ADİ MÖCÜZƏ

– Sənin planetinin insanları bir bağçada beş min qızılgül yetişdirirlər... və axtardıqlarını orada tapa bilmirlər... – Balaca şahzadə dedi.

– Tapa bilmirlər, – deyə mən razılaşdım.

– Axı, onlar axtardıqlarını tək bir qızılgüldə tapa bilərdilər...

 

Ekzüperinin bu sətirlərini diqqətlə oxuyun və onların mənasını dərk edin. Axı bu tamamilə həqiqətdir: möcüzə bizim ətrafımızda baş verir  hər gün, hər saat, hər dəqiqə. Bəs niyə biz bunun fərqinə varmağı unutmuşuq? Ağacda bir meyvənin yetişməsi və yaxud bir qadının ürəyinin altında daha bir ürəyin döyünməsi niyə bizi təəccübləndirmir?.. Bizim üçün bu möcüzə artıq adiləşib. Biz asanlıqla ağacdan meyvəni dərib yeyirik. Rahatlıqla "hamiləyəm" deyirik. Bu necə mümkündür? Axı bu əsl möcüzədir. Açıqlaması olmayan, misilsiz möcüzə! Bir təsəvvür edin: içimizdə yeni bir insan peyda olur, sonra o dünyaya gələcək və onun hissləri, düşüncələri, istəkləri yaranacaq! Və ən əsası onun ruhu olacaq... Kiçik şahzadənin dediyi möcüzə kimidir. Əgər bir qızılgüldə bütöv bir möcüzə varsa, məgər bağda neçə qızılgül olmasının əhəmiyyəti varmı?

Baş redaktor

Ülviyyə Mahmudova

P.S. Bu ay möhtəşəm TRAVEL BLOG LOVE, NARGIS layihəsi sayəsində Kapadokiyaya getmişdim. Etiraf edim ki, bu yerin enrgetikasını, yerli əhalinin mehribançılığını və gözəlliyini təsvir etmək mümkün deyil. Hər an düşünürəm: "Bu necə mümkündür? Təbiət bu cür gözəlliyi, qayalarda bu cür naxışları necə yaradıb". Ən hörmətli alimlər bunu mənə izah etməyə çalışsalar da, yəqin ki, bunun cavabını heç vaxt tapmayacam. Bunun heç bir izahı yoxdur! Bu, sadəcə füsunkar Kapadokiyadır, vəssəlam! İnanmırsınızsa, oraya gedin və Möcüzənin  elə Təbiətin özü olduğuna əmin olun! PASHA TRAVEL, PASHA BANK və AZERCELL şirkətlərinə göstərdiyi köməyə görə təşəkkür edirik! Unudulmaz bir təcrübə oldu!