KUBİZM POMPİDU MƏRKƏZİNDƏ

Təxminən 1907-1908-illərdə Brak və Pikasso bu gün kubizm dediyimiz cərəyanı yaradıblar. Bu termin Kanveyler qalereyasında Corc Brakın ilk fərdi sərgisindən sonra istifadə edilməyə başlayıb. Onun sadələşdirilmiş həcmdə perspektivsiz peyzajlarını seyr edərək - Matiss "Kiçik kublar!" deyəcək. 

«Müvəqqəti və daim dəyişən və yanlışlıqla dəyişməz olaraq qəbul etdiyimiz əşyaları təqlid etməyə çalışmamalıyıq. Əşyalar özlüyündə mövcud deyillər. Onlar yalnız bizim vasitəsitəmizlə mövcud olurlar», – Brak özü bu istiqaməti belə təsvir etmişdi. 

Kubistlərin sonuncu geniş sərgisi Parisdə 1953-cü ildə keçirilib. Pompidou Mərkəzində sərgilənən hazırkı ekspozisiya XX əsrin bu cür aparıcı bədii axınının əsas konsepsiyalarına fokuslanıb. Pikassonun və Brakın əsərləri ilə yanaşı burada həmçinin Pikabia, Düşan, Delone kimi digər nüfuzlu rəssamların əsərləri də təqdim olunub.

300-dən çox əsər xronoloji ardıcıllıqda təqdim olunub: kuratorlar kubizmin vahidliyini təmin edən əsas anlayışları, alətləri və prosedurları işıqlandırmağı qarşılarına məqsəd qoyublar. Bu istiqamətin dünya  şöhrətli əsərləri ilk dəfə bir sərgidə toplanaraq kubizmin ictimai və tarixi aspektlərinə qərq olmağa imkan yaradır, həmçinin bu hərəkatın həssaslığını müasirliyə, indiki dövrə və gələcəyə ötürür. Bəli, məhz gələcəyə, çünki bir çoxları məhz kubizmin müasir incəsənətin enerjisini hər şeydən aydın əks etdiyini düşünürlər. 

Və yenə də, sərgidə iki rəssamın əsərləri qırmızı xətt ilə sərgilənir: pillə-pillə ənənəvi perspektivi və «sərhədlərini» kəsib çıxardıqları geometrik formaları pozan Pikasso və Brakın əsərləri.

Demək olar ki, yan-yana çalışan iki dahi arasında mübadilə intensiv şəkildə olub. Onların əsərləri o qədər yaxın, o qədər bənzər idi ki, onları ayırd etmək çətindir. 

Pompidou Mərkəzində keçirilən «Kubizm» sərgisi 25 fevral tarixinədək davam edəcək, daha sonra isə avqustun sonuna qədər Ştutqart bədii muzeyində sərgilənəcək.

 

Zeynəb Cahan