Oxucumu soyuq günlərdə darıxmağa qoymaram və hamını köhnə şəhərə gəzintiyə çıxmağa dəvət edirəm. Mahnıda deyildiyi kimi: "Əgər şəhər və qəsəbələrdə qış olmasaydı, bu şən günlər barəsində heç vaxt bilməzdik". Gəlin, hər fəslin öz gözəlliyini tapaq! Bu entuziazmla abidələrin ekskursiyasına başlayırıq. Metro tərəfdən İçərişəhərə daxil oluruq və sözün əsl mənasında Əliağa Vahidlə üz-üzə gəlirik.
Vardır indi, gözəlim, başqa məlahət Bakıda.
Gəl edək şövq ilə hər yanı səyahət Bakıda.
Əsrlərdir qocaman Qız Qalası qalmışdır,
Göstərir xalqa vüqar ilə iqamət Bakıda.
Bakıdır yurdumuzun mərkəzi, Şərqin qapısı,
Haqlıdır xalqımız eylərsə fəxarət Bakıda.
Vahidəm, mən də bu yurdun, bu elin şairiyəm,
Artırır zövqümü artdıqca təravət Bakıda.
Dahi qəzəlxan Əliağa Vahid 1895-ci ildə xarrat ailəsində anadan olub. O sadəcə şair deyildi, həm də şərq poeziyasına çox gözəl bələd idi. Nizaminin, Xaqaninin, Fələkinin və digər klassiklərin ölümsüz əsərlərini farscadan Azərbaycan dilinə tərcümə edirdi. Özü Azərbaycan poeziyasının sonuncu varisi olub. Heykəltəraş Rahib Həsənov tərəfindən 1990-cı ildə yaradılmış abidə, daha doğrusu büst həm estetik, həm də fəlsəfi nöqteyi-nəzərdən köhnə şəhərin unikal eksponatlar siyahısına daxildir. Bu qeyri-adi abidə ilə qarşılaşan hər kəs bu «poetik başın» detallarını diqqətlə nəzərdən keçirib. Büstün müəllifi beynimizdə olan həm yaxşı, həm də pis fikirləri «xaricə» çıxarmaq istədiyini bildirmişdi.
İkinci abidə bizi arxeoloji parkda, ictimai kitab şkafının olduğu yerdə gözləyəcək. Rəssam və qrafikaçı Əzim Əzimzadə 1880-ci ildə anadan olub. Onun təsviri sənət təhsili olmayıb, lakin bu ona Azərbaycan satirik qrafikasının banisi olmağa mane olmadı. Ömər Eldarovun əsəri olan Əzim Əzimzadə abidəsi İçərişəhərin «istirahət zonasında» yerləşir və kompozisiya şəklində təqdim olunub - müəllif-rəssam və əhalinin xarakterini və qədim şəhərin ruhunu əks etdirən satirik qəhrəmanları.
Üçüncü abidə mənim nəinki İçərişəhərdə, həm də bütün şəhərdə ən sevdiyim abidədir. Nasir, publisist, ictimai xadim və Azərbaycan dilində ilk «Əkinçi» qəzetinin banisi Həsən bəy Zərdabiyə çox gözəl abidə ucaldılıb. Abidə məhsuldarlıq və maarifçilik simvolu olan ağac altında təsvir olunub: bu onun yaratdığı qəzetə göndərmədir. Çünki 1875-ci ildə «Əkinçi» simasında əkdiyi «ağac» minlərlə insanı maarifləndirdi və Azərbaycanda mətbuatın və publisistikanın inkişafı üçün təməl qoydu.
Biz Bakıda hər gün gəzirik və onun özlüyündə nə qədər maraqlı və öyrədici şeylər gizlətdiyini görmürük. Bəzən dayanmaq və ya ətrafa baxmaq üçün qısa səyahət etmək, təsadüfən verilən sual və ya bu gün mənim etdiyim kimi - xatırlatmaq kifayət edir.