şeydir! Lap çoxdan National Geographic jurnalında Madaqaskarda yerləşən Tsingi parkını görmüşdüm. Torpaq və palçıq yolu ilə səkkiz saat, bəzi yerləri paromla keçərək bu yerə çatdım, ağcaqanadların məni dişlədikləri malyariya ocağında oldum, amma xoşbəxtlikdən hər şey qaydasında idi… Nəticədə Tsingi parkına gəlib çıxdım: iynəyarpaqlıya bənzər, lakin ülgüc kimi iti daş meşələr. Bu möhtəşəm mənzərə idi! «Tsingi» sözünün mənasıməgər«barmaq ucunda» gəzmək demək imiş. Çox ehtiyatlı hərəkət etməli idim. Mağaralar,  çətin keçilən yollar, labirintlər – bir sözlə, hər şey sevdiyim kimi. Torontoda, Monrealda və digər böyük şəhərlərlə yanaşı Kanadada da olduğumda nəsə xüsusi bir şey görmək istəyirdim. Kanadanın incisi – Alberta regionunda yerləşən Bamf milli parkıdır, Leyk Luiz isə yəqin ki, dünyanın ən gözəl gölüdür. Məhz orada mənim ağlıma instaqramda öz təəssüratlarımı paylaşmaq ideyası gəldi. Mən geri gələn cavabları, hər kəsdə oyanan marağıgördüm və bu məni daha da çox ruhlandırdı. İndi hər səyahətimdə yerli gidlərdən az bilinən məlumatları toplamağa çalışıram, yaşadığım duyğulardan bəhs edirəm.

Necə oldu ki, Antarktidaya getdiniz?

Hər bir səyyahın bir qayda olaraq getmək istədiyi yerlərin siyahısı var. Mən bütün qitələrdə olmaq istəyirdim və demək olar ki, hamısında olmuşam, bu günə yalnız Avstraliya qalıb. Antarktidaya getmək təklifini dərhal qəbul etdim. Səyahət bir il əvvəl planlaşdırılmışdı. Deyə bilərəm ki, bu həyatımda əsl ciddi sınaq idi. Ən qısa yol – Cənubi Amerika və Antarktida arasında Dreykboğazından keçən su yoludur və bu boğaz dünyada küləyin ilin 365 günü tüğyan etdiyi ən sərt boğazdır. Orada çoxlu gəmi batıb, buna görə də dənizçilər daha sakit Magellan boğazına üstünlük verirlər. Biz çox yellənirdik, demək olar ki, gəmi bizi əməllicə atıb-tuturdu. Dərmansız bu yolu keçmək mümkün deyil. Hətta göyərtədə gəzmək təhlükəlidir – zədə almaq olar... Antarktida – tam başqa bir şeydir, əvvəllər gördüyüm hər bir şeydən çox fərqlidir. Mən rəssamlığı çox sevirəm. Odur ki, bu atmosferi rəsm əsəri ilə müqayisə etmək olar: elə bil qar və su qalın boya ilə çəkilmiş rəngkarlıq kətanının içindəsən...


Səyahətlərin sizi dəyişdiyini demək olar?

Əlbəttə. Səyahətlər insanın görüş dairəsini genişləndirir, müxtəlif insanlarla tanışlıqlar və söhbətlər yaddaşlara həkk olunur, ətrafıngözəlliyi parlaq emosiyalar bəxş edir. Ümumi olaraq səyahətlər səbrli olmağı və ətraf mühiti sevməyi öyrədir. Əlbəttə ki, bütün bu hisslər həmişə mənim daxilimdə olub, amma səyahətlər bu xüsusiyyətləri daha da üzə çıxardı. Mən ümumiyyətlə ruhən asketəm, həm beş ulduzlu oteldə, həm də heç bir narahatçılıq hissi keçirmədən çadırda da qala bilərəm.



Hansı ölkələr sizin gözləntilərinizi puç etdi və ya onlar haqqında bütün stereotipləri qırdı?  

Yəqin ki, düz deyirlər: gözəllik baxanın gözlərindədir. Məsələn, hansısa pessimist Hindistanda olduğunda dəhşətə gələcək. Mən isə optimist olaraq qədim mədəniyyət, Tac Mahal barəsində bəhs edərəm, bu mavzoleyi inşa edən ustaların hekayələrini danışaram, koloritliRadcastan şəhərini təsvir edərəm… Əgər səyahət etmək istəyirsinizsə, hər şeyə müsbət tərəfdən baxmalısınız!