Dünya ətrafında 180 gün

Yayda Bakıda “Fərid Novruzi ilə dünya ətrafında 180 gün” layihəsinin təqdimetmə mərasimi keçirildi. Fərid estafeti qitələri və okeanları təyyarələrin yardımı olmadan qət edən və daha sonra Ginnesin Rekordlar kitabına adını yazdırmaq üçün bunu lentə köçürən, bütün kontinentləri gəzən ukraynalı telejurnalist və sahibkar Artemiy Surindən alıb. Zarafatdır məgər? Bu tam olaraq drona çəkilən dünya ətrafında ilk səyahətdir! Uzun ayları dünya səyahətində keçirməyi, nəyə hazır olmağın lazım gəldiyi və Bakının təcrübəli səyyahın nəzərlərində üstün cəhətləri barədə söz açmaq üçün Artemiy xüsusi olaraq Bakıya gəlib. Fərid Novruzinin uzaq Boqotada səfərinin başlamasından yarım il sonra biz dünya səyahətinə yollanmaq arzusunda olanlar üçün Arteminin söhbəti və tövsiyələrini bölüşürük.

– Dünya səyahətində ən çətini vəsait və zaman deyil. Ən çətini – cəsarət etməkdir. Biz çox zaman özümüzə deyirik ki, bu uzunmüddətlidir, bahadır, təhlükəlidir və sair, amma dünya hazırda heç zaman olmadığı qədər açıqdır. İnternet müqabilində sən bir anın içərisində bütün informasiyanı əldə edə bilərsən – harada dayanmaq, necə getmək olar, sərhəddə vəziyyət necədir. Digər tərəfdən, uzun səyahətlər, xüsusən də uçuşsuz, hamıya uyğun deyil. Anlamaq lazımdır ki, bu, komfort zonasını sürətlə tərk etmək deməkdir. Mənim timsalımda bu 180 gündür, yarım il, Fərid Novruzi üçün isə - 9 ay. Sən faktiki olaraq hər şeyi tərk edirsən – evini, ailəni, tamamilə biznes proseslərindən əl çəkirsən və sair. Buna rəğmən, sən heç nədən məhrum olmayacaqsan, yalnız qazanacaqsan, çünki yol boyu qarşılaşdığın insanlarla ünsiyyət quraraq nəhəng təcrübə və ilham əldə edəcəksən. Onların böyük əksəriyyəti sənə yardım etməyə hazır olan yaxşı insanlardır, fərqi də yoxdur – sən Nikaraquadasan, Fransa Polineziyasındasan, Saxara səhrasındasan ya da Antarktidada – və bu çox ruhlandırır. Narahatçılığım da kifayət qədər idi: bacaracağammı, sevdiyim insanla münasibətlərim, biznesim necə olacaq... ümumiyyətlə, halım necə olacaq? Həm Ukrayna, həm Azərbaycan, bizim ölkələrimiz müstəqillik baxımından, səyahətçi mövqeyinin nöqteyi-nəzərindən kifayət qədər gəncdirlər: biz nisbətən yaxınlarda səyahət etmək imkanı qazanmışıq, halbuki Qərbi Avropa və Amerika belə imkana çoxdan malikdir. Əvəzində, bütün bu texnologiyalara və səyahətlərə vurğunluğa malik olaraq, biz dünyaya göstərə bilərik: uca dağlarda və ya haradasa tayfada olan uşaqlar, dinləyin, belə bir ölkə var – Azərbaycan, mən oradan gəlmişəm və dünya ətrafında səyahət edirəm. Beləliklə də, sən öz ölkənin çox güclü promo və imicini formalaşdırırsan.

Bu aylar ərzində ən xoş və ya ən gülməli xatirəniz hansıdır?

Obyektiv olaraq indi ən parlaq təəssürat – Bakıda olmağımdır. Digərlərinə gəldikdə isə, ən çox insanın minimal mövcud olduğu yerlər təsir qoydu. Afrika qitəsində bu, Saxara səhrasıdır. Karvanla birlikdə onun dərinliklərinə getmək mümkün olduqda, sən səhranın dərinliyində olursan və bədirlənmiş ay parlayır... Biz kameralarla, ISO qaldırmayaraq, əlavə işıqlandırma istifadə etməyərək çəkirdik və işıq gündüz Bakıdakı kimi idi. Bir də səhranın sakitliyi... Hətta şəhərdən kənarda yaşayırsınızsa, sizi daim hansısa səs-küy, yarpaqların səsi olsa belə təqib edir. Səhrada isə bir dənə də səs yoxdur və bütün reseptorların həyatda ilk dəfə olaraq bu total təmizliyi duyur. Təəccübləndirən digər nöqtə, əlbəttə ki, Antarktidadır. Bu ən təmiz qitədir, orda faktiki olaraq ancaq pinqvinlər, aysberqlər, balinalar var, insan isə yoxdur. Bir də dünyanın ən böyük və dərin okeanı – Sakit okeanın ortasındakı çətinliklə gedilə bilən regionu qeyd edərdim. Mən Sakit okeanı bir neçə gəmidə 1 ay 5 günə qət etdim və bir neçə nadir yerlərdə ola bildim. Birincisi – planetdə Bakıdan ən uzaq nöqtə, Pinker adasıdır. Ona ən yaxın torpaq – Yeni Zelandiya – 5000 kilometr məsafədə yerləşir. Bu elə bir yerdir ki, ondan daha uzağı ümumiyyətlə yoxdur. Bax, orada “mən Allah bilir haradayam” söyləmək olar. Bu çox maraqlı adadır, orada 48 nəfər yaşayır. Təcrid olunmuş halda yaşayırlar, onların 44-ü ilə tanış ola bildim. Onlar yaxın qohumlar arasında cinsi əlaqələri tətbiq edirlər, onların çox qəribə adətləri var, xoşagəlməz sosial nüanslar mövcuddur, amma onları nəzərə almasaq, bu ada çox maraqlıdır. Həmçinin Fəridin yolunun üstündə bir nöqtə var ki, orada bir çoxları olmaq arzusundadırlar, arzu varsa, deməli məqsəd də var. Bu, Fransa Polineziyası və ən məşhuru Bora-Bora olan adalar sırasıdır. Ümumilikdə, Fransa Polineziyası Tur Heyerdalın kitablarını və sərgüzəşt romanlarını oxuyaraq özümüzə təsəvvür etdiyimiz kimi ənənələr və ada həyatı ruhu ilə dolu olduqca xarizmatik diyardır. Sayəsində komfortla istənilən ölkəyə uçduğumuz həmən qloballaşma konkret ölkələrin xarizmasını və özünəməxsusluğunu aradan aparır və toxunulmayan yer çox az qalıb. İndi Yeni Zelandiyaya, Meksikaya, Şimali Amerikaya gələrək mərkəzi şəhərinə üz tut – prinsip etibarı ilə hər şey eynidir. KFC, eyni brend dükanlar, “Uber”... istər-istəməz özəlliyini qorumağı bacarmış ölkələri qiymətləndirirsən. Kolumbiya yaxınlığında kiçik arxipelaq var – Sanblas. Bildiyiniz kimi, Alyaskada başlayan və ta cənuba qədər uzanan Amerika şosesi mövcuddur və bir seqment var ki, bu şose oradan keçmir. Mərkəzi Amerikadan, panamadan, uçuşlardan istifadə etməyərək Kolumbiyaya yalnız su yolu ilə yetişmək mümkündür. Su ilə isə – Sanblas arxipelaqından keçirsən. Bunlar Maldivə bənzər kiçik adacıqlardır: palma, qum... Orada gözəl xalq – kuna – sivilizasiyanın həqiqətən də sirayət etmədiyi hindular yaşayır. Bu olduqca güclü təəssüratdır! Yaxınlarda Pakistanda xunza qəbiləsinə gedib çıxa bildim, ola bilsin onlar barədə eşitmisiniz, bu uzunömürlülər qəbiləsidir. Onlar üçün 100 il yaşamaq bizim üçün, məsələn, 70 il yaşamaq kimidir. Onlar əriklə dolanırlar, bu onların əsas rasionudur, tərəvəzlə, pendirlə, qışda isə rasionlarına ət daxil edirlər. Xunzalar 3 dağ silsiləsinin qovşağında yaşayırlar və bu, özəlliyini itirməyən olduqca maraqlı xalqdır. 

Səyahətinizdə ən mürəkkəbi nə idi?

Düşünürəm ki, bu səyahət – həyatda etdiyim ən ciddi işdir. Ən böyük çətinlik – sevgilimdən ayrılıqdır. Özünü necə hazırlasan da, yenə də obyektiv olaraq doğmaların, ev üçün darıxırsan. Eyni zamanda yarım 3 dəfə yanıma gəlib və biz bir neçə mərhələni birgə qət etmişik. 9 ay davam edən səyahətin təqribən 2,5 ayını biz birgə keçirdik, bu bizim hər ikimizə güclü dəstək oldu. Ehtimal edirdim ki, yolun müəyyən mərhələsində psixo-emosional böhran olacaq. Bu məndə Avstraliyadan Asiyaya konteyner daşıyıcısı ilə gəldiyimdə baş verdi. Mən tamamilə düşkün vəziyyətdə idim. Video çəkmək üçün heç bir qüvvəm qalmamışdı. Məsələ burasındadır ki, mən qarşımda video çəkmək, sənədli film yaratmaq, “Youtube” üçün çəkmək məqsədi qoymuşdum, orada yerləşdirilən 15 seriyanı seyr etmək mümkündür. Lakin bu hər gün bir neçə saat çəkiliş tələb edir. Axşam isə yorğun halda otelə gəldikdə və yatmaq istədikdə, video-gündəliyin yazılması, kitab üçün bütün gün ərzində baş verənlərin qeydiyyatı, materialların köçürülməsi, onun çeşidlənməsi, kameraların, enerji toplama qurğularının hazırlanması ən azı iki saat tələb edir. Hər gün də beləcə. Bundan əlavə sən sabah üçün marşrutu müəyyənləşdirməlisən və sair. Və bir an düşündüm ki, vəssalam, artıq bacarmıram. Yenidən qüvvə toplamaq üçün nə isə etmək lazım idi. Tailanda yetişdim və 7 günlük hər bir rabitəni söndürdüm, kameranı kənara qoydum, 7 gün ac qaldım, yoqa və idmanla məşğul oldum, bu mənə bərpa olmağa və çəkilişləri davam etdirməyə imkan verdi. Bu vəziyyət - əsl çətinlikdir, digərləri – hövsələ məsələsidir. Cənubi Amerikadakı qədər heç zaman avtobusda bu qədər yol getməmişəm. Perudan Çiliyə yol – fasiləsiz 36 saat! Avtobus bir dəfə gecə yanacaq doldurmaq üçün dayanır, tualet içəridədir. Hindistanda da çətin yollar var idi, 300 km məsafəni 26 saata qət edirsən, özü də çalalarla, kilometrlərcə uzanan uçurumlarla. Avtobus bu yollarda dəlicəsinə şütüyür, içəridə 49 nəfər var, mən 50-ciyəm. Və 49 nəfər dini etiqadlarına əsasən inanırlar ki, indi həlak olsaq, hər şey yaxşı olacaq, reinkarnasiya var. Və 50 nəfərdən tək sən narahat olursan – mənzil başına yetişəcəksən ya yox. Pakistanda gözəl region olan Bəlucistandan keçirdim: orada 3-5 əli avtomatlılarsız bir addım belə atmaq mümkün deyil, onlar səni blok-postlarla müşayiət edirlər və sən haradasa 500 kilometri 18 saata qət edirsən. Bütün bunlara fiziki cəhətdən dözmək mümkündür – hə, belin ağrıyır, buna görə böyük problemlər yaranır, çantaları daşıyırsan, hər gün bir yerdən digərinə köçürsən... Amma bütün bunlar yaxınlarınla ayrılıqdan daha asandır.

Avstraliyadan Sinqapura gedən konteyner daşıyıcısına gəldikdə isə, bu turist gəmisi deyildi, orada dənizçilər çalışırdı, onlar isə tam fərqli reallıqda yaşayırlar. Gəmi on minlərlə ton yük daşıyır və sən orada iki həftə okeanda keçirməlisən. Sənə ayrılan sahə kiçik kayut, əvvəlcədən kaska və xüsusi şalvar geyinərək bəzən yağa bulaşmış döşəmə ilə kranlar və ölümcül dərəcədə yorğun insanlar arasında gəzə biləcəyin göyərtə ilə məhdudlaşır: onlar yalnız 3-4 saat yata bilərlər, çünki bir-birini əvəzləməlidirlər. Sən onlara yaxınlaşırsan: “Salam, mən gəldim, mən sizinlə gedəcəm!” – onlar isə sadəcə sənə baxırlar. Və əl tutub görüşdükdən sonra sən iki həftə ərzində əlindən maşın yağını yuyub təmizləyə bilmirsən. Orada adət etdiyim heç nə yox idi, odur ki, ümumilikdə həyatım haqqında düşünmək imkanım oldu. Hansısa aydınlanma var idi. Əlbəttə, mən təxmin edirdim ki, səyahət zamanı yeni dərketməyə sahib olacam, amma düşünürdüm ki, bu haradasa Hindistanda, məbədlərin yaxınlığında baş verəcək. Bunun konteyner daşıyıcısında baş verməsi mənim üçün sürpriz idi.

İrandan savayı digər ölkələrdə dronla bağlı problemləriniz olubmu?
Xeyr, dronla bağlı heç bir problem olmayıb. Onu Tunisə keçirmək çətin idi, çünki onlarda ona qadağa qoyulub. O zaman mənimlə operator və rejissor da səyahət edirdi, biz onu sadəcə xırda detallarına qədər sökdük və müxtəlif çantalara yerləşdirdik. Bundan əlavə, Antarktidada balaca çətinlik oldu, çünki orada da dronlara qadağa var, lakin argentinalı kapitanla dostlaşdım və o xəlvət çəkilişlərə icazə verdi. Qalan zaman mən çalışırdım yaxınlıqda gizli obyektlər olmayan, ümumiyyətlə, insan olmayan yerlərdə çəkiliş aparım, əsas diqqət təbiətə yönəlmişdi. Dörd dron var idi, onlardan ikisi məhv oldu. Biri – Kolumbiyada, Boqota yaxınlığında. O, şəlaləyə çox yaxınlaşdı, çünki mən peşəkar deyiləm, bütün bu zaman ərzində mən öyrənirdim və dronun üzərinə su şırnağı düşdü. İkinci dron qəhrəmancasına Antarktidadan qayıtdıqdan sonra Uşuaya körfəzində həlak oldu. Güclü külək var idi və haradasa çəkilişlərin beşinci dəqiqəsində güclü qasırğa başladı. Mən sadəcə dayanıb bu kiçik dronun küləyə qarşı uça bilməməsini seyr edirdim . Mən onu görürəm, düyməni sıxıram ki, yanıma uçsun, onun isə batareyası düşür və gözlərimin önündə tədricən aşağı enir. Bundan sonra “DJI Mavic 2 Pro” aldım və indiyə qədər də çəkilişləri onunla aparıram, bu uğurlu modeldir, güclü və yaxşı kameralı.

Bakı küləklərinin gücünü üzərinizdə hiss etdiniz?

Mən dənizdən əsən xoş xəzrini hiss etdim. Ümumiyyətlə, mənə elə gəlir ki, Bakı çox uğurlu yerdə yerləşir. Burada olmadığım 4 il ərzində şəhər eyni zamanda bir neçə sahədə kvant sıçrayışı edib. Səyahət etdikdə müqayisə etmək imkanı qazanırsan. Mən bura Asiyadan, Sinqapurdan başlayaraq gəlmişəm, daha sonra Tailand, Malayziya, Myanma, Hindistan, Pakistan, İran – və bütün qət etdiyim yolda bu ən yaxşı paytaxtdır. Birincisi, siz çox təhlükəsiz şəhərdə yaşayırsınız, gecə saat 2 və 3-də uşaqlarla çıxıb sakitcə gəzmək mümkündür. İnanın, buna dünyada elə də çox rast gəlinmir. Belə ölkələrin sayı bir-neçədir – Avstraliyada, Yeni Zelandiyada, Sinqapurda, məsələn. Hətta ABŞ-ın bütün şəhərlərində belə deyil. Təhlükəsizlik baxımından öz regionunuzda birmənalı lidersiniz. İkincisi, Bakının təmizliyi valeh etdi. Yenə də Sinqapurla, Avstraliya, Yeni Zelandiya ilə müqayisə etmək olar. Dünyanın bir çox ölkələrində zibili sadəcə maşından bayıra atırlar. Üçüncüsü, siz köhnə şəhərin memarlığının təhqir olunmasına yol verməmisiniz. Dördüncüsü, Bakı gündüz gözəldir, amma gecə işıqlara bürünəndə, çox valehedicidir! Çox düşünülmüş illüminasiyadır – hər şey vahid konseptdə, vahid rəng qammasında, praktiki olaraq hər şey işıqlandırılıb. Beşincisi, yollarınız idealdır. Bu asfalta baxırsan və nə üçün burada “Formula-1” keçirildiyini anlayırsan. Bu, kənar, burada yaşamayan adamın fikridir. Siz burada yaşayaraq buna diqqət yetirməyə bilərsiniz, siz buna adət etmisiniz. Yenicə dünyanın 130 ölkəsini gəzən insan isə bütün bunları görür. Bunlarla fəxr edə bilərsiniz.

Yeri gəlmişkən, hiss edirəm ki, siz Dubaydan nümunə götürməyə çalışırsınız, o sizin üçün bir növ oriyentirdir. Bir tərəfdən bu çox yaxşıdır, digər tərəfdən isə – sizdə Dubayda olmayan mövcuddur. Bakıda ötən əsrdə müharibə zamanı dağılmayan və tarixi qoruyan memarlıq abidələri qalıb. Və ən əsası – şəhərin ruhudur, o, insanlarda və onların bir-birinə münasibətindədir. Mən küçədə ayaq saxlayaraq kimdənsə soruşa bilərəm – mənə yardım edəcəklər, öyrədəcəklər. Mən sizə arzulamaq istərdim ki, sürətli inkişaf zamanı bu fenomenal qonaqpərvərliyinizi itirməyəsiniz.

Bu və ya digər nəqliyyat növünün üstünlüklərindən və dünya səyahətinə hazırlıqdan danışın: hazırlıq zamanı hansı məqamlara diqqət yetirmək lazımdır və o nə qədər davam edir?

Mən avtomobildən istifadə etməməyi məsləhət görərdim, çünki sərhədləri avtomobillə və avtomobilsiz keçmək arasında böyük fərq var. Avtomobilin xüsusi sənədi olmalıdır, sertifikatlaşmış avtomobil assosiasiyalarından birində avtomobilinizin qiyməti qədər depozit ödəməlisiniz ki, bu keçəcəyiniz bütün ölkələrə avtomobilinizi orada satmayacağınıza təminat olsun və sair. Bundan əlavə, bu sənədi sərhəddə möhürlətməlisiniz, bu da olduqca çox vaxt alır. Siz sürücüləri icarəyə götürə, avtobuslarda gedə, qayıqlarda üzə bilərsiniz – və avtomobil olduqda siz bütün bunlardan məhrum olacaqsınız. Öz avtomobilinizlə nə konteyner daşıyana, nə kruiz laynerinə, nə yaxtaya minə bilcəksiniz. Bundan əlavə, avtomobili həmişə icarəyə götürmək olar. Mən səyahətə yüngül yüklə çıxmağı tövsiyə edərdim.

Hazırlığa gəldikdə isə, ən əsası – marşrutu hazırlamaqdır. Mən dünya səyahəti haqqında uşaqlıqdan xəyallar qurmuşam, 9 il əvvəl bu barədə ciddi düşünməyə başladım, bir il əvvəl isə Tailanda gəldim və təqribən iki həftə gərgin iş nəticəsində marşrutu hazırladım. Əsas okeanların qovuşmasını birləşdirməkdir. Sən gəmilərin hərəkət cədvəlini tapmalısan, vaxtları müqayisə etməlisən. İkinci məqam – vizalardır. Təəssüf ki, biz hamımız viza almaq, səfirliklərə getmək, qaçqın və mühacirət etmək istəyən qanun pozğunçusu olmadığımızı sübut etmək məcburiyyətindəyik. Amerika vizasını mütləq rəsmiləşdirmək lazımdır, amma o yalnız Amerikada keçərli deyil. Bu viza ilə siz bütün Mərkəzi Amerikanı qət edə bilərsiniz: Meksika, Beliz, Qvatemala, Honduras, Nikaraqua, Kosta-Rika, Panama. Bütün bu ölkələr Amerika vizasına malikdirlər. Diqqət yetirməli daha bir məqam: adətən vizalar 3 aylıq müddətə verilir. Məndə belə problem Fransa Polineziyası ilə meydana gəldi: martın 14-də Kiyevdən start götürdüm, martda isə Polineziyada olmalı idim. Özü də ukraynalılara Fransaya daxil olmaq üçün viza tələb olunmur, amma Fransa Polineziyasına lazımdır. Səfirlikdə mənə dedilər: sən orda yarım ildən sonra olacaqsan, bizdə isə viza yalnız 3 aylıqdır. Vizanı yolda rəsmiləşdirmək lazım idi. Polineziyaya daxil olmağa 3 ay müddət yetişdikdə, – gəmidə, artıq biletlər də alınmışdı, - mən ABŞ-da idim. Hyustonda, Texasda getdim vizanı rəsmiləşdirməyə. Mənə dedilər: sizdə turistik vizadır, yaşamaq üçün icazəniz yoxdur və bu vizanı burada almaq üçün əsasınız yoxdur, onu almaq üçün  Ukraynaya dönməlisiniz. Mən ABŞ-a uçuşlarsız 3 aya çatdığım üçün, mənə Ukraynaya qayıtmaq üçün də bir o qədər zaman tələb olunur və geriyə və yenə də vaxt çatmayacaq! Komandamız öyrəndi ki, istisna hallarda bu vizanı verə bilərlər, amma qərarı ölkə səfiri şəxsən qəbul edir. Daha pisini düşünmək mümkün deyildi – Fransanın Vaşinqtondakı səfiri nə üçünsə Polineziyaya gedən və təyyarələrlə uça bilməyən, həm də hansısa gəmilərə görə tələsən ukraynalının düşdüyü vəziyyəti nə üçünsə anlamalı idi... o zaman başa düşdüm: hansısa çətinliyin varsa, “Facebook” dostlarına müraciət et, bu real yardım edir, biz artıq yalqız deyilik. İnsanlar sənin problemini açıq müzakirəyə çıxarırlar. Bu viza məsələsində mənə XİN də, hamı da yardım göstərdi... mənim belə əlaqələrim yox idi. Amma yenə də vizalar haqqında əvvəlcədən və çox diqqətlə düşünmək lazımdır.

Özünüzlə səfərə qadjetlərdən başqa hansı 5 əşyanı mütləq götürürsünüz?

Əlbəttə ki, mütləq pasport. Orda çox boş yer olmalıdır, çünki ştamplar yağışdan sonra göbələk kimi peyda olacaqlar. Mən özümlə iki pasport götürmüşdüm. İkincisi – kredit kartıdır. Üçüncüsü – smartfon, dördüncüsü – nağd pul. Mən onları götürməyi məsləhət görərdim. Nağd pulum Meksikaya daxil olanda qurtardı və hiss edirdim ki, kartdan asılı olmaq həmişə rahat deyil. İranda da kartlar işləmirdi, buna görə də Pakistanda kartdan nağd pul çıxardım, orda isə komissiya dəhşətdir, mən məbləğin təqribən 20%-ni itirdim... Sonuncu isə – əlbəttə ki, texnikadır, çünki belə bir səyahətdən xatirə qalmayacaqsa, bunu həmvətənlərinlə bölüşə bilməyəcəksənsə, çox üzücüdür. Əgər heç olmasa bir nəfəri ilhamlandıra bilsəniz, deməli hər şey əbəs deyildi. Səfərdən 10 gün əvvəl özümlə aparacaqlarımla bağlı post yazmışdım, orada dərmanlar da var idi, antibiotiklər, bağlar. Mənə yazırdılar: “Bu azdır! Allergiyaya qarşı da götür!” Mən deyirdim: “Allergiya yoxdur”. Mənə yazırlar: “Olacaq!”. Nə isə, özümlə böyük dərman bağlaması götürdüm, sonra onların 90%-ni tulladım. Transformer-çantam olsaydı, “İkea”ya bənzər, amma daha böyük, düşünürəm ki, bu ideal olardı. Təkərlər də lazımdır, bu yolun müəyyən hissələrində beli yükləməməyə yardım edir. Yeri gəlmişkən, özümdə müşahidə etmişəm: haradasa bir gündən artıq qalırsansa, haldan düşürsən və yolunu davam etdirmək daha çətin olur. Saxarada tanış olduğum bədəvilər deyirlər: yolunu davam etdirməlisənsə, axşam tonqalın kənarında oturma. Orqanizm siqnal alır ki, dincəlmək olar və sonra toparlanmaq çox çətindir.

Təyyarələrdən istifadə olunsa, dünya səyahəti üçün hansı büdcəni nəzərdə tutmaq lazımdır? Və maliyyə vəziyyətləri yaxşı olmayan insanlar dünya səyahətinə yollana bilərlərmi?

Yaxşı sualdır. Səyahəti müxtəlif cür etmək mümkündür, müvafiq olaraq, büdcə də fərqli ola bilər. Uçuşlarsız səyahət çox baha başa gəlir, çünki bir sıra çox bahalı seqmentlər var, məsələn, okeanların qət edilməsi. Hesablamalarıma görə, uçuşlarsız dünya səyahəti ən azı 20 min dollara başa gələcək. Bu məbləğ haradasa yolda əlavə işləməməyə imkan verəcək, çünki belə variant da mövcuddur. Mənə isə bu daha çox baha başa gəldi, çünki Sakit okeanın qət edilməsi kimi bahalı seqmentlər var idi. Antarktida çox bahadır... üstəgəl yolun birinci hissəsində mənimlə bərabər operator və rejissor da var idi. Mən avtostopdan istifadə etmirdim, çünki qiymətli kameralarım var idi və düzünü deyim, bilet alıb avtobusla getmək və ya ucuz maşın götürmək mənim üçün daha rahat idi. Bir məqamda, peşman olmamaq üçün, bu layihənin dəyərini hesablamağı dayandırdım. Əvvəl düşünürdüm ki, layihə təqribən 100 min dollara başa gələcək, amma artıq indi görürəm ki 120-130 min həddini aşıb. Hamımızın imkanları fərqlidir, lakin səyahətə böyük həvəsiniz varsa, özünüzü pul məsələsi ilə məhdudlaşdırmayın. Qarşınıza məqsəd qoyun, bu barədə düşünməyə başlayın, ilk addımı atın – və görəcəksiniz ki, hər şey yoluna düşəcək. Mütləq vəsait, sizə yardım edən dostlar və insanlar tapacaqsınız.

 

Foto: mətbuat materialları