İKİ NƏFƏRLIK ULDUZ LIBRETTOSU

Yusif Eyvazov və Anna Netrebko

Onlar 2014-cü ilin əvvəlində Roma operasında tanış oldular, həmin ilin yayında isə Zaltsburqda nişan mərasimləri baş tutdu. Dünya opera səhnəsinin ulduzları Yusif Eyvazov və Anna Netrebko ittifaqlarının möhkəm və sarsılmaz olduğunu və artıq kiçik bir işin – münasibətlərinin sadəcə rəsmiləşdirilməsinin qaldığını hesab edirlər. Bu gün onlar “Nargis”in oxucuları ilə sevimli peşələrinin sirlərini bölüşməyə və şəxsi münasibətlərinin pərdəarxasından söz açmağa hazırdırlar.

2 (1)

Yusif Eyvazov Bakıda anadan olub. Məktəbi bitirdikdən sonra heç nəyə xüsusi həvəsi olmadığı üçün respublikada tanınmış metallurq olan atası – Vilayət Eyvazovun davamçısı olmaq qərarına gəlir və Politexnik institutuna üz tutur. Politexdə keçirdiyi illər əbəs olmadı – məhz bu zaman Yusifin müğənnilik istedadı üzə çıxdı və həyat prioritetləri daha aydın cizgilər aldı: artıq musiqi Yusifin həyatında birinciliyi ələ aldı. Daha sonra konservatoriya, gərgin vokal dərsləri, estrada ifaçısı olmaq arzuları...

2

Və – “yeni döngə”: bir dəfə televizor vasitəsi ilə Monserrat Kabalyenin ifasını eşidən Yusif opera ulduzu olmaq həvəsinə düşür. Deyirlər ki, məqsədə çatmaq üçün yalnız istedad yetmir, amma Yusifdə kifayət qədər inad və məqsədə çatma qabiliyyəti var idi. Məsləhət və dilətutmalara əks olaraq, o, əvvəlcə ali texniki məktəbi, daha sonra isə konservatoriyanı da ataraq, opera səhnəsini müstəqil fəth etmək üçün Milana yollandı. İtaliyada Yusif tanınmış belkanto ustalarından – Olivero, Korelli, Dominqo və dünyanın ən yaxşı tenorlarından hesab etdiyi Luçano Pavarottidən dərs alır. “La Skala” və Monte-Karlonun Kral operası ilə birlikdə Yusif Eyvazov dünyanın ən yaxşı opera səhnələrində çıxış edir. Bir dəfə o, hətta Roma Papasının qarşısında çıxış edib.

Avropa tənqidçilərinin fikrincə, Eyvazovun bu günə ən əhəmiyyətli rolu – Dante Aligyeri Teatrının səhnəsində ifa etdiyi Otello obrazıdır. Hərçənd, əsas qadın partiyasının Anna Netrebko tərəfindən ifa edildiyi Puççininin “Manon Lesko” operasındakı kavaler De Qriye rolu da kifayət qədər uğurlu alındı. Premyera 2014-cü ildə Roma opera teatrında (Opera Di Roma) baş tutdu. Və səhnədəki bu görüş hər ikisi üçün taleyüklü oldu...

6

Anna Netrebko – Rusiyanın xalq artisti. O, hansı qismdə olursa olsun, səhnədə çıxış edəcəyini həmişə bilirdi. “Kuban pionerləri” xorunda oxuyub, musiqi məktəbində, daha sonra konservatoriyada təhsil alıb, paralel olaraq gözəllik müsabiqələrində iştirak edib, hətta “vitse-miss Krasnodar” adına layiq görülüb.  Tanrı ona parlaq səhnə görünüşü, səs və arzusuna çatmaqda – ulduz olmaqda yardım edən güclü xarakter bəxş edib.

Violetta Valerinin “Traviata”dakı partiyası 2005-ci ildə nüfuzlu Zaltsburq festivalını təlatümə gətirdi. Rusiyalı müğənni Anna Netrebko opera haqqında “statik” musiqi janrı təsəvvürlərini alt-üst edən çıxışı ilə zabitəli Avropaya şok yaşatdı. O zamandan Anna Netrebkoya səhnədə improvizə etməyə icazə verilib, publika isə həyəcanla ondan hər hansı çağırış, kreativlik gözləyir. Bəli, o, ənənəvi primadonna obrazı çərçivələrini aşır, ancaq Anna Netrebkonun opera səhnəsinin kraliçası olduğuna inanmağa məcbur edib. Onun ifası həmişə qeyri-adidir – o, konsert zamanı ayaqqabılarını kənara ataraq alovlu flamenko oynaya, gülə və tamaşaçılara çiçək bağışlaya bilər (yeri gəlmişkən, əslində, Kristian Lubuten qırmızı ayaqqabı altlıqlı məhsullarının reklamına görə ona əlavə pul ödəməlidir)...

Sizin münasibətləriniz klassik işdə məhəbbət macərasına bənzəyir. Bu ilk baxışdan məhəbbət idi?

Yusif: Etiraf edim ki, əvvəlcə buna fikir vermirdim. Özünüz düşünün: pult arxasında – Rikardo Muti, tərəf müqabilim – ulduz, dünyanın ən məşhur sopranosu Anna Netrebko! Bütün fikirlərim biabır olmamağa yönəlmişdi. Lakin etiraf edim ki, sonuncu tamaşaları biz sanki nə isə baş vermiş kimi ifa edirdik...

Anna: Həqiqətən də, biz işimizdə – hamı üçün vacib olan premyerada qərq olmuşduq. Bu, necə isə öz-özünə baş verdi: biz qəfildən anladıq ki, tez-tez görüşmək  və birlikdə vaxt keçirmək istəyirik, sonra bir-birimizə diqqət yetirməyə başladıq...

“Manon Lesko”dan savayı ümumi repertuarınız varmı?

Anna: Demək istəyirəm ki, Yusif hər bir teatrın malik olmaq istədiyi gözəl dramatik tenora sahibdir. Bizim çoxlu ümumi repertuarımız, indi isə həm də gələcəyə dair böyük planlarımız var.

Yusif: Bizim solo konsertlərimiz olur və deməliyəm ki, bu, əlbəttə, mənim üçün böyük məsuliyyətdir. Axı Anya ilə səhnəyə çıxanda hər dəfə müvafiq olmalısan, bu isə asan iş deyil! Buna görə də mən çox məşğul oluram və üzərimdə işləyirəm.

3 (1)

Kişiyə nəyi heç zaman bağışlamazsınız?

Bir-birinə qarışan çirkli və təmiz paltarları!

Sizin ittifaqınız bir-birini cəzb edən müxtəlif cinsli enerji zərrəcikləri prinsipi əsasında qurulub, ya tam eynilik prinsipi əsasında?

Yusif: Bizim ittifaqımız çox harmonikdir. Yəqin ona görə ki, biz çox bənzərik, hər hansı məsələlərə eyni nəzərimiz var və hər ikimiz ilk növbəyə qarşılıqlı hörmət və məhəbbəti qoyuruq.

Anna: Biz savaşmırıq, bütün fikir ayrılıqlarını sakit, müzakirə ilə yoluna qoyuruq.

Yusif, Siz artıq 17 ildir ki, İtaliyada yaşayırsınız, İtaliya operasında çalışırsınız. Siz bu ölkənin vətəndaşısınız? Anna, dəqiq bilirəm, – Avstriya vətəndaşıdır. Ailə yuvanızı harada qurmağı planlaşdırırsınız?

Yusif: Mənim Azərbaycan pasportum var, onu dəyişməyə hazırlaşmıram. Avropada bu qitə ölkəsinin vətəndaşı olmadan da yaşamaq mümkündür. Anya ilə görüşdən sonra Vyanada məskən salmaq qərarına gəldik – hər ikimiz üçün bu daha uyğun variantdır. Hərçənd, hər ikimiz İtaliyanı sevirik və əgər orada yaşamağa qərar versəydik, düşünürəm, Anna buna etiraz etməzdi: o, qafqazlı kişini sevən (və sevilən) qadın olaraq mənimlə birgə hara olsa gedər! Deməliyəm ki, Anya ilə görüş həyatımda bir çox prioritetləri dəyişdi. Məsələn, mən heç zaman övladımın olmasını istəməmişəm, indi isə çox istəyirəm. Bizim artıq bir övladımız var – Tiaqo mənə doğma kimidir və məhz onun vasitəsi ilə atalığın nə qədər gözəl olduğunu kəşf etdim!

Anna: Biz Avstriya ilə Amerika arasında yaşayırıq. Amma işimizlə əlaqədar müxtəlif ölkələrə üz tutduğumuz üçün, təbii ki, çox zamanımızı evdən kənarda keçiririk. İmkan dairəsində uşağın yanına uçuruq və ya o özü bizim yanımıza uçur. Tiaqo Aruanın, ya da biz adlandırdığımız kimi – Tişenin artıq 7 yaşı var. O, məktəbə gedir və buna görə də, təəssüf ki, bir müddət ayrılmalı oluruq. Yusifi tapdıqdan sonra ailəmiz tam və xoşbəxt oldu.

Anna, Bakıda olmusunuz?

Bəli, Bakıda olmuşam, belə demək mümkündürsə, qeyri-rəsmi səfərdə, – bir il əvvəl, Yusiflə tanışlıqdan dərhal sonra, – o məni ailəsi ilə tanış etməyə gətirmişdi. Bu dəbdəbəli şəhərə, gözəl insanlara, qeyri-adi mətbəxə və ətrafımı bürüyən isti atmosferə valeh oldum. O zamandan ora qayıtmaq istəyirəm. Ümid edirəm ki, belə fürsət ələ düşəcək!

Yusif, Anna səhnədə çox enerjili və impulsivdir, əsl od-alovdur! O, həyatda da belədir?

O, həyatda da belədir: çox emosional, enerjili və kifayət qədər impulsiv. Amma eyni zamanda – çox ağıllı, sağlam düşüncəli qadındır və onun təbiətinin bu keyfiyyətinə xüsusi dəyər verirəm.

4 (1)

Sizi ilk növbədə nə ilə cəlb etdi?

Xalisliyi ilə! O, çox həssas, mülayim və açıq insandır. Mən bunu dərhal hiss etdim və anladım ki, nəhayət öz yarımı tapdım. Mən özüm üçün hər şeyi dərhal yəqinləşdirdim. Anya məni dünyanın ən xoşbəxt insanı etdi!

Anna, azərbaycanlı kişilər qadına diqqət göstərməkdə şöhrət qazanıblar. Yusif Sizi nə ilə təəccübləndirdi?

Onunla özümü əsl qadın hiss etdim, kişisi onun qayğısını çəkən, sevimli. Yusif mənə şeirlər yazırdı... Bəzən, müxtəlif ölkələrdə olanda, o, sürpriz olaraq yanıma uça bilər – yatmağa getdiyini deyir, əslində isə bu zaman təyyarəyə minir. Əlbəttə ki, o, çox romantikdir!

Səhnə ilə yaşayan insanlardan onların sevimli rolları barədə necə soruşmayasan...

Yusif: Otello! Ravennada, Aligyerinin Teatrında bu partiyada debüt etdiyim zaman tamaşanın rejissoru Kristina Muti idi – məşhur dirijorun həyat yoldaşı. Məhz o, məndə bu qəhrəmanın bəzi xüsusiyyətlərini aşkarladı: sevgi, qısqanclıq, ehtiras – və bütün bunlar dəlicəsinə! Bu personajı səmimiliyinə görə sevirəm – mənim qəhrəmanım sadəcə başqa cür yaşaya bilməz.

Anna: Mən bütün rollarımı sevirəm, xüsusən də hazırda ifa etdiklərimi.

Hansı ulduzlarla ailəvi dostluq edirsiniz?

Yusif: Demək olar ki, bir çox opera ulduzları və sadə müğənnilərlə sıx ünsiyyətimiz var. Onların bəzilərini əvvəllər də tanıyırdım, digərləri ilə Aneçka tanış etdi. Bu Mariya Quleqina, Dima Xvorostovskiy, İldar Abdrazakov, Pyotr Beçala, Tomas Hempson və bir çox başqalarıdır – hamısını sadalamaq mümkün deyil! Plaçido Dominqo ilə yaxın dostuq.

Deyirlər ki, peşə öz təsirini göstərir, teatr isə ifrat romantizmdən əziyyət çəkir. Artistlər gündəlik həyatda ifrat teatrallığa yol vermirlər? Ümumiyyətlə, adi həyatda romantikaya ehtiyac varmı?

Yusif:  Peşə, əlbəttə ki, təsir göstərir. Ümumiyyətlə, yalnız opera deyil, bütün artistlərin hər şeyə öz nəzərləri mövcuddur. Buna görə də onlar digərləri kimi reaksiya göstərmirlər, fərq də bundadır.

Anna: Teatr – teatrdır, şəxsi münasibətlər isə tam fərqli, real həyatdır. O da istənilən psevdo-romantikadan gözəldir!

Texnologiyalar bütün sahələrdə, o cümlədən səhnədə geniş yayılıb. Opera sənətində kreativliyin hər hansı sərhədi varmı?

Yusif: Bəli, yeni texnologiyalar tədricən opera teatrına da tətbiq edilir. Son zamanlar dekorasiya, işıqlanma, rəsmlərin proyeksiyası, xüsusi effektlər üçün ən müasir avadanlıqdan istifadə etməyə başlayıblar... Amma burada rejissorun həddi aşmaması vacibdir.   

Anna: Kreativliyin sərhədləri insan təxəyyülündə və fiziki imkanlarında mövcud ola bilər.

Hesab edirəm ki, qorxuya və zehniyyətə rəğmən, hətta sənə ilk baxışdan yerinə yetirilməsi mümkün olmayanı həyata keçirməyə cəhd göstərməkdən çəkinmək lazım deyil: ola bilsin ki, sən bunu bacaracaqsan, bəlkə də təsəvvür etdiyin kimi alınmayacaq, amma bacaracaqsan! Ən başlıcası da elə budur.

5 (1)

Şəxsi münasibətlər səhnədə çıxışınıza əlavə çalarlar qatırmı? Yoxsa formalaşan obraza təsir göstərmirlər?

Yusif: Əminəm ki, səhnədə şəxsi, yaxın münasibətlər obrazın həssaslığını, səmimiliyini artırır, səhnə və tamaşaçı zalı ilə sərhədi aradan qaldırır. Əminəm ki, tamaşaçı bunu gözəl anlayır və teatrı yalnız dinləmək və seyr etmək hissi ilə deyil, həm də artistlərin səhnədə keçirdikləri duyğuların bütün kəskinliyini hiss etdiyi, şəxsən yaşaması təəssüratı ilə tərk edir – bu, bizim üçün son dərəcə əhəmiyyətlidir! Səhnədəki gerçəklik – bu, prioritetdir!

Anna, “Komsomolskaya pravda”ya müsahibəsində Yusif Sizi “həyatının əsas melodiyası adlandırıb”. Siz də ona olan münasibətinizi belə metaforik ifadə edə bilərsiniz?

Bəli, edərəm... O padşahın tacındakı almazımdır!

KİV artıq bu ilin avqustunda Sizin Sankt-Peterburqda keçiriləcək toyunuzu işıqlandırmağa hazırlaşırdı. Tarixin dəyişdirilməsinin səbəbi nədir?

Yusif:  Toy mütləq baş tutacaq. Elə Piterdə olacaq, düzdür, bu avqustda yox, inşallah, növbəti ilin yayında. Bu il sıx qrafik səbəbi ilə, təəssüf ki, çatdıra bilmirik. Biz gözəl, ancaq xüsusi pafossuz toy təşkil etmək istəyirik. Mən ümumiyyətlə Annaya Dominikanda evlənməyi təklif etdim: çimərlikdə, şamlarla, kətan çadırda...

Anna: Amma ikimiz də belə qərara gəldik ki, bu zaman yaxınlarımız bizdən inciyəcək və bu fikirdən vaz keçdik.

Anna, sirr deyilsə, toy libasının sifarişi ilə dizaynerlərdən hansını xoşbəxt etdiniz?

Hələ ki, dizayneri seçirik. Bir neçə namizəd var, çünki bir neçə don tələb olunacaq. Onlardan birinin azərbaycanlı dizayner tərəfindən tikilməsi istisna olunmur.

 

Müsahibə: Marina Mürsəlova / Foto: Vladimir Şirokov

Material 18-ci sayda dərc edilib.