What's Cooking: Soyuq havaların isti yeməyi

icon

Soyuq havalar başlayan kimi, evə gedib dadlı, yağlı bir şorba yemək istəyirsən. Əgər şorbada un məmulatları varsa - daha da əla! Əlbəttə ki, inanılmaz sayda şorbalar mövcuddur: toyuqla, ətli frikadellə, borş və solyanka, tərəvəzli və paxlalı şorbalar. Ancaq Abşeron yarımadasının sakinləri üçün soyuq havalarda ən ləzzətli yemək - hər kəs tərəfindən sevilən düşbərədir.

image1

Düşbərə - yağlı bulyondan və balaca mirvari kimi pelmenilərdən hazırlanan bir şorbadır. Pelmeni bizə Çindən gəlib. Lakin bizdə, hazır şorbanın içində onlar miniatür və çox gözəl görünürlər. Düşbərə evdar xanımların çox vaxtını və zəhmətini alan bir şorbadır, lakin nəticə buna dəyər. Düşbərənin klassik variantı - qoyun sümüklərindən zəfəranlı bulyon və ətirli ədviyyatlı, soğan və sarımsaqlı qiymədən hazırlanan balaca pelmenilərdən ibarətdir. Hər evdar xanımın resepti fərdidir. O, bizim gözəl ölkəmizin bölgəsindən asılı olaraq dəyişir. Məsələn, mənim doğma şəhərim Gəncədə düşbərənin üzərinə keşniş səpirlər. Mən isə qoyun ətinin bulyonunun dadına alışmışam. Bakıda düşbərəni çox vaxt mal ətinin bulyonunda bişirirlər və üzərinə quru nanə və ya sumaq səpirlər. Qiymə qoyun, ya da daha yağsız variantı - dana ətindən ola bilər. Həm də bəzən şorbaya tomat əlavə edirlər, bu da mənim çox xoşuma gəlir.

Mən sizə klassik variantdan fərqlənən, lakin payız havalarında inanılmaz isidən və ümid edirəm ki, ürəyinizcə olan öz düşbərə variantımı təqdim etmək istəyirəm.

İlk başda bulyon. Reseptin biri mürəkkəbdir, biri isə vaxtı az olanlar və buna görə də xaltura etmək istəyənlər üçündür. Qoyun və mal sümüklərininin üzərinə soyuq su tökürük, 1 ədəd orta ölçüdə soğanı və eyni şəkildə yerkökünü qazana qoyuruq. Bulyon qaynamağa başlayan kimi qazanın altının odunu azaldıb 1 saat ərzində bişiririk, kəfgirlə kəfini yığmağı unutmuruq. Süzürük – budur, bulyon hazırdır.

Vaxt az olanda, bulyonu tərəvəzli və ya mal əti dadında bulyon kubiki ilə əvəz edə bilərəm. 1 litr suya 1 kubik.

Pelmeni xəmirini mən ən sadə şəkildə edirəm, əsas xəmirlə işləməkdən qorxmayasan - bu göründüyü kimi qorxulu deyil. Proporsiyanı hesablamaq çətindir, çünki mən bunu həmişə su və lazımi qədər un əlavə edərək gözəyarı edirəm. Biz bərk xəmir yoğurmalıyıq. Resept çox sadədir - su, un, 1 yumurta, duz və bir az günəbaxan yağı. Xəmiri yoğurduqdan sonra yarım saat özünə gəlməyə qoyuruq, bununla da onunla işləmək daha asan olacaq. Sonra incə yuxa açın və kvadratlar şəklində kəsin.

Qiyməyə soğan, sarımsaq və bir az da sarıkök əlavə edirik. Duz və istiot zövqə görə.

Kiçik zərflər formasında bükürük və qurumağa qoyuruq.

image3

Qeyd: düşbərəni tez-tez etmədiyimizə görə, paketlərə qoyuruq və porsiyalara bölərək dondururuq. Beləliklə, istədiyiniz vaxt sevdiyiniz şorbanı hazırlamaq mümkündür.

Şorbanı bişirəcəyimiz ayrıca qazana bir az yağ (1 xörək qaşığı), adətən zeytun və ya əridilmiş yağı əlavə edirəm. Kiçik soğanın yarısını rənginin dəyişməsinə imkan verməyərək bir neçə saniyə qızardıram. 3 xörək qaşığı qabığı soyulmuş pomidor əlavə edirəm. Ətçəkəndən keçirilmiş də olar. Zövqə görə duz və istiot, ən əsası 1 çay qaşığı şəkər tozu əlavə edirəm. 2-3 dəqiqə pörtlədirəm və üzərinə bulyon tökürəm. Bir qədər zəfəran və quru nanə səpirik və düşbərəni bulyona tökürük (1 nəfərə 2 ovuc), yapışmaması üçün bir az qarışdırırıq.

Ən önəmlisi - şorbanı qaynatmamalıyıq, çünki düşbərə açılar və dadı dəyişər. Düşbərə suyun üzərinə çıxan kimi 5 dəqiqə daha bişirib sonra isə isti şəkildə, üzərinə keşniş və ya sumaq tökərək (mən hər ikisini də tökürəm) süfrəyə vermək olar. Şorbanın yanında tosterdə qızardılmış çörək dilimlərinin üzərinə rəndələnmiş sarımsaq sürərək təqdim etmək olar.

image2

Bon appetit!

Mətn: Həcər Əliyeva