Meksika mətbəxi tələbəlik illərimdə mənim üçün favoritlər sırasında idi. Mən bu mətbəxi böyük yığıncaqlar üçün ideal hesab edirəm, çox rəngarəngdir və inanılmaz dadlıdır. Naços ilə quakamoledən ləzzətli nə ola bilər? Bəs toyuqlu və təzə salsa ilə olan tortilla necə?
Bütün yeməklər bir-birinə bənzəyir. Faxitası hər kəs özü masada sevdiyi fillerləri əlavə edərək toplaya bilər. Kesadilya pizza formasında artıq hazır şəkildə təqdim olunur (iki lavaş arasında içliklə). Takos mənim ən sevdiyimdir - bu müxtəlif tərəvəzlərlə və salsa ilə olan ət, toyuq və ya balıq içlikli balaca tortillalardır. Amma yəqin ki, "ən rahat" yemək - ençiladasdır.
Ençiladas - sousda bişmiş tortillaların içinə tərəvəzlərlə birgə toyuq və ya ət doldurulmuş yeməkdir. Bu necə hazırlanır? İndi izah edəcəm.
Bir çox resept var, hər kəs bunu fərqli bişirir, mənim ailəm isə bir az kaprizlidir, buna görə də sizə öz versiyamı təqdim edəcəyəm. Ədviyyatlarla bağlı həddi aşmıram - zirə və şirin paprika əlavə edirəm.
4 nəfərlik porsiya üçün lazım olanlar
3 orta soğan
300 qram soyulmuş pomidorun şirəsi
2 xörək qaşığı tomat püresi
500 qram toyuq əti (daha dadlı olduğuna görə ağ əti və ya bud hissəsi)
Yarım banka bişmiş lobya (qırmızı yaxud ağ)
1 ədəd qırmızı və ya yaşıl bolqar bibəri
4 diş sarımsaq
4-5 qarğıdalı və ya buğda unundan hazırlanmış tortilla, ya da orta lavaş (lavaş incə olduğu üçün 1 tortilla əvəzinə 3-4 lavaş istifadə etmək olar)
150 qram pendir (mozzarella, əriyən çeddar pendiri)
Duz, quru çili, şirin paprika, döyülmüş zirə
1 dəstə təzə keşniş (2 hissəyə bölünür)
Xama
Pomidordan sous hazırlayırıq. 1 ədəd soğanı doğrayırıq və qızardırıq, qızartdıqdan sonra zirə və paprikanı, daha sonra xırda doğranmış 2 diş sarımsağı əlavə edirik. Üzərinə doğranmış pomidorların şirəsini tökürük və 15-20 dəqiqə ərzində pörtlədirik. Zövqə görə duzlayırıq. 15-20 dəqiqədən sonra keşnişin 1 hissəsini əlavə edirik.
İçlik üçün toyuq ətini doğrayırıq, onu bitki yağında qızardırıq. Üzərinə yarı halqalara doğranmış soğanı əlavə edirik. Duz, zirə və paprika vururuq. Kub və ya uzun dilimlərə doğranmış yaşıl bolqar bibərini əlavə edirik. 5 dəqiqədən sonra odun üzərindən götürürük və 2 diş sarımsaq və keşnişin 2-ci hissəsini əlavə edirik. Qarışdırırıq.
Sobanı 200 dərəcədə isidirik.
Bütün inqrediyentlər hazır olduğundan hər şeyi birlikdə isitmək və pendiri əritmək qalır. İsti sobaya qoyuruq, sobanı 180 dərəcəyə endiririk və ençiladası pendir əriyənədək və üzəri qırmızı rəng alanadək 15-20 dəqiqə ərzində bişməyə qoyuruq.
Süfrəyə xama ilə təqdim edin və böyük yığıncaqdan həzz alın!
P.S. Ençiladası istənilən içliklə hazırlamaq mümkündür: ət qoya bilərsiniz, daha çox tərəvəz əlavə edə bilərsiniz, ya da ümumiyyətlə ətsiz də hazırlamaq olar - inanılmaz ləzzətli vegetarian yeməyi alınacaq. Dəyişiklik üçün sadəcə lobya deyil, həm də bişmiş düyü qoya bilərsiniz. Ençiladası hazırlayıb buzluqda saxlamaq olar, sadəcə sobada yarım saat bişirirsiniz və ençiladas hazırdır!
Bon Appetit!
Mətn və foto: Həcər Əliyeva