BİTMİŞ MÜNASİBƏTLƏR MUZEYİ

Bilmirəm nə zaman və necə oxucularımdan kimsə Zaqrebdə olacaq, amma olmasa belə bu gün sizinlə bu şəhərə onlayn səyahət edəcəyik. Zaqrebin tarixi hissəsində maraqlı bir muzey var. Bu muzeyin adı qarışıq duyğular – daha çox gülüş və azacıq kədər hissi oyadır. Ancaq muzeyin daxili sizi melanxolik, lakin rahat transa apararaq xoş təəccüb hissi verir. Söhbət Bitmiş münasibətlər muzeyindən gedir. 

Xüsusiyyətcə bu qədər fatalist olan bu muzey 2006-cı ildə ayrılmış Olinka Vistika və Drazen Qrubisiç cütlüyü tərəfindən yaradılıb. 4 illik sevgi romanları bitdikdən sonra onlar qab-qacağı sındırmadılar və bir-birlərinə "laykları" qeri qaytarmadılar – əksinə, bir-birlərinə hədiyyə edilən çox sayda əşyanın arxivi ilə nə edəcəklərini bilmədilər və muzey açmaq qərarına gəldilər! Həmin muzeydə satın aldığım bir kitabdan Olinkanın yazdıqlarından sitat: «Sevginin yavaş-yavaş ağrı verməyə başladığı iztirablı yaydan fraqmentləri hələ də xatırlayıram». Olinka düşünüb: bitmiş münasibətlərdən qalan əşyalarla nə edim? "Bitmiş münasibətlər" barədə məlumat axtararkən Olinka özünü təkmilləşdirmə, qarşılıqlı yardım və digər emosional dəstək mövzusunda saysız-hesabsız kitablara rast gəldi. Alternativ bir həll yolu axtaran Olinka və Drazen daha sonrasında muzeyə çevrilən bir sərgi təşkil etməyi qərara alırlar. Sərgi, 2006-cı ildə Zaqreb İncəsənət Festivalı çərçivəsində art-instalyasiya olaraq təqdim edilmişdi. Ayrılan cütlük yaxın dostlarına müraciət edirlər, həmçinin bitmiş münasibətlərdən qalan obyektlərini və onların hekayələrini göndərmək istəyi ilə onlayn elan verirlər. O vaxt göndərilmiş əşyalarla birlikdə əlavə olunmuş hekayələr anonim olaraq təqdim edilmişdi.

Bu cür sərgilər artıq 20 ölkədə keçirilib və bu gün belə muzey təkcə Zaqrebdə deyil, həm də Los-Ancelesdə var. Ayrılıq art-obyektləri daim yenilənir, hər kəs bölüşmək istədiyi qısa və ya bütöv hekayəsini onu təcəssüm etdirən əşya ilə birlikdə bu muzeyə göndərə bilər. Zaqreb muzeyində müxtəlif obyektlərə, həm gülməli, həm də təbii ki, çox kədərli hekayələrə rast gəldim.

"The toaster of vindication"

2006-2010

Denver, Colorado, USA

"When I moved out, and across the country, I took the toaster. That'll show you. How are you going to toast anything now?"

Həmişə düşünürdüm ki, mənfidən müsbət yarada bilmək böyük xoşbəxtlikdir və hətta bitmiş münasibətlərdən də müsbət nəticə çıxara bilən insanlar isə bəxtəvərdilər. Bu muzeyin müasir sənətin necə bir arxivi olduğuna və ziyarətçilərin üzündə səmimi və ya kədərli təbəssüm hissi verdiyinə baxdıqda əslində o qədər də kədərli muzey olmadığını düşünürəm.

Zeynəb Cahan