HER STORY: RƏSULZADƏ AİLƏSİNİN YEGANƏ SAĞ QALAN XANIMI

1908-ci il, 24 yaşlı Məmməd Əmin Ümbülbanu ilə evlənir. Lətifə, Xalidə, Rəsul və Azər adlı dörd övladları olur. Bu hekayə Rəsulzadə ailəsinin yeganə sağ qalan xanımı, Məmməd Əminin nəvəsi Firuzə haqqındadır.  

1929-cu ildə Lətifə xanım Damad Müslümzadə ilə ailə qurur. İki il sonra Firuzə, daha sonra Sona və Əşvə doğulurlar. On il sonra ailə heç vaxt yenidən bir araya gəlməyəcək.

1939-cu ildə Lətifə xanımın ərini həbs edirlər, sonra isə uşaqları ilə birlikdə özü repressiyaya məruz qalır.

Firuzə xanımın xatirələrindən: "Maşın gəldi. Axı o vaxt maşın az idi. Sevinirdik ki, maşına minəcəyik. Anlamırdım. Nə biləydim ki, hara aparırlar”

Həmin vaxt Sona sanatoriyada müalicə alırdı və onu götürməyə icazə verilmədi. Firuzə xanım nə qədər cəhd etsə də, bacısı tapılmadı və onun taleyi haqqında hələ də heç bir məlumat yoxdur. Lətifə xanım Firuzə və Əşvə ilə Qazaxıstana, ən təhlükəli "xalq düşmənləri”nin qohumları üçün düşərgəyə sürgün olunurlar. Bu yol düz bir ay davam edəcək… 

Onlar daxmada məskunlaşırlar: dəhşət şaxta, nə yatmaq üçün yer, nə də ətrafda isinmək üçün bir odun var. Anası mədəndə işləyir, on yaşındakı Firuzə isə günün sonunda bir quruş çörək alıb, acından ölməmək üçün, su daşıyır və yerlilərə ev işlərində kömək edir. 
Bir səhər anası və bacısı arasında yatan qız donmuş və aclıqdan əzəb cəkmiş iki nəfəssiz cəsəd arasında oyanır. Üç gün kimsəsiz cəsədləri basdırmağa çalışır. 

Onu evə kim götürər ki?

Mən inəyinin altını yığışdıraram, heç olmasa gecə qalım ki, canım isti olsun, ölməyim!

Küçələri dolaşıb, imdad diləyir, yalnız bir qoca onu tövləyə buraxır. Firuzə kimsəsiz sürgün uşaqlar üçün uşaq evinə aparılır. 

Bəzən gecələr aşpaz qadın qaynamış sümükləri gizlincə verirdi, hamı növbə ilə yalayırdı, sondakılara demək olar ki, heç nə qalmırdı...

Sonra qarın tif epidemiyası başlayır, hər gün bir neçə uşaq ölür, ancaq şaxtadan dolayı cəsədləri yaza qədər saxlayırlar. Firuzə də xəstələnir. Onu ölü sayıb, cəsədlər olan otağa atırlar. Amma o gözlərini açacaq...

O, iki ilini kimsəsizlər evində keçirir, artıq 15 yaşı var. Əmisinin ünvanını xatırlayaraq, ona yazır. Azər Rəsulzadə Firuzənin altı yaşı olanda sürgün olunmuşdu, Firuzə özü beş il sürgündə yaşayıb, aclıq və əziyyət onu dəyişdirib. Buna görə də Firuzəni tanıya bilmir.
18 yaşında sənədsiz və pulsuz o, Bakıya qayıdır.

Həmişə qorxu içərisində yaşayırdım. Qapı döyüləndə qaçıb gizlənirdim. Elə indi də qorxuram. Qapı döyüləndə elə bilirəm ki…

Firuzə xanım qohumları ilə yaşayır və 21 yaşında bir mədənçi ilə evlənir. Yalnız ona "xalq düşməni”nin qızı və nəvəsi olduğunu etiraf edir. 1963-cü ildən sonra bütün yaxınlarının hüquqları bərpa olunsa belə, Məmməd Əmin Rəsulzadə ilə qohumluqdan danışmaqdan qorxurdu.

Firuzə xanımın dörd qızı və bir oğlu olur. O, həmişə təhsil arzusunda idi, hətta sürgündə də dərslərdə iştirak edirdi və dili unutmamaq üçün yorğanı başına çəkib öz-özünə danışırdı.

Firuzə xanım 76 yaşında qohumları və yaxınlarının əhatəsində, əbədi olaraq gözlərini bağlayır.

Mətn: Arzu Cahid