HER STORY: ÇARŞAB ƏVƏZİNƏ PİLOT ŞLEMİ. ŞƏRQ VƏ CƏNUBİ AVROPANIN İLK TƏYYARƏÇİ QADINININ HEKAYƏSİ

«…Əgər fırtına zamanı aeroport üzərində U-2 görünürsə - "çox güman ki, bu, Leyla xanımdır"»

1933-cü il martın 17-də, o zaman 24 yaşında olan Leyla Məmmədbəyova ilk dəfə paraşüt ilə tullanaraq Nina Kamnevadan sonra Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdu. Bundan iki il əvvəl, iyul ayında o, şəxsən özü təyyarəni göyə qaldıraraq, həm Azərbaycanda, həm Qafqazda, hətta Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi olacaq. Müsabiqələr, qalibiyyətlər, mükafatlar, çox sayda şagirdlər - onun hekayəsində ən çox bəhs etməli olduğumuz məqam hansıdır?


İlk tullanmasının onun üçün son ola biləcəyi ilə başlayaqmı? Ayağı iplərdə ilişdiyindən paraşüt açılmamışdı. Amma cəsarətini itirmədən, o, ikinci halqanı çəkib uğurla yerə enmişdi. Halbuki, yerdə hər kəs onun darmadağın olacağını gözləyirdi.

Təəccüblüsü odur ki, qohumları qızının qəhrəmanlığı barədə (söhbət uçuşdan gedir) nə onun özündən, nə qonşularından, nə də şayiələrdən öyrənirlər: onlar həm uçuş haqqında, həm də ilk Azərbaycanlı təyyarəçi qadının Mədəniyyət Evində yoldaşları və həmkarları ilə birlikdə artıq bunu qeyd etdiyi barədə qəzet yazısına rast gəlirlər.


Kiçik yaşlarında anasını itirən Leyla, Nəriman Nərimanovun mübarizə yoldaşı olan, inqilabçı Ələsgər Zeynalovun ailəsində anadan olmuşdu. Belə bir atanın qızına yaraşdığı kimi, o uşaq yaşlarından bütün qəlbi ilə yeniliyə, bilinməyən və hətta təhlükəli olan hər bir şeyə can atacaq. İnqilab illərində Leyla hələ uşaq olduğu və jandarmanın diqqətini cəlb etmədiyi vaxtlarda lazımi ünvanlara məktub və sənədlər çatdırmaq üçün göstərişlər alırdı. Və yenə də təsadüfün hökmü bizim qəhrəmanımızın taleyində hər şeyə qərar verir: əgər qonşu Bakı aeroklubuna yazılmağa çağırmasaydı, kim bilir Leyla təyyarənin sükanı arxasına oturacaqdımı? Yeri gəlmişkən, qonşu qız səhhəti ilə bağlı kursa qəbul edilməyəcək, amma artıq ailəli və uşaqlı olan 20 yaşlı Leyla isə qəbul olunacaq.

“O, öz həyatı ilə Azərbaycanda - qadınların ABŞ-dan daha əvvəl səs vermək hüququna malik olduğu bir ölkədə tipik müsəlman qadını stereotipini qırdı”- müharibədə iştirak edən məşhur qadın-pilotlar arasında Azərbaycanlı Leyla Məmmədbəyovanın adını qeyd edən “Huffington Post” Amerikan nəşrində yazılan məqalədə belə bildirilmişdi. 


Stereotiplər isə insanların beynində güvənli şəkildə yer almışdı: Bakıda onun ölməyindən qorxaraq təyyarəyə yaxın buraxmayacaqlar, əvəzinə isə kitabxanaçı vəzifəsini təklif edəcəklər. Moskvada SSRİ Osoaviahim texniki-uçuş məktəbində təhsil almış, U-2 təyyarəsini tədqiq etmiş, V.Qrizodubova, M.Vodopyanov, M. Slepnyov kimi şöhrətli təyyarəçilərlə və gələcəyin məşhur konstruktoru A. Yakovlev ilə tanış olan biri üçün olduqca "cəzbedici" bir vəzifə idi. Yalnız Leyla xanımın  tərəddüd etmədən müraciət etdiyi yüksək vəzifəli şəxslərin müdaxiləsindən sonra ona təyyarəyə yaxınlaşmağa icazə verildi. Bu düz bir gün sonra baş vermişdi.


Lakin bir qədər tarixə geri dönmək lazımdır. Beləliklə, 14 yaşında ikən o, ata evini tərk edəcək, amma aşiq olaraq. 19 yaşlı Bəhram Məmmədbəyovla ailə həyatı quracaq, ondan 6 uşaq dünyaya gətirəcək və haqqı olaraq "Analıq" medalı ilə təltif olunacaq. Gələcəkdə Moskva onun həyat yoldaşından uçuş zamanı ona mane olan uzun, qalın hörüklərini kəsməyə icazə istəyəcək. Bakıdan müsbət cavab gələcək.  


Müharibənin başlanğıcında, dəqiq desək, 1941-ci ildə Məmmədbəyova yüzlərlə təyyarəçiyə təlim keçərək artıq aviasiya mayoru idi. Hazırlaşdırdığı təyyarəçilərin ikisi Sovet İttifaqı qəhrəmanı oldu: Adil Quliyev və Nikolay Şeverdyayev. Ancaq ən kiçiyi südəmər olan dörd həddi-buluğa çatmamış uşaq anası olduğundan ona cəbhəyə getməyə icazə verilmədi. Arxada belə bir böyük tarixin baş verdiyi zaman heç bir iş görməmək olmazdı. Hətta Bakı aeroklubunun bağlanması onu durdurmur: o, müharibə dövründə təxminən 4 min (!) desant-paraşütçüyə təlim verdiyi kursların açılmasına icazə almağı bacaracaq. Buna görə də, "Şücaətə görə" medalı ilə təltif olunur: mükafatı SSRİ Ali Soveti təsdiq edir. 10 il ərzində o, Sovet Ordusunun eskadrilyasına rəhbərlik edəcək. Yeri gəlmişkən, böyük oğlu Firudbəy müharibədə döyüşəcək. Kiçik oğlu Xanlar da döyüşəcək, amma Qarabağ müharibəsində.


Leyla xanım 1949-cu ildə sadəcə həkimlərin ona uçmağı qadağan etdikləri üçün sonuncu uçuşunu həyata keçirir. 1961-ci ildə təqaüdə çıxmadan əvvəl o, OADKYC-nin Bakı filialında çalışırdı, onun vəzifəsinə aerodromlara tez-tez səfərlər, planeristlər və paraşütçülər üçün yarışların təşkili və s. işlər daxil idi.

Hələ sağlığında Leyla Məmmədbəyovaya bir çox şeir və kinofilmlər həsr olunmuşdu. Görkəmli şair Mikayıl Müşfiq 1933-cü ildə "Əfşan”, bir ildən sonra "Şölə" poemalarını yazacaq. 1934-cü ildə ilk müsəlman təyyarəçi qadının həyatı haqqında "İsmət" bədii filmi çəkiləcək. Maraqlısı odur ki, filmdə səmada tryuklar, eləcə də məşhur "ölü mayallaq" hərəkətini göstərərək özü şəxsən kaskadyor kimi iştirak edib. Bununla da o, Azərbaycanda ilk qadın kaskadyor oldu. 1995-ci ildə Nazim-Rza İsrafiloğlu "Leyla" adlı sənədli film çəkəcək. Şöhrətli təyyarəçinin yaxın dostu olan məşhur rəssam Aleksandra Yakuşeva 1933-cü ildə Moskvada İnqilab Muzeyinin əldə etdiyi bir portret çəkəcək. Səməd Vurğun "Leyla" əsərində də onun həyatının anlarını əks etdirəcək.


Bu gün Azərbaycan Tarixi Muzeyində onun ilk tullanmasının təsdiqi: "Təlimçi-pilot Məmmədbəyova 17 oktyabr 1933-cü ildə Osoaviahima məktəbində təlim zamanı PT-1 paraşütü ilə U-2 təyyarəsindən atladı" və 83 nömrəli paraşütçü nişanı qayğı ilə qorunub saxlanılır.

Leyla xanım bu dünyanı 80 yaşına çatmamış tərk etdi. O, II Fəxri Xiyabanda dəfn olunub.  


 
Leyla xanımın ailəsinə, xüsusilə oğlu Xanlar Məmmədbəyova materialın hazırlanmasında göstərdiyi köməyə görə minnətdarlığımızı bildiririk.

Mətn: Arzu Cahid