Old but Gold

Bütün modellərin sanki eyni standart ölçüdə olduqları vaxtlar sona çatır. Jurnalların üz qapaqlarında və fotoqrafların obyektivində çox vaxt zaman plus-size ölçülü qızları görürük. Yaş həddi kimi boş səbəblərə görə podiumlarla vidalaşmaqdan imtina edən bir çox modellər də var.

YÜZƏ NƏ QALDI

1949-cu ildə Dafni Self model karyerasına başlayıb və bu günə qədər dünyanın ən yaşlı modeli titulunu şərəflə daşıyır. 91 yaşlı Self həm də özünü gözəl hiss etmək və özünə inam qazanmaq istəyən hər kəs üçün kurslar verir.

İKİNCİ NƏFƏS

Yasmina Rossi ömrünün böyük hissəsini ailəsinə həsr edərək qırx yaşında model olmağa qərar verib. İndi 64 yaşında olan Rossi heç bir cərrahi müdaxilə olmadan yalnız təbii gözəlliyi və model parametrləri, eyni zamanda Marks&Spencer, YSL, Hermes və Jil Sander ilə müqavilələri ilə öyünə bilər.

 

SAĞLAM GENETİKA

Lisenziyalı dietoloq, yarım əsrlik təcrübəsi olan model və üstəlik Tesla, SpaceX və PayPal kimi şirkərkətlərin rəhbəri İlon Maskın anası Mey Maskın lüğətində "pensiya" sözü yoxdur. Ancaq oğulun şöhrəti deyil, əzmkar və yorulmadan işləmək istəyi bu qadına Clinique, Revlon və CoverGirl kosmetik markaları, həmçinin Virgin America avia şirkəti ilə müqavilələr bağlamaq imkanı verib.

SARSILMAZ İNAM

Veruşka kimi tanınan anadangəlmə qrafinya Vera Qotlibe Anna fon Lendorfun həyatı maraqlı bir film üçün material ola bilərdi: konslagerdə keçən uşaqlıq, Hamburqda sənət təhsili, Florensiyada, Parisdə, Nyu-Yorkda modellik, Mikelancelo Antonioninin "Foto böyütmə" filmində rol, Salvador Dali ilə əməkdaşlıq... Uzun boylu 79 yaşlı sarışın hələ də zaman-zaman qonaq ulduz qismində moda nümayişlərində iştirak edir.

 

UZUN ÇƏKƏN QAYIDIŞ

İnqrid Berqmanın və kinorejissor Roberto Rossellininin qızı İzabella Rossellininin həm kinoda, həm podiumda parlaq karyerasının olacağı bəlli idi, ancaq bunun belə uzunmüddətli olacağını kim bilə bilərdi? Qırx yaşında İsabella biznesdən az qala gedəcəkdi: Lancome kosmetik brend gözlənilmədən onunla müqaviləni ləğv etdi. Yalnız model 65 yaşına çatdıqda, şirkət fikrini dəyişdi. Bu gün 66 yaşlı Rossellini İnstaqramda retuş edilməyən fotolarını yayımlayır və sağlam həyat tərzini təbliğ edir.

 

GUCCI OSKARA LAYİQDİR!

Model sahəsində qazanılmış uğurlara görə "Oskar" verilsəydi, amerikalı aktrisa Fey Danaueydə bu mükafatdan iki ədəd olacaqdı: biri artıq var - "Teleşəbəkə" psixoloji dramında (1977) ən yaxşı qadın roluna görə. Hər 77 yaşında olan kəs Gucci çantalarının reklam kampaniyalarında çəkilə bilməz!

İllüstrasiyalar: Marina Kulakova 

Mətn: Nigar Orucova

Material əlli altıncı buraxılışda dərc olunmuşdur.