UŞAĞIN GÖZÜ İLƏ

İzzətxanım Mirzəxanova bir il əvvəl, 14 yaşında ikən Devid Hokninin rəsmlərindən təsirlənərək kollaj yaratmağa başlayıb. O, öz yaradıcılığını belə izah edir: "uzun müddət ağ kağıza baxıb bir hekayə uydura bilərəm, sonra isə əhvalım rəngi və təsviri müəyyənləşdirir". İzzətxanım Mirzəxanova jurnalımız üçün arxiv materialları əsasında gözəl kollajlar çəkdi.

 

Gənc yaşına baxmayaraq müdrik olan qızın fikrinə görə istənilən dəyərli ideya eşidilməyə layiqdir və bu ideyanın qadın və ya kişi tərəfindən irəli sürüldüyünün  əhəmiyyəti yoxdur.

«Mənim qız olmağım xoşuma gəlir" – İzzətxanım etiraf edir, – çünki ailəm mənə xüsusi həssaslıqla yanaşır və eyni zamanda tam azadlıq verir, bu da mənim üçün qarşımda bir çox imkanlar açır. Amma hətta dostlarım arasında belə qızlara nisbətən oğlanlara daha çox şeyə icazə verilən ailələr var. Sadəcə oğlan olduqları üçün».

«Amma mənim cinsiyyətindən asılı olmayaraq nailiyyətlərinə görə sevilən və hörmət edilən "əsl qız" kimi olmaq çox xoşuma gəlir».

İzzətxanım erkən yaşlarından zirvələri fəth etmək arzusunda olub. Əvvəlcə bu masa olub, sonra pəncərə kənarı, ondan sonra soyuducu... və bu yaxınlarda İzzətxanım qayaya dırmanmaq üzrə diploma layiq görülüb!

Onun əsas dostu və ilham pərisi – anasıdır. «Çünki o sevməyi bacarır! – İzzətxanım bildirir. – O, ideya və enerji ilə doludur, ən çətin anda belə gülümsəyir. Onun sayəsində çox şeyi bacardığımı və həyatda ən vacib şeyin – sevgi olduğunu bilirəm!»

İllüstrasiyalar: İzzətxanım Mirzəxanova

Material 60-cı buraxılışda dərc olunmuşdur.