Özünüzü özünüz üçün qoruyun!

Bəzək əşyaları Messika, MY TWIN kolleksiyası (Elluxus butiki)

Enerji hər şeydən güclüdür. O, yalnız əməllərimizdə deyil, həm də sözlərimizdədir, hətta düşüncələrimizdədir. Amma bu, etdiyimiz və söylədiyimizdən daha vacibdir, həm də istəklərimizdən daha güclüdür. Buna görə də, gəlin, yalnız gözəl şeylər haqqında düşünək, başqalarına ancaq yaxşılıq arzulayaq. Kosmosdan bu dünyaya yalnız pozitivi ötürək, ətrafımızdakı reallıq müsbət, yaradıcı enerji ilə yüklənsin! Sizi danladıqlarında qulaqlarınızı bağlayın, amma təriflədiklərində ürəyinizi açın! Enerjinizi qoruyun, pis əməllərə və pis düşüncələrə sərf etməyin, onu bir zinət kimi qoruyun! Axı həyatda hər şey onun üzərində qurulub: münasibətlərimiz, hisslərimiz, emosiyalarımız, nikahımız, karyera həyatımız və hətta özümüzü aynada görməyimiz... Və unutmayın: kişilər sizin çantanıza və ya paltarınıza deyil, sizdən gələn enerjiyə reaksiya verirlər. Özünüzü və yaxınlarınızı sevin. Əgər harmoniya içində yaşamaq istəyirsinizsə, özünüz daxil olmaqla ətrafınızdakı hər kəsin xeyirxah əməllərə köklənməsi üçün əlinizdən gələn hər şeyi edin, ətrafınızdakı hər kəs sizə və bütün dünyaya qarşı mütləq işıqlı düşüncələrə sahib olmalıdır! Bəs, əgər bir insan qaranlıq fikirlərə sahibdirsə, üstəlik o bununla mübarizə aparmaq istəmirsə, hətta bunu inkişaf etdirirsə? O zaman sizə tövsiyə edəcəyim ən yaxşı şey - bu insanla mümkün qədər tez ünsiyyəti kəsmək olacaq. Ən azından çalışın, mümkünsə, nadir hallarda onunla əlaqəniz olsun, hətta səbəbini izah etməyə də bilərsiniz. Əvəzində isə sizin kosmosla pozitiv, harmonik əlaqənizin qarşısını kəsənlərlə deyil, əksinə onu gücləndirənlərlə, "quyruğunuzu basmayan" insanlarla tez-tez görüşün. İnanın mənə, məhz bu "quyruq" arxamızca iz qoyur, biz onu görməsək belə...

Ülviyyə Mahmudova, baş redaktor