HER STORY: AZƏRBAYCANIN İLK QADIN-SNAYPERİ

Anadan olduğu yer hələ də məlum deyil. Zibanın atası Paşa Qəniyev azərbaycanlı, anası özbək idi. Bir şey dəqiqdir: Ziba Qəniyeva bütün Sovet İttifaqının qadın əfsanələrindən biri olub.

Valideynləri ola-ola 14 yaşında yetim qalmaq nə deməkdir? Anasını repressiya edirlər, atası isə qızını qorumaq üçün ondan imtina edəcək. Tənha və gözəl Ziba yaşamaq uğrunda mübarizə aparmağa başlayır... 

Təhsil uğrunda mübarizə.

Ziba Daşkəndə daşınır. Burada o, Özbəkistan Filarmoniyasının xoreoqrafiya şöbəsinə daxil olur. Yeri gəlmişkən, gənc qızın binanın qapılarından birini açmağa gücü belə çatmır.
Üç ildən sonra o, artıq Moskvada idi. Həm də Moskvaya gəlməyinin cəsarətli və həyəcanverici səbəbi vardı. Budur, Ziba - Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun (QİTİS) tələbəsidir. Gənc qəhrəmanımız aktrisa olmağı arzulayır!.. Lakin 1940-cı il qapıdadır, müharibə yaxınlaşır. 17 yaşında olan Ziba qərar verir:  o, könüllü olaraq cəbhəyə gedəcək.

 

Vətən uğrunda mübarizə.

Zərif əllərin pulemyotu işə salmağı öyrəndiyi qısamüddətli kurslar...

1941-ci ilin noyabr ayında Ziba Qırmızı meydanda keçirilən paradda iştirak edir, sonra isə vətəni müdafiə etməyə yollanır. Orada Ziba Qəniyeva diviziyanın ən yaxşı snayperlərindən birinə çevriləcək. Dəfələrlə cəbhə xəttini keçəcək və düşmən haqqında bir çox mühüm məlumatlar gətirəcək...

«Tahir, mən yüz iyirmi doqquz faşist öldürmüşəm» – Tahir Salahov xatırlayacaq.

...o, birbaşa diz çökərək atəş açacaq və altı hitlerçini vurduqdan sonra düşmən ordusu haqqında məlumat almaq üçün səkkiz saat qarda uzanacaq. Sonra isə elə orada doqquz əsgərdən ibarət dəstə quracaq və bir neçə kənddən birini işğaldan azad edəcək.

Onun haqqında qəzetlər yazacaq. 1942-ci ildə "Rabotnitsa" jurnalının №19-20-ci buraxılışlarında Ziba Qəniyevanın müraciəti dərc olunacaq: «Düşmənlər bizim gözəl, əzəmətli Qafqazımıza hücum edirlər. Qəddar zalımlardan Böyük Oktyabr Sosialist İnqilabını, azadlığımızı, ləyaqətimizi, şərəfimizi müdafiə edək! Düşmənə evlərimizi, övladlarımızı verməyəcəyik! Düşmənlərə ölüm! Kəskin, sərt silahlarımızdan qaçılmaz ölüm!»

Növbəti güclü minomyot atəşindən sonra Qəniyeva ağır qəlpə yarası alacaq və qanında iltihablanma başlayacaq. Həyatlarını təhlükəyə ataraq yoldaşları onu cəbhə xəttindən çıxaracaq: Fyodor Kirillov, Yakov Kolyako və Nina Solovey. O zamankı Mərkəzi Komitənin Rəyasət heyətinin üzvünün həyat yoldaşı Mariya Şvernik isə Zibanı həyata qaytaracaq və onu övladlığa götürəcək.

«Bütün normal qadınlar uşağı bətnlərində doqquz ay daşıyırlar, mən isə səni 11 ay bəsləmişəm», – deyə Mariya Fedorovna xatırlayırdı.

Qələbə haqqında Ziba elə xəstəxanada xəbər tutur.

O, bir çox dövlət mükafatları, həmçinin nadir Qırmızı Bayraq ordeni, Qırmızı Ulduz ordeni, Moskva Müdafiəsi uğrunda medal ilə təltif olunub. Əlbəttə ki, Ziba xanım daha yüksək rütbələrə layiq idi, lakin repressiya onun ailəsindən yan keçmədi. Bəlkə də, bu səbəblə onun mükafat siyahısı qəhrəmanlıqlarına nisbətən daha azdır.

Həyat uğrunda mübarizə.

Qələbədən sonra onu normal həyat və müharibə ilə parçalanan təhsili uğrunda mübarizə gözləyirdi.

Ziba Qəniyeva SSRİ-nin Türkiyə səfirliyində müvəqqəti vəkil olan tanınmış diplomat Tofiq Qədirovla ailə quracaq. Yoldaşının diplomatik səfəri zamanı İndira Qandi və onun oğlu ilə görüşəcək. Zibanın da Marat adında oğlu olacaq.
O, şərqşünaslıq doktoru, professor olacaq. 1955-56-cı illərdə Bakı Ali Partiyası Məktəbinin Dil və Ədəbiyyat kafedrasına (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) rəhbərlik edəcək. 1956-cı ildə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda elmi işçi olacaq. Yeri gəlmişkən, aktrisa olmaq arzusu da gerçək olacaq! 1945-ci ildə Qəniyeva Nəbi Qəniyevin "Tahir və Zöhrə" filmində fars şahının arvadı rolunu oynayacaq.

Təəssüf ki, Ziba xanımın həyatının son illəri barədə məlumat yoxdur. 2010-cu ildə əfsanə-qadın Moskvada əbədi olaraq gözlərini yumacaq. Bir vaxtlar gənc qızın nasist işğalçılarından müdafiə etdiyi Moskvada.

Arzu Cahid