Rəssam haqqında, yerli əhaliyə xas olan klişe düşüncə hər kəsə məlumdur: incəsənət fanatiki, mütləq beretdə, uzun saçlı və saqqallı, darısqal emalatxanada fədakarcasına gül rəsmi çəkir... Lakin belə romantik obraz, haradasa qırx yaş köhnəlib. İndiki rəssam - daha çox praqmatik biznesmendir, onun istedadı haqqında xarici görünüşündən çox yaratdıqlarının uğurlu satışı məharətlə xəbər verir. Bəs yerli, Azərbaycan incəsənət bazarında vəziyyət necədir? Kim bizdə art-obyektləri müvəffəqiyyətlə satır və məmnuniyyətlə alır? Bu sualla biz mütəxəssislərə müraciət etməyə qərar verdik.
Azərbaycan müasir incəsənət bazarı son illərdə qızğın surətdə beynəlxalq səviyyədə inkişaf edir. Bizim gənc rəssamlar Avropada, Amerikada, Asiyada böyük uğurlar əldə edirlər. Beynəlxalq yarmarkalarda və biennaledə iştirak etmək rəssama nə verir və bu onun rəsmlərinin satılmasına təsir göstərirmi? "Bu meydanlarda digər beynəlxalq qalereyalara, təşkilatlara, muzeylərə özün haqqında, öz yaradıcılığın barəsində danışmaq imkanı yaranır –“Yarat!” Müasir İncəsənət Məkanının təsisçisi, rəssam Aida Mahmudova bizimlə öz təcrübəsini bölüşür. – Bu, zəncirvari reaksiyaya bənzəyir ... Və əlbəttə ki, satışların artmasına da səbəb olur".
Bəs yeni başlayan rəssam art-bazara çıxmaq üçün nə etməlidir? Rəssam, kinorejissor və fəlsəfə doktoru Teymur Daimi hesab edir ki, Azərbaycanda sənət sisteminin elementi olaraq art-bazar demək olar ki yoxdur. Bir sıra səbəblərə görə bu sistemin özü də qurulmayıb. "Ona görə də ölkədə sənət həyatı xaotik şəkildə axıb keçir və bir çox art-hadisələr təsadüfi, mütləq olmayan xarakter daşıyır. Lakin sistemin olmaması sənət sahəsində ciddi çalışan, istedadlı rəssamların olmaması demək deyil. Rəssamın sənətin önünə çıxış sxemi universaldır: festivallarda, müsabiqələrdə, yarmarkalarda, qrup sərgilərində iştirak etmək, yerli və xarici qalereya sahibləriylə, art-menecerlərlə, kuratorlarla və həmkarları ilə əlaqə quraraq kommunikasiyaya cəlb etmək, həmçinin KİV-də və sosial şəbəkələrdə özünüpiar etmək” – deyərək Teymur əlavə edir.
Azərbaycan Rəssamlar İttifaqı, sənət əsərləri üçün qiymətlərin təyin edilməsinə nəzarət edirmi? İttifaqın katibi, xalq rəssamı Səlhab Məmmədovun sözlərinə görə, bu təşkilat bədii əsərlərə qiymət təyin edilməsini idarə etmir. Əsərlərin xaricə ixracat sahəsinin isə öz qaydaları var. Bunun üçün, ilk olaraq xüsusi komissiyadan sertifikat alınmalıdır (bu cür komissiyalar Gənclər və İdman Nazirliyinin, Milli İncəsənət Muzeyinin və Xalça Muzeyinin nəzdində fəaliyyət göstərir). Əgər sənət işlərinin muzeydə saxlanılması uyğundursa, o zaman komissiya əsərlərin ixracına icazə vermir, xüsusilə də əntiq əsərlərin ixracına. Əsərləri ölkədən ixrac etmək üçün iki icazə növü mövcuddur. Birincisində, bu əsərlərin ölkəyə geri qaytarılma şərtinin qeyd olunması tələb olunur - bu öz işlərini sərgilərə aparan rəssamlar üçün daha aktualdır. İcazənin ikinci növü əsərin xaricə satış məqsədilə olan ixracatı ilə bağlıdır; bu növ icazədə dövlət rüsumunun ödənilməsi tələb olunur, əsərin satışı uğurla həyata keçdikdə isə rəssamdan gəlir vergisi tutulur.
Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov hesab edir ki, ölkəmizin böyük rəssamlarının əsərlərinin qiymətləndirilməsi dövlət tərəfindən tənzimlənməlidir. “Azərbaycan rəssamı gündəlik yaşamını necə təmin edir? Elə əsərlər var ki, satış məqsədi ilə yaradılır, elələri də var ki, rəssam ona qəlbini qoyur. Rəssam, əsasən sifariş əsasında çəkdiyi portretlərdən, peyzajlardan və öz əsərlərinin surətini çıxararaq gəlir əldə edir.” – deyərək katib əlavə edir.
Avropa və ABŞ kimi daha sabit art-bazarı olan ölkələrdə müştərilərin əksəriyyəti satış məkanı sayılan qalereyaya gəlir. Qalereya sahibi, rəssamı real həyata və real həyatı incəsənətə uyğunlaşdıraraq, eyni zamanda həm özü, həm də rəssam üçün pul qazanmaq kimi çətin məsələni həll edərək yaradıcı və art-biznesmen arasında vasitəçiliq edir. "Bakıda sənət qalereyalarını barmaqla saymaq olar. Təəssüf ki, onlar öz aralarında yaradıcı əlaqələri olmadan işləyirlər. Bu, art-biznesin vahid strategiyasını hazırlamağa imkan vermir. Halbuki bu, kolleksiyaçılara Azərbaycan yaradıcılıq məkanında öz kolleksiyalarını artırmağa kömək edə bilərdi” - əməkdar mədəniyyət xadimi, qalereya sahibi Elçin Orucov qeyd edir. Həmçinin auksionların olmaması da qalereyaların fəaliyyətinə mənfi təsir göstərir. Bu auksionlar qalereyaların fəaliyyətini həvəsləndirərək yaradıcı rəqabətin yaranmasına təkan verə bilərdi. Bu gün əsərin qiyməti müəllif (sahibkar) və qalereyanın qarşılıqlı razılığı əsasında təyin edilir. Auksion evi, bu metodu açıq ticarət və şəffaf sözləşmə sayəsində ləğv edə bilərdi.
Bir insan sərgiləri, vernisajları, qalereyaları və incəsənət muzeylərini nə qədər çox ziyarət edərsə, onun gec-tez incəsənət əsərlərindən kolleksiya toplama ehtimalı daha yüksəkdir - tanınmış qalereya sahibi, xaricdə filialı açılan ilk yerli "Qız Qalası" qalereyasının rəhbəri Emin Məmmədov belə hesab edir. Bu gün Azərbaycanda incəsənət əsərlərinin kolleksiyaçısı az deyil. Hər bir kolleksiyaçının riayət etdiyi şəxsi kolleksiya toplama prinsipi var... Bəziləri üçün, kolleksiya bir növ vəsait qoyduğu investisiyadır; kimi yalnız öz zövqünü rəhbər tutaraq bəyəndiyi əsərləri toplayır; elə kolleksiyaçılar da var ki, kolleksiyalarını müəyyən müəlliflər və ya müəyyən tarixi dövr prinsipinə görə toplayırlar... Mən əminliklə deyə bilərəm ki, bizim xalqımız incəsənəti sevir və yüksək qiymətləndirir!...
Brendinq, uğurlu piar, zəngin himayədar simasında diler və ya qalereya sahibi - budur rəssamın müasir incəsənət bazarında müvəffəqiyyətinin rəhni. Bunu rəssam Faiq Əhməd də öz sözləri ilə təsdiq edir: « "İstedad" - heç bir şey ifadə etməyən ümumi bir sözdür, çünki hər bir insan unikaldır. Rəssam o kəs olur ki, öz unikallığını dərk edir, eyni ilə öz unikallığını dərk edən çörəkbişirən və ya elektrik mühəndisi kimi. Bu unikallığı dərk edən azadlığı əldə edir, bu isə insanları birləşdirən keyfiyyətdir. Lakin azadlığın müəyyən edilməsinin istedadla əlaqəsi yoxdur. "İstedad" sözü azad insanları göstərmək üçün istifadə olunur, bu isə sadəcə yaradıcı insanlara məxsus deyil. Buna görə də hər kəs öz unikal təzahüründə istedadlıdır, sadəcə bunu ancaq bəziləri dərk edir... Piar - düşünülmüş irəliləmə strategiyasıdır. İncəsənətdə isə bu mümkün deyil: rəssam xaotik biridir, belə isə xaosda hansı strategiya ola bilər? Lakin mən haqsız belə olsam, əgər həm istedad, həm piar incəsənətə təsir göstərirsə də, rəssamın uğurunun böyük hissəsini sevgiyə və işinə aid etmək olar. "İstedad" və "piar" sözlərinin nə rəssamla, nə də onun sənətiylə heç bir əlaqəsi yoxdur: bu anlayışlar rəssamın işlərinin tez-tez aidiyyatı olduğu yalnız iqtisadiyyatda istifadə olunur. Bu işlər - satıldığı qalereyadan başqa muzeylər və digər incəsənət instituları daxil olmaqla rəssamın kontekstdə tamaşaçı ilə qarşılıqlı əlaqəsinin məhsuludur. Lakin öz sənətinə qoyduğu sevginin gücü olmadan, heç bir rəssam sadəcə iqtisadi alətlərlə uğur əldə edə bilməz. Rəssamın uğuru onun tamaşaçılara çatdıra bildiyi ilham mənbəyi ilə müəyyən edilir, bu gözəl təcrübənin necə çatdırıldığının isə fərqi yoxdur, əlbətdəki bu çatdırılma artıq həyata keçibsə».
Azərbaycanın əməkdar rəssamı, müstəqil kurator Səbinə Şıxlinskaya hesab edir ki, əlbəttə, idealda rəssamın istedadı uğurun əsasını təşkil edən amil olmalıdır, bugünkü reallıqda isə istedad əsərlərin uğurlu satışında, demək olar ki, heç bir əhəmiyyətli (yalnız cüzi) rol oynamır. «İstehlak kultu əsasında yaradılmış və buna kütləvi reklam maşınının var gücü ilə dəstək verdiyi cəmiyyətdə əhali, təəssüf ki, funksional alətlər və incəsənət əsərlərinin arasında əhəmiyyətli fərq görmür. Həqiqi meyar anlayışında olan bu baza uçurumundan, həmçinin, əhalinin çox hissəsinin bədii təhsilin olmamasından art-dilerlər istifadə edirlər. Bu art-dilerlər düzgün hesablanmış sxem üzrə böyük kapitallar qazanaraq düşünülmüş piar-kampaniyanın sayəsində "ulduzlar" yetişdirirlər. Əldə olunan gəlirlər reklama sərf olunan vasitə ilə düz mütənasibdir. Bu işlənmiş sistem həm şou biznesdə, həm də təsviri incəsənətdə daim böyük kommersiya uğuru ilə hərəkət edir ... Sadəcə bitərəf seçim edən “Zamana” ümid etmək qalır. Nəticədə incəsənət və mədəniyyət tarixində yalnız o adlar yazılır ki, onlarsız müəyyən tarixi dövrün sənət inkişafı olmazdı. Baxmayaraq ki, bu görkəmli yaradıcıların çoxu sağlığında nə tanınırdılar, nə də kommersiya uğurları var idi».
Rəssam Fərid Rəsulov qeyd edir ki, onun işləri xaricdə daha çox uğur qazanıb, nəinki öz ölkəsində: "Bizdə hələ ki müasir incəsənət ilə nə edəcəklərini bilmirlər. İnstalyasiya? Onlarla nə etmək olar, sual bundadır! Bizim alıcımız hər hansı qədim İtalyan bir güldana pul xərcləyər, amma heç vaxt daha ucuz qiymətə yerli rəsm və ya müasir art-obyekt almaz. Lakin biz müasir Azərbaycan incəsənətinin istiqamətini daha yaxşı tərəfə dəyişdirmək üçün çox çalışırıq. Düşünürəm ki, bu həm qalereya sahibləri üçün, həm də rəssamlar üçün ən vacib məsələlərdən biridir".
Kolleksiyaçı Anar Əzimov bu fikri dəstəkləyərək belə deyir: "Baxmayaraq ki, mən bir maliyyəçiyəm, sənət əşyalarının kolleksiyasına sadəcə kapital növü kimi baxmıram. Bəzi əldə etdiyim rəsmlər qəlbimin bir hissəsinə çevrilir, onlarla ayrılmaq çətin olur... Lakin, bu məşğuliyyətin investisiya tərəfi ilə maraqlananlar üçün sirr deyil - bu ən ən gəlirli investisiya istiqamətidir".
Sotheby’s London auksion evinin müasir incəsənət üzrə mütəxəssisi, Suad Qarayevanın sözlərinə görə, məhz bu auksion evi ilk dəfə Qafqaz və Mərkəzi Asiya rəssamlarının işlərini Londonda satmağa başlayıb. "Qərb kolleksiyaçılarının Azərbaycan rəssamlarına, xüsusilə gənc nəsilə olan marağı diqqət çəkir, çünki onlar tez-tez beynəlxalq meydançalarda sərgidə iştirak edirlər. 60-cı illərin ən uğurlu kommersiya rəssamları - Cavad Mir-Cavadov və Tahir Salahovdur, gənc nəsildən isə - Faiq Əhməd və Aidə Mahmudovadır".
Müasir rəssamların yaratdığı əsərlərin qiyməti hansı meyarlara görə təyin olunur? Bu haqda kurator və qalereya sahibi, müasir incəsət üzrə mütəxəssis Fərəh Piriyeva danışır: "Avstraliyalı art-kritik Robert Hyuz bir dəfə qeyd edib: "Sənətin yeni vəzifəsi peyda olub - divarda yerləşmək və bahalanmaq". İlk baxışda, məhz belə də olur. Mən də hesab edirəm ki, əsərin, heykəlin və ya instalyasiyanın - istisnasız bütün hamısının qiymətinə təsir göstərən yeganə mühüm amil - zamandır. Çalışma məhz bu gün aktual olan ideyanı ifadə etməlidir, müasir düşüncəni əks etdirməlidir. Rəssam başqa hansı yollarla tamaşaçının (investorun) hər kəsə məlum olan çox güclü hisslərini və emosiyalarını oyada bilər? Axı aktual sənət yaradıcısının əsas vəzifəsi yeni emosiyalar tapmaqdan ibarət deyil, eyni duyğuları ötürmək üçün alternativ yollar araşdırmaqdır. Bu missiyanı yerinə yetirə bilən rəssamların işləri tanınır və demək olar ki, dərhal çox yüksək qiymətləndirilir".
Rəssam, heykəltəraş və şair Çingiz Babayev hesab edir ki, müasir art satışında yaradıcı insanın şəxsi əlaqələrinin olması mühüm rol oynayır: "Təkcə mədəniyyət sahəsində deyil, həm də bütün digər sahələrdə ümumi, hər yerdə baş verən cəhalət və savadsızlıq şəraitində - yalnız piar daimi, maneəsiz işləyir. İstedad isə bu vəziyyətdə - sadəcə piara bir əlavədir... Əslində istedad heç olmasa da olar. Əlbəttə ki, heç də bizim rəssamlarımızın bütün işləri satılmır. Sadəcə çox az sayda işlər satılır. Hər şey bu və ya digər müəllifin şəxsi əlaqələrindən və nə dərəcədə "tanıdılmasından" asılıdır".
mətn GÜNAY ABBASOVA / foto Press-Materiallar