Keçən illər ərzində şüursuz insan fəaliyyətinin yeganə və əvəzolunmaz planetimiz üçün az-çox nə qədər problem yaratdığını dərk etdik. Bu gün cəmiyyətin diqqəti təbiətin, havanın faciəvi çirklənməsinə və bu səbəbdən qlobal istiləşmənin yaranmasına, ekoloji təhlükəsizliyə və nəhayət, bəşəriyyətin bu çirklənmənin ətraf mühitə təsir etməsinə qarşı məsuliyyətinə yönəlib. Hər gün xəbərlərdə Antarktidada buzlaqların necə əridiyini, bütün dünyada ağacların kəsildiyini, planetin "ağciyəri" adlandırılan Amazon meşələrinin yandığını, dənizlərdə balıqların və digər canlıların tələf olduğunu görürük... Tibbin inkişaf etməsinə baxmayaraq tez-tez xəstələnirik. İnsanlar təmiz içməli sudan getdikcə məhrum qalır, reklamlar isə bizə GMO tərkibli məhsulları tərifləyir. Təbiətdə sağlamlığımıza və həyat tərzimizə çox pis təsir göstərən böyük dəyişikliklər baş verir! Bilmirəm, bəlkə də sonsuz eqoist olmaq insan təbiətinin bir hissəsidir? Ancaq indi dərk etməyin tam vaxtıdır: planetimizə nəvələrimizin xatirinə deyil, özümüz üçün rəhm etməliyik. Problemi tam dərk edərək, mən təmiz bir mühit uğrunda qlobal hərəkatda iştirak etməyə çalışıram. Elektrik və suyu səmərəli şəkildə istifadədən başladım, artıqları atmamaq üçün daha az qida məhsulları almağa çalışıram, sevməyimə baxmayaraq ət yeməkdə özümü məhdudlaşdırmışam.
Düşünürəm ki, hər birimiz planetimizin daha yaxşı bir gələcəyi üçün bu hərəkata qoşulmalıyıq və buna ən kiçik addımdan başlaya bilərik: ehtiyac olmadığı zaman işığı söndürməyi, suyu qiymətləndirməyi və qənaət etməyi öyrənməliyik. Elektrikli avtomobilə keçməyə çalışmalıyıq – bu çox əladır! Ən azı bir ağac əkməliyik və əti, toyuğu və balığı orqanizmimizin tələb etdiyindən artıq yeməməyə çalışmalıyıq. Əyləncə üçün ovlamaqdan imtina edin, özünüzə başqa, daha insani bir əyləncə tapın. Zibili sadəcə atmağa deyil, onları fərqli konteynerlərə ayırmağa, ən yaxşısı isə yenidən emal üçün təhvil verməyə vərdiş edin və uşaqlarınıza bunu öyrədin. Bu bizim üçün hər gün dişlərimizi fırçalamaq kimi bir normaya çevrilməlidir. Bunun üçün sadəcə özünüzü və Allah Təalanın yaratdığı bu dünyanı sevməlisiniz! Onun yaratdığını məhv etmək deyil, çoxaltmaq lazımdır! Təəssüf ki, bu gün söhbət onsuz da məhv etdiyimizi necə xilas etmək və bərpa etməkdən gedir...
P.S. Nargis jurnalı yeni Bakı Bulvarında Make the Earth Smile Recycling Exhibition by Nargis Magazine sərgisini təşkil edib. Sərgi oktyabr ayının 5-dək açıq olacaq. Emal olunmuş materiallardan hazırlanmış on üç instalyasiya insan və onun təbiətə münasibətindən bəhs edəcək. Belə bir hadisəni qaçırmayın! Lazımsız görünən tullantıların heyranedici sənət əsərlərinə çevrilməsinin şahidi olmaq şansını əldən verməyin! Bütün sponsorlarımıza təşəkkür edirəm! Siz böyük xeyirxah işlər görən, planetimizin taleyinə biganə olmayan kəslərsiniz və bu hadisə tarixə həkk olunacaq!
Ülviyyə Mahmudova,
baş redaktor