Nərgiz Paşayeva

SƏN KİMSƏN, "BÖYÜK EVİN KİÇİK XANIMI"? “Öz vətənində peyğəmbər olmaz!" – deyirlər. Bu kəlamın müxtəlif mənaları arasında mənə ən çox aydın olanı - böyük və yüksək bir şeyə yaxın olduğumuzda səmimiyyətimizdən onu görmədiyimiz və ya özlüyündə qəbul etmədiyimizdir.

Bu refleks tez-tez ən yaxın, ən doğma insanlarla işləyir. Yəqin ki, yer üzündə bir insanın anasından yaxın heç kimi yoxdur. Və anamla münasibətimizdə uşaqlığdan bəri xüsusi bir bağ, onun gözləntilərini qarşılamaq arzusu və həyatımdakı varlığına görə bəxtimin gətirməsi hissi olub. Ancaq yaxın qohumluq əlaqələrində illərlə əzbərlədiyimiz öhdəliklərimizə qarşı bir yanaşma var - tanımadığımız bir insana rahatlıqla verə biləcəyimiz sualı bəzən yaxınımıza verə bilmirik.

Bu gün müsahibə alan rolunu üzərimə götürmək, anama ən məhrəm sualları vermək və bəlkə də çoxdan gözlədiyim cavabları almaq istərdim…

1419_src

Ana, sənə çoxdan demək istəyirəm ki, sənin çox heyranedici baxışların var. Gözlərin çox xeyirxah və dərindir, baxışların isə kəskin, hətta bəzən sərt olur. Uyğunsuzu uyğunlaşdırmağı necə bacarırsan?

Birincisi, baxış, mimika və digər üz siqnalları insanın əsl mahiyyətini dəqiq şəkildə biruzə verir, çünki adətən insan bu siqnalları idarə etmək və ya dərk etmək ixtiyarında olmur.

Əbəs yerə atalar sözündə "gözlər ruhun aynasıdır" deyilmir. Bəli, gözlər həmişə insanın daxili vəziyyətini, əhvalını, kamilliyini, müdrikliyini və ya əksinə məhdudluğunu, daxili boşluğunu görməyi və anlamağı bacarmadığını göstərir. Çünki "baxmaq" heç də "görmək" demək deyil. Şerlok Holmsun sözlərini xatırlayaq: "Siz baxırsınız, amma müşahidə etmirsiniz, bu isə böyük fərqdir". Yaşa dolduqca həyatı müşahidə etməyə başlayırsan.

İllər keçdikcə insan mütləq müdrikləşməlidir?

Müdrikləşməlidir, bu onun alnına yazılıb. Ancaq təəssüf ki, illərin sayı həmişə keçmiş təcrübələrdən çıxarılan dərslərin keyfiyyətinə mütənasib deyildir. Həyat hikmətinin bəhrəsini görən kəs xoşbəxtdir. Bu hər kəsə nəsib olmur, çünki müdriklik insan təbiətinin bəzi əsas keyfiyyətləri ilə müəyyən edilir. Həyata baxış 20 ya da 40 yaşında fərqli olur. Mənim yaşımda isə əvvəllər görə bilmədiyin nüansları və rəngləri görməyə başlayırsan. Ümumiyyətlə, illər ötdükcə keçdiyin imtahanlara və yaşadığın həyəcanlara baxmayaraq, həyat daha gözəl, daha mənəvi və zəngin görünməyə başlayır.

Bəs həyatı həddindən artıq dərindən dərk etmək qorxutmur?

Xeyr, yox! Bilirsən, nə olursa olsun hər şeyin təməli var. Bəzən insan anlayışı, təfsiri, həyat fəlsəfəsi reallığın, yaşamın obyektiv qanunlarına bərabərdir. Bəli, bizə hər şeyi bilmək bacarığı verilməyib, ancaq "həqiqət dili sadədir", buna görə mənfi nəticə çıxarmağa tələsməyin. Mən xeyirxahlığın üstünlüyünə inanıram, inanıram ki, "yaxşılıq pisliyə qalib gəlir" formulası boş söz deyil, əsl həqiqət isə bəzən gözdən uzaq, amma ürəyə yaxındır.

Sənə elə gəlmir ki, baş verənləri dərk etməyən insana yaşamaq daha asandır?

Bəlkə də asandır, amma daha yaxşı deyil. Məşhur filosof Benedikt Spinozanın dediyi kimi, "gözəl olan hər şey nadir olduğu kimi də çətindir". Şəxsən mən dərindən dərk etmənin tərəfdarıyam. Məhz bu duyğuda yaşamın əvvəllər əl çatmaz olan obertonları, gizli mənaları üzə çıxır.

Bununla yaşamaq həqiqətən maraqlıdır. Amma mən insani münasibətləri nəzərdə tuturam. Yaşa dolduqca insanları tanımağa, maskaları ayırmağa başladıqda qeyri-iradi olaraq insanların sadəcə olduqları kimi görünmələri deyil, riyakarlığı bacarmaq hissi dəhşətə gətirir. Sənə elə gəlmir ki, insanın uydurulmuş obrazı arxasında nələri gizlətdiyini təxmin etməkdənsə onun haqqında heç bir şey bilməmək daha yaxşıdır?

İnsan çoxüzlüdür, həmişə də belə olub. Dostoyevski yazıb: - "İnsan çox genişdir, hətta olduqca geniş, mən daraldardım". Bir də "O" var – insanın özünün də bilmədiyi dərin şəxsiyyət mahiyyəti. İnsan - bütün fəlsəfi kateqoriyaların ən mürəkkəbidir və həqiqəti dərk etmək üçün özünü dərk etməlidir. Və bir çoxu nəinki başqaları ilə, heç özləri ilə də dürüst olmağı bacarmırlar. Bu vəhdətə, daxili və xarici obrazın harmoniyasına sahib olan insanlar - yüksək səviyyəli insanlardır.

Onlar bizim aramızdadır və mənim üçün belə şəxsiyyətlər Ruminin “Ya göründüyün kimi ol, ya olduğun kimi görün” sufi məsləhətini yerinə yetirən bir mükəmməllik həddidir. Ancaq təəssüf ki, bu cür insanlar azlıq təşkil edir. Lakin bu azlıq hər zaman qalib gəlir. Və bu cür məsələlər zaman və məkan arasında yer dəyişir, özünəməxsus şəklə salınır, lakin onların mahiyyəti dəyişməz qalır. İnsan bu problemlərlə qədimdən modernliyə qədər olan bütün dövrlərdə üzləşiblər, çünki insan təbiəti dəyişməzdir. Hətta elm insan genomunun heç bir dəyişiklik keçirmədiyini təsdiq edir.

"Pozitiv" sözü altında nəyi başa düşürsüən? İnsanın daxili müsbət əhvalı yoxsa xeyirxahlıq?

Bəzən müsbət sadəcə mənfinin yoxluğu deməkdir. Valideynlər uşaqları tərk etmirsə, axmaq özünü ağıllı, şərəfsiz isə namuslu kimi aparmırsa, savadsız həkim xəstəni şikəst etmirsə, pis müəllim şagirdlərin təbiətini korlamırsa, tanıdığın insan zərərli birinə dönüşmürsə və s. İnsanın daxili dünyasına gəldikdə isə o, əzəldən ikitərəflidir. Və bu dualizm insanın qəlbində zidd tərəflərin sonsuz mübarizəsində özünü göstərir. İnsan bərabərdir: "Allah üstəgəl Şeytan" - romantiklərin bu formulu dünya qədər köhnədir. Vahidlik və ziddiyyət mübarizəsinin qanunu buradan irəli gəlir. Pozitiv - qaranlıqdan çox işığın olmasıdır. Biz mələk deyilik, bizim çoxlu nöqsanımız var, amma bir var nöqsan, bir var - qüsur. Bir var - səhv, bir var - qəsd. Və yalançı yaxşılıqdan daha pis bir şey yoxdur. Dünya və hər şeyin təbiəti elə qurulub ki, yaxşılıq öz əksinə çevrilə bilər, "Qara qu quşu" filmini xatırla. Yaxşı insan, həyatı boyunca həqiqətən yaxşı qalmağa çalışan insandır.

Deməli, şəxsiyyətin formalaşmasında tərbiyənin ətraf mühitin təsirindən və irsiyyətdən daha çox rol oynadığını düşünürsən?

Şübhəsiz ki,  tərbiyənin rolu çox böyükdür!

Bəs bizə, öz uşaqlarına hansı kriteriyalara əsasən tərbiyə vermisən? Yəqin ki, qız uşağı ilə dil tapmaq daha asandır, nəinki oğlan uşağı ilə?

Deyim, çətinlik nədədir. Ümumiyyətlə, insan tərbiyə etmək çətindir, istər sənin övladın (qız ya oğlan fərqi yoxdur) olsun, istər şagirdin, tələbən və ya tanışın olsun. Tərbiyə - riayət edərək nəticə aldığın hər hansısa formul deyil. İnsan tərbiyəsində valideynlər, ailə, ətraf mühit rol oynayır. Amma məhz ana uşaqda bəzi müdafiə mexanizmlərinin təməlini qoyur və nəticədə uşaq ailədən uzaqda olarkən (uşaq isə böyüyəndə mütləq ailə qoynundan uzaqlaşmalıdır) bu mexanizmlər aktivləşir və uşağı həyat yolu ilə aparır. Əgər ana hər hansısa səbəbdən uşağın yanında olmayaraq bir anı qaçırıb və əlaqəni itiribsə o zaman uşaq ömrü boyu istifadə edəcəyi pozitiv və səmimiyyət baqajından məhrum olur. Əsas bilmək lazımdır ki, uşaq tərbiyə metodlarını heç vaxt şüur, ağıl vasitəsilə qəbul etmir. Uşaq hər şeyi qəlbi və emosiyaları ilə qəbul edir. Yalnız uşaqla erkən yaşlarda emosional əlaqəni kəsmədən normal insan tərbiyə etmək olar. Bunu həmişə xatırlamaq lazımdır.

Uşaqlarla bağlı mövzunu davam etmişkən, səncə, 80-ci və 90-cı illərin uşaqları 2000-ci illərdə dünyaya gələn uşaqlardan xeyli fərqlənmirlər? Təkcə Azərbaycanda deyil, bütün dünyada. Onlar daha ağıllı, daha ambisiyalı, daha hiyləgərdirlər.  Sənin pedaqoji stajınla yəqin ki, bunu kəskin şəkildə hiss edirsən?

Əlbəttə, uşaqlar dəyişib. Dəyişikliksiz inkişaf olmur. Onların hiyləgərlik dərəcəsinin artdığını iddia etmək istəmirəm. Hiyləgərlik – adi ağıl məhdudiyyətinin göstəricisidir. Ağıllı insanın bu kimi oyunlara ehtiyacı yoxdur, o başqa sxemlərlə yaşayır. Uşaqlar isə güclü dialektika qanununa - dəyişikliklərdən keçərək inkişaf və hərəkət qanununa riayət etdiklərinə görə dəyişiblər. Nəsillər zəmanəyə proqresin əlamətləri olan yeni ideyalar, yeni formalar, yeni janrlar, növlər gətirərək bir-birini əvəzləməlidir. Bir vaxtlar Prokofyev indi dünya klassikasının şedevri sayılan «Romeo və Cülyetta» baletini yazdığında bəzi yaşlı nəslin nümayəndələri olan bəstəkarlar bunu qəbul etməmişdi. Bu, bəzən gedən nəslin yeni nəslin dilini çətinliklə anladığının bir nümunəsidir. Amma bu o demək deyil ki, biri digərindən üstündür.

Sən - alimsən və 400 tələbəsi olan universitetə rəhbərlik edirsən. Bu böyük məsuliyyətdir. Rəhbər ilk növbədə hansı keyfiyyətlərə malik olmalıdır?

İlk növbədə - insani keyfiyyətlərə, çünki universitet böyük humanitar və sosial «qutudur». Ümumiyyətlə, təhsil ocağı - ən böyük sosial məkanlardan biridir, vacib sosial özəkdir. Və universitetə rəhbərlik edən insan bu özəyin hər bir üzvü üçün məsuliyyət daşıyır, çünki bu insanların taleyi onun əlindədir. Və bəzən bacara bilməsə də, istehsalda olduğu kimi ertəsi gün ikiqat normanı yerinə yetirib planı doldurmağa ümid edərək üz çevirib getmək olmaz. Bu iş – balaca uşağa baxmaq kimidir. Axı sən ona deyə bilməzsən ki: bu gün səni yedizdirə bilmədim, amma sabah ikiqat yedizdirəcəm. Sən onun yanında daimi olaraq indi, bu dəqiqə, bu an olmalısan. Buna görə də, ali məktəbdə iş təcrübəsi olmayan insan belə bir yükü qaldıra bilməz. Xüsusilə sırf təmsilçi fiquru olmağa alışanlar və bir qayda olaraq hər şeyə hazır-nazir gələnlər. Amma mənim üçün bu - peşəkar olduğum sahədə həyatımın işidir. Bir də, layiqli insanları dəyərləndirməyi və dəstəkləməyi bacarmaq lazımdır. Yəni başqalarını kölgədə buraxaraq deyil, əksinə yollarına işıq saçaraq parlamağı bacarmaq.

Artıq neçə ildir ki çalışırsan?

Mən məzun olduğum 1983-cü ildən çalışıram. Filologiya fakültəsini qırmızı diplomla bitirmişəm, bitirən kimi məni universitetdə dərs verməyə saxladılar - əvvəlcə assistent, sonra müəllim, daha sonra isə baş müəllim. 26 yaşında mən artıq elmlər namizədi idim. Ardınca dosent, sonra kafedra professoru, prorektor və nəhayət rektor oldum. Mən öz peşəmdə əsl professional olmaq üçün bütün karyera pillələrini keçmişəm. Amma iki körpə uşaqla işləmək, mühazirə oxumaq asan deyildi – mən çox yorulurdum.

1417_src

İndi insanlar daha çox özləri üçün yaşayırlar. Cazibələrin çoxluğunda hər şeyi dadmaq, hər yeri görmək istəyirsən…

Gənclər üçün sağlam cazibəyə meylli olmaq - təbii haldır. Bu normaldır. İnsanı həvəsləri və maraqları olduğu üçün günahlandırmaq olmaz, amma bununla yanaşı hər şeyin həddi – qızıl ortası olmalıdır.

Qızıl orta — bu idealdır?

İdeal deyil, daha çox normadır. Düzgün balansı saxlamaqla hər şeyə vaxt ayırdığında.

Bununla yanaşı özünə zərər vermirsən…

Bəli, anlıq arzularla özünə zərər verməmək daha məntiqlidir. İnsan lokal, yəni dəyişkən zaman duyğusunda yaşayır. Amma o, qlobal zamanda yaşamalıdır. O anlamalıdır ki, bugünkü qərarlar nəticəsini sabah göstərəcək. Yəni məntiqli insan sadəcə instinkti, arzuları, ehtirasları rəhbər tutmamalıdır, əks təqdirdə öz daimi qeyri-mütəşəkkilliyinin və qayğısızlığının əsiri olacaq. Ümumiyyətlə, insanın əsl düşməni – çox vaxt özüdür. Bəzən «yaxşı» və «pis» arasındakı bu həddi müəyyən etmək çətindir, amma açıq-aşkar və sarsılmaz prinsiplər var, onları pozmaq olmaz. Əgər onları pozsan, nəhayətində həyatın darmadağın olacaq. Bir də mən hesab edirəm ki, insan həyatını elə qurmalıdır ki, yalan danışmaq və bu yalanı qəbul etmək məcburiyyətində qalmasın. Axı yalan qəlbi qurudur, şəxsiyyəti alçaldır...

1410_res_00

Öz aralarında mübahisə edən məntiq və hissiyat arasında kompromisi necə tapmaq olar?

Əgər bu cinsiyyət arasındakı münasibətlərə aiddirsə, o zaman hər şey müəmmalıdır. Səhnəyə qadının və kişinin çıxdığı an çox müəmmalıdır. Məsələn, Romeo və Cülyettanın sevgi hekayəsi niyə faciəyə dönüb? İkisi də gənc, gözəl, adlı-sanlı ailədən idi… Niyə onlar həlak olmalıdırlar? Məgər Şekspir bir-birini dəlicəsinə sevənlərin necə həlak olmasını göstərmək istəmişdi?

Zaman keçdikcə sevgi ölmür, keçir…

Bircə vərdişə dönməsin!..

Bəlkə də, bütün məsələ ondadır ki, belə bir güclü sevgi zamanla sönür. Bəlkə buna görə sevginin ən qızğın vaxtında ölümə məhkum oldular?

Amma onlar ölməyib! Fiziki olaraq - hə, amma sevgiləri ölməyib. Bu sadəcə sevgi hekayəsi deyil. Bu böyük sevgi idealının böyük hekayəsidir.

Mənə elə gəlir ki, sevginin öz mərhələləri var…

Psixoloqlar münasibətlərin bir neçə mərhələsini qeyd edirlər: tanışlıq, maraq, sonra duyğuların büllurlaşması və s. Hər bir insan özünəməxsus bəzi xarakterik xüsusiyyətlərdən ibarətdir. Şən, qaraqabaq, simic, comərd, ağıllı, axmaq və sair… İnsan aşiq olduğunda öz sevgi obyektinə ona xas olmayan keyfiyyətləri biruzə verir. Əgər o xeyirxah və həssasdırsa o zaman «ən ağıllı, ən dürüst» sözlərini əlavə edirlər: Bu daha çox qadınlara xasdır, kişilər isə bir qayda olaraq daha realistik olurlar. Və xəyal qırıqlığı bu fərqləri dərk etdiklərində baş verir. Beyin olaraq anlayırlar ki, bu insan onların təsəvvürlərindəki insana uyğun deyil, amma qəlbləri ilə ondan ayrıla bilmirlər.  

Bax bu artıq faciədir!

Balzak bunu belə təsvir etmişdi: «Sevənlər, ya heç nədən şübhələnmirlər, ya da hər şeydən şübhələnirlər».

Kişi üçün bu eynilə çətindir?

Kişilərin yaradılışı başqa cürdür. Onlar ağıllarını daha tez işə salırlar və asanlıqla düzgün istiqamətə yönəlirlər. Amma elə məhz onlar uzun müddət gizlicə əzab çəkirlər.  

Hə, amma onlar bunun öhdəsindən çox tez gələ bilirlər.

Sadəcə kişilər emosiyaları məhv edən yükdən vaxtında qurtulmağı bacarırlar. Qadın isə bu yükü özündə daşımağa davam edir. Hər bir qadın bilməlidir ki, sevgi, diqqət və sevinc hissinə layiqdir. Açığı desək, kişiyə həyat doluluğunu qadın, qadına isə yalnız kişi verir.

1418_src

Necə hesab edirsən, sevgini ancaq o halda tələb edə bilərsən ki, özün sevməyi bacarasan? Şəxsən, mən bu fəlsəfəyə riayət edirəm …

Sevgidə zəmanət yoxdur. Düşünmə ki, duyğularda sənin fədakarlığın eyni qarşılıq alacaq. Əgər qadına öz hisslərinin qulu olmaq xasdırsa, bu qul vəziyyəti heç bir kişinin xoşuna gəmir. Hesab edirəm ki, münasibətlərdə ilk əvvəl şəxsiyyətin özü, təbiətinin zənginliyi maraqlıdır. Həm də, ümumiyyətlə sevməyi bacarmaq və sevilmək ilk növbədə özünü sevməyi və özünə, öz həyatına dəyər verməyi bacarmaqdır.  

Hissləri və məntiqi birləşdirmək mümkündürmü? Münasibətlərdə, ailədə, karyerada aldığın qərara görə necə məsuliyyət daşımalısan?

Çox universal bir formula var, bu formulanı əla orientir olduğunu hesab edirəm: necə lazımdırsa elə et, və nə olacaqsa olsun.

Yəni, qəlbinin dediyi, yoxsa məntiqinin dediyi kimi?

Vicdanının dediyi kimi. Vicdan – insanda olan ən ilahi şeydir. Vicdanın olması - qəlbində nurun olması deməkdir. Əgər insan həmişə vicdanla hərəkət edirsə — bu, demək olar ki, müqəddəs insandır. Vicdanın yarımton keçidləri olmur. “Sözünüz bütöv olsun: hə, hə; yox, yox; bundan qeyrisi şeytan işidir”— bu böyük sözdür. Buna görə məsuliyyət — hər şeydən əvvəl dürüstlük, düzgünlükdür

Necə düşünürsən, təhsil xarici görünüşə təsir göstərir?

Şübhəsiz. İnsan nə qədər mədənidirsə, bir o qədər də onun xarici görünüşü nəcibləşir. Buna görə də gerilik olduğu yerdə çox vaxt yöndəmsizlik olur. Forma gözəlliyi — tərkib gözəlliyidir. Tərkib nə qədər gözəl olsa, forma da bir o qədər mükəmməl olacaq. Mədəniyyət - hər zaman yüksək estetik zövqdür.

Hansı geyim tərzinə üstünlük verirsən? Və mən yaşda qadın necə geyinməlidir?

Yəqin ki, çox bahalı geyimlər geyinməmək, bahalı zinət əşyaları taxmamaq, yaşını böyük göstərən geyimləri geyinməmək. Gənclik gözəlliyi, cazibədarlığı öldürən vulqarlıqdan imtina etməlidir. Müasir dünyada gözəlliyi vurğulayan xarici görünüş ştampı tendensiyası yaranıb. Belə çıxır ki, hər kəs eyni olmaq istəyir. Mən 50-60-cı illərin obrazlarına üstünlük verirəm – onların bər-bəzəksiz, daha çox mənalı gözəlliyi var. İndi belə bir şeyi nadir hallarda görmək mümkündür. Dünya daha çox istehlakçı, mədəniyyət isə - kütləvidir. Elitarlıq, individuallıq, müstəsnalıq, bədiilik nadir hallara çevrilib. İqtisadi təlaşlı müasir dünya hələ ki, nə ədəbiyyatda, nə kinoda, nə musiqidə şedevr yaratmır. Amma bu da normaldır, çünki böhran və Renessans dövrləri həmişə bir-birini əvəzləyib.  

Sevdiyin geyim brendləri hansılardır?

Prada, Nina Ricci, Christian Dior, YSL.

Əgər hər hansısa bir dövrə düşmək imkanın olsaydı, hansını seçərdin?

300-500 il gələcəyə getmək istərdim. Hər şeyi görmək maraqlı olardı, xüsusilə hansı sənət növlərinin yarandığını. Gələcək insanının bədii fikri hansı vasitələrlə və üsullarla ifadə etdiyini bilmək çox maraqlıdır. Amma bir şeydən əminəm ki, insanların mahiyyəti dəyişməz olaraq qalacaq.

İnsanlarda ən çox hansı keyfiyyətə dəyər verirsən?

Dürüstlük və xeyirxahlıq. 

Bəs nə uzaqlaşdırır?

Qəddarlıq, riyakarlıq və laqeydlik.

Tərz və gözəllik ikonası? Sevdiyin obraz varmı?

Məktəb vaxtı ulduzların şəkilləri ilə olan açıqcaları toplayırdım: Sofi Loren, Bricit Bardo, Robert Teylor və s. Amma ən çox Klaudiya Kardinalinin şəkilləri var idi. Mən onu çox gözəl və füsünkar hesab edirdim və edirəm. Onun fotoları həmişə masamın üzərində olurdu və mən tez-tez onlara baxırdım. Sonra sən dünyaya gəldin, böyüyərək gözəlləşdin və Klaudiya Kardinaliyə inanılmaz bənzəyirdin. Bir dəfə Klaudiya səni Parisdə görüb demişdi: «Sən necə də mənim gəncliyimə bənzəyirsən!». O zaman bir daha əmin oldum ki, həyatda hər şey bir-biri ilə əlaqəlidir və qarşılıqlıdr. Bu haqda hələ qədimdə çoxluğun vəhdəti olaraq bəhs edirdilər. Odur ki, hər şey üzdə deyil.

Müasir aktrisalardan Demi Muru bəyəndiyini demişdin…

Bəli, bəyənirəm. Bu eyni anda özündə həm realistikliyi, həm romantikliyi, həm müasirliyi, həm də klassikanı birləşdirən obrazdır.

Jurnalımıza nə arzu edərdin?

Hər şey həmişə gözəl və xoşbəxt olsun!

 1424_src

Mətn: Ülviyyə Mahmudova/Foto: Sitarə İbrahimova, Nicat Burçiyev

Müsahibə birinci buraxılışda dərc olunmuşdur.