Women, Children and Well-Being

İyunun 27-də Bakıda Müasir İncəsənət Muzeyində Women, Children and Well-Being foto sərgisi açılıb.

Ekspozisiyada Azərbaycanın müxtəlif bölgələrindən olan qadınların həyat tərzini əks etdirən unikal fotoşəkillər yer alır. Nargis jurnalının iyun buraxılışına təsadüf edən bu kadrlar jurnalın və fondun sosial layihəsi çərçivəsində çəkilmişdir. İyun buraxılışı BMT-nin Uşaq Fonduna və UNİCEF-in dünyanın müxtəlif ölkələrində göstərdiyi fəaliyyətinə həsr edilmişdir.

Azərbaycan qadınlarını dəstəkləmək və onların hekayəsini dünyaya çatdırmaq istəyən Nargis jurnalının baş redaktoru Ülviyyə Mahmudova altı qadın-fotoqrafa Lahıcdan başlayaraq Quba və Lənkərana qədər Azərbaycanın müxtəlif bölgələrinə səyahət etməyi və bu bölgələrdə yaşayan qadın sakinlərin gündəlik həyatlarından anları həkk etməyi təklif etdi. Çəkiliş zamanı bütün iştirakçılar layihənin baş sponsoru olan Samsung Electronics-in təqdim etdiyi Galaxy S10 + flaqman smartfonlarından istifadə ediblər. Foto turların təşkilində köməkliyi Unilever şirkəti göstərib. Layihənin iştirakçıları - Leyli Ələkbərova, Mələk Bayramlı, Mehparə Vaqif, Natavan Vahabova, Səadət Qurbanova, Sitarə İbrahimbəyli idi. Ülviyyə Mahmudova da layihədə fotoqraf qismində iştirak edib.

Sərginin açılışı 27 iyun tarixində baş tutub, Nargis jurnalı açılış mərasiminə iki dəvətnamə qazanmaq üçün sosial şəbəkələrdə müsabiqə keçirib. Qonaqlar arasında həm foto-şəkillərin müəllifləri, həm də sponsor şirkətlərin nümayəndələri, həmçinin UNICEF-in rəhbəri Edvard Karvardin yer alıb. "İlk növbədə bu gözəl sərginin açılışına qatılan hər kəsə təşəkkür edirəm" - o öz çıxışında bildirib. «Mən 22 ildir ki, UNICEF-də çalışıram və işimin əsashissəsi kommunikasiya ilə bağlıdır, əsasən qadınların və uşaqların hekayəsini ictimaiyyətə çatdırmaqdan ibarətdir. Bu 22 il ərzində topladığım təcrübə onu göstərir ki, foto-hekayələri çatdırmaq üçün ən təsirli vasitədir. Fotoqrafiya bəzən ağır həyat şərtlərində olan uşaqlarla və qadınlarla əlaqə qurmağa kömək edə bilər, hətta onlarla şəxsən görüşməsək də.Mən çox ümid edirəm ki, Azərbaycanda belə bir foto-sərginin keçirilməsi bu fotolara diqqətlə baxaraq sizəqadınların və uşaqların üzlərində və gözlərində həyatlarında baş verənləri anlamaq imkanı verəcək. Məharətli fotoqraflar tərəfindən çəkilmiş bu gözəl fotolar sayəsində biz hər bir qadının və hər bir uşağın həyatının ayrılmaz hissəsi olan ümidləri, arzuları, qorxuları, ləyaqəti görə bilərik. Bugünkü axşamdan sonra isə başqalarına bu gözəl foto sərgidən bəhs edərkən, sərginin personajlarının təsiredici hekayələrini və öz təəssüratlarınızı paylaşaraq siz özünüz də hekayəçi olacaqsınız. Bu sözləri deyərkən mən ilk növbədə Ülviyyə xanım, Sizə müraciət edirəm. Nargis jurnalının iyun buraxılışını UNICEF-in fəaliyyətinə və kömək etmək şərəfinə nail olduğumuz uşaqlara həsr edərək siz mənim sevimli hekayəçim oldunuz. Bu qadınların və uşaqların sədası olmaq üçün bizim belə bir hekayəçilərə ehtiyacımız var. Bu çox əhəmiyyətlidir və bu tədbirə görə sizə səmimi qəlbdən minnətdaram».

Bu layihə çərçivəsində çəkilmiş rəngarəng, təsirləndirici fotolarxüsusi texnologiya vasitəsilə şüşə üzərində çap olunmuşdur və hər bir foto tək nüsxədə mövcuddur. İstənilən foto-əsəri 2000 manata əldə etmək mümkündür. Toplanan bütün vəsait ehtiyacı olan uşaqların müalicəsi üçün Nargis xeyriyyə fonduna köçürüləcək.   

Ekspozisiya 4 iyul 2019-cu il tarixinə qədər açıqdır.

Foto: Pərviz Qasımzadə

Video: Ruslan Gorbunov