ŞƏRQ VƏ QƏRB ARASINDA

Mrs. Keepa brendi moda tendensiyalarından asılı olmayan zərifliyi və artistliyi birləşdirir. O, rəngarəng naxışları və mürəkkəb siluetləri birləşdirərək, ani moda tendensiyalarından uzaq durmağı üstün tutaraq, lakin özünə xas tərzini qoruyub saxlayaraq səyahətə olan sevgisinə əsaslanır. Ərəb dünyasının ən nüfuzlu 50 qadınından biri, gənc geyim dizayneri və iki uşaq anası Məryəm Yahya oxuculara biznes-ledi, ana və qərb baxışlı şərq qadını kimi üç əsası özündə necə birləşdirdiyi barədə danışdı.

Siz dizaynerlər ailəsində doğulmusunuz. Bu sizin peşəkar inkişafınızda sizə kömək etdi mi? Yoxsa bu sizin üçün bir meydan oxuma idi?

Bu əlbətdə ki, üstünlükdür. Biz bacımla geyim yaratmağın gündəlik həyatın bir parçası olduğu bir atmosferdə böyümüşük, modaya olan sevgi həyatımıza elə "nüfuz" etmişdi ki, biz bunun heç fərqində deyildik. Və budur, indi hər birimiz bacardığımız kimi anamızın yolunu davam etdiririk.

Hesab edirsinizmi ki, tərz gendə olmalıdır? Uşaqlarınızın sizin yolunuzu davam etməsini istərdinizmi?

Tərzin genetik olaraq keçdiyini deməzdim. Amma düşünürəm ki, uşaqların valideynlərindən ilham alıb onu mənimsəmə ehtimalı çox böyükdür. Bundan əlavə, bu, əlbəttə ki, xarakterin xüsusiyyətləri ilə bağlıdır. Mən uşaqlarımın moda sənayesində karyera qurmaları ilə bağlı bir şey demək istəmirəm. Amma unikal tərz hissinə sahib olmalarını əlbəttə çox istəyərdim.

Mrs. Keepa brendinin tərzini necə təsvir edərdiniz?

Öz stilimi təsvir etmək çox çətindir. Bu çox şəxsi, spontan, plansız bir şeydir... Mən müxtəlif tərzdə geyinirəm və yaradıram: vintaj, bohema, klassik, seksual... və bu tam siyahı deyil. Mənim şəxsi tərzimi fərqləndirən müxtəlif tərzləri, naxışları və parçaları qarışdırmağımdadır, həmçinin brendimin tərzi də digərlərindən fərqlənir. Mrs. Keepa brendi əbədi qadınlıq mühitini təcəssüm etdirən cəsur strukturlaşdırılmış siluetlərlə məşhurdur. Bizim markamız özünə güvənən qadınlara qayğısız yüngüllük barədə bəhs edir.

Sizcə, bir qadın özünü bu brendin geyimlərində necə hiss edir?

Bizim brendin geyimlərini geyinən qadınlar özünü unikal və sevincli hiss etməlidir. Ümumiyyətlə, hesab edirəm ki, moda – əyləncəlidir, onu çox ciddi qəbul etmək lazım deyil, buna görə bütün kolleksiyalarımda yaradıcı rənglər seçirəm və maraqlı naxışlar əlavə edirəm.

Mrs. Keepa brendinin daimi müştəriləri kimlərdir?

Bu qabaqcıl modabazlardır – nə istədiklərini dəqiq bilən, modadan anlayan auditoriyadır. Onlar əsasən onlayn alış-veriş edirlər, qərarları tez və asanlıqla qəbul edirlər, müntəzəm olaraq onlayn platformamızı ziyarət edirlər. Amma elə müştərilər də var ki, brendimi yaratmazdan əvvəl mənim moda yolculuğumu izləyiblər və alış-verişi birbaşa salondan edirlər, çünki onlar mənimlə şəxsən görüşmək və kolleksiyamdakı geyimləri bir-biri ilə uyğunlaşdırmaqda məsləhətləşmək istəyirlər.

Bal ayında işləməkdən imtina edərək işdən ayrıldınız. Müasir texnologiyaların nəinki bizə kömək etdiyi, həm də iş və şəxsi həyatın bir araya gəlməsini çətinləşdirdiyi ilə razısınız?

Tamamilə doğrudur! Bəli, texnologiya brendimizin inkişafını sürətləndirməyə kömək etdi. Amma mən bu qədər tələb olunan virtual dünyadan uzaq yaşadığımız dövrlərə dönmək istərdim.

Belə bir fikir yayılıb: hər kəs istədiyi işlə məşğul olsun. Bu fikrin hər kəsə aid olduğunu düşünürsünüz?

Düşünürəm ki, bu, hər kəsə aid olan yeganə variantdır! Biz hər şeyə və hər kəsə təsir göstərə biləcək kanalları olan sosial şəbəkələr dövründə yaşayırıq. Fərqinə varılması üçün spesifik DNT ilə nəsə çox özəl bir şey təklif etməlisən. Əks halda siz sadəcə başqa bir Instagram səhifəsi olacaqsınız. Təkrarolunmaz məhsul işinizə yalnız ürəyinizi, istedadınızı və iradənizi qoyduğunuzda əldə edilir.

Instagramda növbəti bir dizayner olmamaq üçün nə etmək lazımdır?

Yaradıcı bacarıq və individuallıq – uğurlu dizayner statusunu almaq yolunda ilk addımdır. Əgər bu keyfiyyətlər varsa, texniki tərəfləri yaxşı bilmək –ideyalarınızı interpretasiya etməyə və yaradıcılığınızı geyimlərə ötürməyə imkan verən növbəti şərtdir.

Peşəkar təhsil almağa qərar vermisiniz. Niyə? Gördüyünüz işin dərinliklərini bildiyinizə hər kəsi inandırmaq üçün?

Bilmirəm bu yaxşıdır, yoxsa pis. Lakin bütün həyatım boyu məni başqalarının fikri maraqlandırmayıb. Karyeramı dəyişdirməyi qərara aldıqdan sonra, uğursuzluğa uğramamaq üçün əlimdən gələn hər şeyi etdim. Uğursuzluğa nifrət edirəm! Və mən dizayn məktəbinə daxil oldum, çünki zəif nöqtəm modanın texniki tərəfini bilməmək idi. Uğur əldə etmək və özümü göstərmək üçün bu boşluğu doldurmalı idim.

ESMOD-da öyrəndiyiniz ən vacib şey nədir?

ESMOD-da öyrəndiyim ən vacib şey – yaxşı dizayner və ya kreativ direktor mütləq ən yaxşı eskiz rəssamı ya da dərzi olmaq deyil. Ancaq şablon və tikiş prosesini yaxşı bilmək – yaxşı dizayner üçün fikirlərini biçiciyə və dərziyə çatdıra bilməsi üçün əsasdır. Bu, yüksək keyfiyyətli məhsul almaq üçün yeganə yoldur.

Siz iki uşaq anasısınız, inkişaf edən bir biznesiniz var. Bu qədər məsuliyyəti necə idarə edirsiniz?

Ho-ho! Çalışan ana – uşaqlar qarşısında bitməyən günahkarlıq hissidir! Buna görə də, uşaqlar, xüsusilə də İzabel, əksər vaxtımı onların yanında olduğuma alışıblar. Mənim indiki işimdə isə qısa müddətlik də ayrıldığımızda və yaxud işgüzar səfərə getdiyimdə uşaqları bir qədər qorxudur. Həmişə çalışan analara deyirəm: mükəmməl tarazlıq yoxdur. Həyat o qədər sürətli və rəqabətlidir ki, qrafiklə işləsəniz belə ona yetişmək mümkün deyil. Çalışan ana olmaq isə bütün çətinliklərin öhdəsindən gəlmək üçün çoxlu fiziki və emosional güc tələb edən asan seçim deyil...

Adi gününüz neçə keçir?

Mən hansısa müəyyən bir cədvələ əməl etmirəm. Yeni fikirlərlə dolu oyana bilərəm, bütün planları ləğv edib atelyeyə qaçaraq, musiqini açıb və bütün bu ideyaları həyata keçirməyə başlaya bilərəm. Ertəsi gün isə yemək bişirmə əhvalı ilə oyanıb və İzabel məktəbdən gələnə kimi evdə kiçik oğlum Noy ilə birlikdə dincələ bilərəm.

Bizim zəmanəmizdə qadın karyera və ailə arasında seçim etməlidirmi, yoxsa hər ikisini uğurla birləşdirə bilər? Bunun üçün, sizcə, nə lazımdır?

Doğru və yanlış cavab yoxdur – bu, müəyyən bir şəxsin xarakteri ilə bağlıdır. Ailəni seçərək qadın daha az uğurlu bir insan olmayacaq: bütün öhdəlikləri və məsuliyyətləri ilə evdar qadın olmaq çox vaxt və səy tələb edən çətin işdir. Ailə və işi uğurla bir arada tutmaq üçün qadının mütləq güvənli dəstəyə ehtiyacı var. Və burada həyat yoldaşının köməyi tam yerinə düşür.

İki yaşında olan "üçüncü övladınız" – biznes sizə nə öyrədib?

Bir qadın çalışmağı seçirsə, uğur qazanması və ən əsası gördüyü işdən zövq alması üçün uşaqlarını və ailəsini sevdiyi qədər işini də sevməlidir.

Siz yarı fransız, yarı misirlisiniz. Bu ikililik Sizin şəxsiyyətinizə və peşəkar fəaliyyətinizə təsir edirmi?

Bəli, sənəd üzrə mən həm fransız, həm də misirliyəm. Amma əslində daha çox qan qarışığım var. Anam tərəfindən nənəm – fransız, babam isə – Albaniyadan olan mərakeşlidir. Atam tərəfdən nənəmin türk kökləri var, babam isə Səudiyyə Ərəbistanındandır. Bu genetik kokteylə bir də livanlı ilə evli olduğum və son 15 ili Dubayda yaşadığımı əlavə edin. Özümü şəxsi düşüncəmin və mədəniyyətlərin, dinlərin interpretasiyasının təsir göstərdiyi dünya vətəndaşı kimi hiss edirəm. Yaşadığımız dünyanın Şərqə və Qərbə ayrıldığını düşünmürəm. Sosial şəbəkələr bizi universal bir dildə danışan böyük bir cəmiyyətə çevirib.

Sizin üçün hansı daha vacibdir: özünü ifadə etmək, yoxsa başqalarını ruhlandırmaq?

Özünü ifadə etmək. Çünki özünə sadiq olan hər bir kəs öz auditoriyasından ilham alır və öz növbəsində başqalarını da ilhamlandıra bilir.

Bu gün modada nə çatışmır, öz brendinizlə nə əlavə etmək istərdiniz?

Modada zamansızlıq çatışmır. Bu gün moda əsasən sürətlə dəyişən tendensiyalardan asılı qalır, məsələn geyimlər bir mövsümdən çox geyinilməməlidir – onlar bu qədər sürətlə dəbdən düşür. Ancaq Mrs. Keepa brendi mövsümün rəngləri və ya parça dəbini təqib etmir: hesab edirəm ki, moda təlimatlara əməl etməməlidir.

Brendinizlə bağlı ən böyük arzunuz?

Arzum brendimin müştərilərinin modadakı yeniliklərə qarşı həssas hissiyyatları olan konseptual mağazalarda, mümkün qədər çox şəhərlərdə yayılmasıdır.

Biznes ledi və Şərqdə ən tərzli qadınlardan biri olmaq necə hissdir?

Bu özün olmaq deməkdir. Hər şey tamamilə təbii şəkildə baş verdi. İndi isə məsələ eyni istiqamətdə qalmaq, yayınmamaq və getdikcə artmaqda olan auditoriyanın təsiri altına düşməməkdir.

Cəmiyyət tərəfindən təzyiq hiss edirsiniz?

Cəmiyyət tərəfindən deyil, öz tərəfimdən təzyiq hiss edirəm. Özümə qarşı o qədər sərtəm ki, ictimaiyyətin rəyi o qədər də mənə təsir etmir.

Yaxın Şərq və Körfəz ölkələrindəki qadınlara münasibətiniz dəyişdi? Bu dəyişiklikləri özünüzdə hiss edirsiniz?

Şəxsən mən dəyişiklikləri hiss etmək üçün Yaxın Şərqdəki qadınlara qarşı xüsusi münasibət hiss etməmişəm. Amma digər tərəfdən indi biz hamımız bu planda qlobal, amma ciddi irəliləyişlərin şahidiyik və bu, əsrlər boyu mühafizəkar təcrübəmizi nəzərə alarsaq Orta Şərqdə yaşayan qadınlar üçün vacibdir.

Bəs Qərb hələ də Şərq qadınlarına qarşı mənfi fikirdədir? Bunu necə dəyişmək olar? Və bunu dəyişməyə ehtiyac varmı?

Özümə və hərəkətlərimə inancım sayəsində başqalarının düşüncələri məni maraqlandırmır. Belə deyim: yox, ehtiyac yoxdur.

Müsahibə: Nigar Oruceva

Foto: Mox Santos 

Material əlli dördüncü buraxılışda dərc olunmuşdur.