AZIZA: ŞƏHRİZAD PİANO ARXASINDA

O, 90-cı illərin ortalarında dünya səhnəsinə çıxdı və dərhal "Caz şahzadəsi" adını qazandı. 1995-ci ildə bir neçə aparıcı musiqiçi "Dance Of Fire" adlı studiya albomunun səsyazması üçün Əzizəyə qoşuldu və heç biri buna heyifsilənmədi: iki milyonluq tirajlı disk bütün dünyaya yayıldı. Gənc cazistin topladığı heyətin qarşısında ehtiramla həyəcanlanan bir çox məşhur musiqiçilər onun əminliyinə və gücünə qibtə edirdilər. Sanballı caz musiqiçiləri: gitaraçı Ela Di Meola, basist Stanli Klark, Weather Report qrupunun keçmiş barabançısı Omar Hakim və saksafonçu Bill Evans onlara muğamın cazibəsini göstərən yeni istedada hər kəsin önündə heyranlıqlarını ifadə edirlər.

xxx009_copy

Səhnədə çıxış etmək üçün bu qədər enerjini haradan alırsınız? Konsertdən sonra özünüzü necə hiss edirsiniz?

Düzünü deyim, səhnəyə çıxan kimi yorğunluğu unuduram. Addımımı atan kimi içimdə bir motor işə salınır, qeyri-real daxili güc gəlir və mən özümü xoşbəxtliyin zirvəsində hiss edirəm…

Sizə görə sevgi anlayışı nə ifadə edir?

Sevgi - yaxınınıza mümkün gədər xoş hisslər yaşatmaq istəyidir - bu ana, ata, həyat yoldaşı, övlad ola bilər... İnsanı xoşbəxt etmək üçün təsirləndirici, dərin bir arzudur - yəqin ki, sevgi ifadəsi elə budur.

 dsc02620_copy

Bu hiss yaradıcılıqla bağlıdır?

Əlbəttə. Sənətdə, həyatdakı kimi ümumiyyətlə  sevgi hissi olmadan yetərli, xoşbəxt və uğurlu olmaq mümkün deyil. Sevgi yaradıcılıq prosessinin qanadıdır.

Sizin üçün xeyirxahlıq nə deməkdir?

Bu elə Allahdır. Xeyirxahlıq elə O özüdür. O - kainatın, böyük və sonsuz sevginin təcəssümüdür, deməli xeyirxahlığın da. Bütün insanlar yaratmaq, xeyirxahlıq və sevgi üçün Allah tərəfindən yaradılıb. Bütün bu hisslər əzəldən Uca Yaradan tərəfindən insana verilib. Təəssüf ki, bu qızıl keyfiyyətlər insanlarda o qədər dərinlikdə gizlənib ki, onlar bədbəxt, tənha və çox vaxt qəddar olurlar.

Siz əfsanəvi bir insanın qızısınız, ancaq şəxsən məni sevindirən hal odur ki, Sizdən söz düşəndə "Vaqif Mustafazadənin qızı" yox, "Əzizə Mustafazadə" deyirlər.

Bunun üçün təşəkkür edirəm. Çünki Vaqif Mustafazadənin sadəcə qızı olmaq çox məsuliyyətlidir.

 53_copy

Atanız öldükdə 15 yaşındaydınız. Onu necə xatırlayırsınız?

Günəş kimi, xeyirxah və bəzən çox sadəlövh, təəssüf ki, bəziləri bundan istifadə edirdi. Dürüstlük yəqin ki, onu fərqləndirən xüsusiyyət idi. Mən tez-tez onu royal arxasında təsəvvür edirəm! Ancaq təəssüf ki, baş verən verdi... Çox vaxt mənə deyirlər: "Atanız yerini sizə verib". Cavab verirəm ki, mümkün olsaydı, mən özüm yerimi ona verərdim, amma atam "Taledən qaçmaq olmaz" pyesini əbəs yerə yazmamışdı…

Vaqif Mustafazadənin adı dünya caz ensiklopediyasına daxil olub. Amma sağlığında vətənində ona yetərincə dəyər vermədikləri heç kimə sirr deyil. …

Faina Ranevskayanın dediyi kimi: «Yaradıcılığa, şəxsiyyətə dəyər vermələri üçün mütləq ölmək lazımdır». Amma hələ 1978-ci ildə atam Monakoda caz festivalında SSSR-nin caz sənətini təqdim etdiyində və 1-ci yeri tutduğunda – məşhur qara dərili trubaçı Dizzi Qillespi demişdi ki: «Vaqifin musiqisi  başqa planetdəndir! Bu gələcəyin musiqisidir!».

Bu gün zalda az sayda azərbaycanlı gördüm, halbuki afişalarda, reklamlarda «Azərbaycanlı caz divası Bakıda» qeyd olunmuşdu. Siz də vaxtilə Azərbaycanı sizə dəyər vermədikləri üçün tərk etmişdiniz?

Yox, bunun üçün deyil, mənim öz səbəblərim vardı. Birincisi bu taledir, ikincisi isə mən heç vaxt vətənimlə əlaqəni kəsməmişəm. Bilirsiniz, əgər mən Azərbaycanda qalsaydım musiqi müəllimi olacaqdım, arada çıxış edərdim, bəs sonra? Və hər şey bir ölkə çərçivəsində qalacaqdı. Mən özümdə potensialı hiss etdim və tale mənə həyatımı tamamilə dəyişməyə imkan yaratdı. Həm də muğamı, Azərbaycan mədəniyyətini təbliğ etmək üçün tez-tez səhnəyə çıxmaq, ölkələri gəzmək, konsertlər vermək lazım idi. Razılaşın ki, o vaxtlar bunu Avropadan etmək daha asan idi.

 
aziza_mustafa-zadeh_in_turkey_bw_copy

İndi nəyin üzərində işləyirsiniz? Albom hazırlayırsınız, yeni əsərlər yazırsınız?

İlk növbədə öz üzərimdə işləyirəm. Yeni əsərlər çoxdur, amma hələ ki onları publikaya təqdim etməyə tələsmirəm, mən ümumiyyətlə heç bir şeydə tələsməyi sevmirəm. Mən hələ Bülbül adına məktəbdə müəllimin «Sən royalda hələ çox məşq etməlisən» sözlərinə «Mən ancaq istədiyim vaxt çalacam» deyə cavab verirdim. Yəqin ki, bu uşaqlıqdan, atamdan, hansısa mənada azadlıq, improvizasiya simvolu olan cazdan gələn bir şeydir.

Siz haradasa 25 ildir ki, Almaniyada yaşayırsınız. Ailənizlə - ananızla, bacınızla əlaqə saxlayırsınız?

Anamla əlaqəm var, o tez-tez yanıma gəlir, məni çox dəstəkləyir, yardım edir. Bacım ilə isə təəssüf ki, heç bir əlaqəm yoxdur, onun haqqında hətta internetdə belə hər hansısa bir məlumat tapa bilmirəm. Sadəcə onun yaxşı olduğunu, hər kəsin sağ-salamat olduğunu bilmək istərdim.

Əzizənin ən böyük arzusu?

O qədər arzum var ki... Biri çox qeyri-realdır. Bir gün səhər oyanıb və atamın canlı olaraq otağa girdiyini görmək istərdim… Mən onun hər zaman yanımda olduğunu, hər bir situasiyada, xüsusilə çətin anlarımda yardım etdiyini hiss edirəm, bilirəm… Atam mənə həmişə Caziza deyərdi – bu ad mənim üçün müqəddəs ad oldu, albomlarımdan birinə bu adı vermişdim.

 dsc02612_copy

Əgər musiqiniz hansısa rənglə müqayisə edilsə, sizcə, bu hansı rəng olardı?

Göy qurşağı rəngində…və hər bir rəngin çoxlu çalarları olardı… Amma məlum olduğu kimi, bütün rənglər bəyazdan yaranır. Bəyaz – nur rəngidir…

Siz, öz musiqi mədəniyyətləri olan məşhur qərb musiqiçiləri ilə çalışırsınız. Necə olur ki, bəzən onlar muğamı bizdən daha yaxşı ifa edirlər?

Bu musiqiyə olan sevgidən irəli gəlir və musiqiçinin səviyyəsindən asılıdır. Əsl peşəkar musiqiçilər musiqi ilə yaşayır, nəfəs alırlar, onlar sadəcə onu hiss edirlər. Mövzunu hiss etmədən əsl musiqiçi onu ifa etməyəcək. Necə ki, ilham almadan və duyğusuz ifa etmədiyi kimi. Yəqin ki, bu əsas şərtdir. Bu ana qədər etdiyimiz hər bir şey ürəkdən gəlirdi, böyük sevgi ilə ifa olunub, buna görə də, yəqin ki, hər şey yüksək səviyyədə alınıb.

Hobbi üçün vaxt tapa bilirsiniz?

Təsəvvür edin ki, hə. Bu sevdiyim və bütün qəlbimi qoyduğum yaradıcılıqdır! Asudə vaxtımda mən rəsm çəkirəm. Bu əsərlər mənim caz ifam kimi avanqard, müxtəlif tərzlərin sintezidir.

 vagif__aziza_at_home76_copy

Bakıya nə vaxt gəlməyi düşünürsünüz?

İlk fürsətdə. Yeri gəlmişkən mən ora tez-tez gəlirəm, sadəcə biz bunu reklamsız və tanıtımsız edirik. Vətəni sakitcə də sevmək mümkündür…

Oxucularımıza,  sizin yaradıcılığınızın pərəstişkarlarına nə arzu edərdiniz…

Əsl sevgi həmişə qarşılıqlıdır. Mən tamaşaçılarımı sevirəm: onlar qədər mənim yaradıcılığıma ilham verən heçnə yoxdur, onlar mənə enerji verir və ümid edirəm ki, bu qarşılıqlıdır. Əgər mənim musiqim sizə sevinc və xoşbəxtlik bəxş edirsə - bu məhz mənim əldə etmək istədiyim bir şeydir. Arzu isə… həyatda neqativ axtarmayın, sadəcə yaşayın, günəşin, ayın, ən əsası isə sakit səmanın varlığından zövq alın. Mən tez-tez evdəkilərə də deyirəm ki, səhər yaxşı əhval-ruhiyyədə oyanmaq artıq üstünlükdür. Tez-tez quşların nəğməsini dinləməyi unutmayın. Bunun üçün, inanın ki, yaşamağa dəyər!

 

Müsahibə: Ülvi Hadiev