WHAT'S COOKING: KİŞ PİROQU

icon

Tələbəlik zamanı mən və mənim rəfiqələrim Praqadakı kirayə qaldığımız evə çox sayda qonaq dəvət etməyi sevirdik. Beləliklə, mən bütün əyləncə məclislərinin təşkilatçısı idim, hansı menyunun, musiqinin və tərzin olacağına mən qərar verirdim.  Məsələn, ilin sonunda geniş qeyd etdiyimiz iki bayram var idi. Birincisi - Halloween. Balqabaq alınırdı, yeməklər və qəlyanaltılar hazırlanırdı, dostlar və dostların dostları dəvət olunurdu və biz Jack o Lantern'i kəsirdik. Həmçinin hər il Yeni il gecəsi çox məşhur idi. Bayram ab-havasını uzatmaq üçün şam ağacını daha öncədən bəzəyirdik və dekabr ayının əvvəlində «Christmas tree party» adlı tematik əyləncə gecəsi təşkil edirdik. Stolüstü oyunlar oynayırdıq, evdə hazırlanan kokteyllər içirdik, kanape və qəlyanaltılar yeyirdik, söhbət edirdik və Urqantdan Jimmy Fallona qədər bütün tolk-şouları seyr edirdik.

Tələbəlik həyatı bitdikdən sonra daha çox branç keçirməyi sevirəm - daha sakit və böyüklər üçün (nə qədər dəhşətli səslənsə də) əyləncə məclisləri.

"Brunch" sözü Britaniya jarqonudur, breakfast və lunch sözlərinin birləşimidir. Mən səhər yeməyini çox sevirəm, menyu baxımından fantaziyam hədsizdir. Həmçinin bazar günləri branç vermək idealdır - çox yemək hazırlamaq lazım deyil, rahat ev atmosferində dostlar və ailə üzvləri ilə söhbət etmək mümkündür və alış-verişə çox pul xərcləməyə ehtiyac qalmayacaq.

Əlbəttə ki, hər şey menyudan və dəqiq plandan başlayır. Supermarketə mütləq tox getmək lazımdır! Ac getməməyə çalışıram, bu yaxşı bir şeyə yol açmır. Menyunu dəqiq müəyyən etməyə çalışın.

Mənim üçün menyu həmişə standart yeməklərdən ibarətdir - toyuq yumurtaları ilə olan yeməklər (Krok-madam, tost üzərində paşot yumurta, frittata, kiş). Təzə çörək və yağ (masanın kralları). Cemlər və mürəbbələr. Pendir növləri.  Pankeyk, kökə və ya vafli seçimi (hər hansısa birini). Qəhvə və çay. Meyvələr. Adətən mən həm də, daha sonra qonaqlara pay vermək üçün desert də hazırlayıram.

Masaya ət məmulatları, salat və digər variantları düzmək artıq sizin təqdirinizə verilir. Mənim üçün bu say ən optimaldır, nəhayətdə bu bir brançdır, əsas məqsəd sevdiklərinizlə şənbə və ya bazar gününü xoş keçirməkdir.

Brançdakı ən xoş olan odur ki, mətbəxə gedib  bir şeyləri geri gətirməyə lazım gəlməyəcək. Hər şeyi masaya istədiyiniz kimi düzün, yemək dəstlərini, stəkanları, fincanları və nəlbəkiləri yerləşdirin. İstədiyiniz tərzdə ola bilər - klassik və ya rahat (adətən taxta lövhələr və klassik qablar istifadə edirəm), gözəl süfrə sərirəm (daha çox ağ rəngində kətan sevirəm). Mükəmməl süfrə açmağa ehtiyac yoxdur, brançın ləzzəti elə bundadır. Çiçəklərlə dolu kiçik vazalar qoymaq olar. Çiçək yoxdursa, meyvələri süfrəyə kiçik vazalarda gözəl şəkildə qoya bilərsiniz, ya da mənim ən sevdiyim hiylə - limondur. Masada dekor kimi hər hansı bir çiçəkdən daha zərif görünür. İstədiyiniz şeyləri istədiyiniz kimi yerləşdirin, bu sizin çıxışınızdır və sizin fərdliyinizdir.

Bu gün sizinlə ən sevdiyim kiş reseptini paylaşmaq istəyirəm. Bilirəm, əfsuslar olsun ki, kiş bizim şəhərdə çox da populyar deyil. Yüngül salat ilə bir dilim kiş - əla lanç ola bilər. Onu hazırlamaq da çox asandır, bir qədər bizim kükü yeməyinə bənzəyir, sadəcə piroq şəklindədir.

6-8 nəfərlik klassik bir kiş yeməyi üçün lazım olanlar:

Piroq üçün dərin forma qabı, ən yaxşısı kənar çənbəri çıxanlardan olsun. Amma sadə keramikadan və ya şüşədən olsa da olar. Əsas odur ki, yumurta kütləsini tökmək üçün kənarları hündür olsun.

Kiş xəmiri üçün:

220 qram un;

1 çay qaşığı (dolu olmayan) duz;

100 qram soyuq yağ;

1 ədəd yumurta və 1 ədəd yumurta sarısı;

3 xörək qaşığı buzlu su.

Kiş içliyi üçün:

6 böyük yumurta;

360 ml yağlı qaymaq;

360 ml süd;

1 dolu çay qaşığı duz;

1/2 çay qaşığı qara istiot.

Əvvəlcə xəmir yoğurmaq lazımdır. Soyuq yağı unun içərisinə rəndələyin. Yumurtaları və yumurta sarısını duzla birlikdə, həmçinin buz kimi soyuq suyu rəndədən keçirdiyiniz kütləyə əlavə edin. Əgər mətbəx kombaynınız varsa orada qarışdıra bilərsiniz, lakin mən hər şeyi əllərimlə edirəm. Unu, yağı və digər inqrediyentləri əlinizlə ovuşdurun. Qarışıq sizə çox quru görünə bilər, amma heç nə əlavə etməyin. Kütləni qida kağızına tökün, kağızın kənarlarını hər tərəfdən qaldırın və kütləni disk formasında sıxın. Üzərini kağız ilə örtün və minimum yarım saatlıq soyuducuya qoyun.

Sonra xəmiri masaya qoyun və onu yaymaq mümkün olsun deyə bir qədər (5-10 dəqiqə) gözləyin. Kənarlarını doldurmaq və içliyi tutmaq üçün xəmiri sizin forma qabından daha böyük bir dairə şəklində yayın. Forma qabına yerləşdirin, kənarlarını yapışdırın və artıq hissələri kəsin.

Forma qabını dondurucuya qoyun (yarım saatdan üç günədək).

Kişin hazırlanması üçün ilk növbədə xəmiri ayrıca, sonra isə içliklə birlikdə bişirmək lazımdır. Bunu xəmirin yumşalmaması və yumurta kütləsini saxlaya bilməsi üçün edirlər.

Sobanı 200 dərəcədə isidin.

Qabarcıqların yaranmaması üçün xəmirin səthində çəngəl ilə deşiklər açın. Qızılı rəng alanadək 15-20 dəqiqə bişirin.

Bir qədər soyudun və üzərinə yumurta, qaymaq, süd, duz və istiot qarışığını kişin kənarlarından yüksək olmayaraq tökün. Bu etapda üzərinə əlavələr edə bilərsiniz (bekon, pendir, göyərti). Heç bir şey əlavə etmədən sadə klassik də etmək olar.

10 dəqiqə müddətində 180 dərəcədə bişirin. Sonra isə 150 dərəcəyə azaldın və içlik bərkiyənədək bişirməyə davam edin. Süfrəyə verməzdən əvvəl 1 saat soyudun.

Bir qədər ilıq vəziyyətdə, yanında salat və ya heçnəsiz təqdim edə bilərsiniz.

Bon appetit!

Mətn: Həcər Əliyeva