Make the Earth Smile. Nargis-in bulvarda təşkil etdiyi sərgi

Sentyabrın doqquzunda Bakı Dənizkənarı Milli parkında “Nargis” komandasının "Make the Earth Smile" resaykling  sərgisinin rəsmi açılışı oldu.

"Nargis" Nəşriyyat Evi ətraf mühitin qorunması probleminə həsr edilmiş sərgi təşkil etdi. Layihə çərçivəsində səkkiz heykəltəraş müxtəlif istehsalat tullantılarından qurulmuş 13 instalyasiya təqdim etdi. Sərgi "Nargis" jurnalının "Ekologiya" mövzusuna həsr olunmuş 63-cü sayı ilə eyni vaxta təsadüf etdi. Jurnal, üz qabığında – IDEA-nın təsisçisi Leyla Əliyevanın fotosu ilə nəşr edildi.

“Nargis” komandası – ətraf mühitə laqeyd olmayan insanlardır. “Nargis” ekoloji brendləri dəstəkləyir, təbii sərvətlərə qənaət edir, eyni zamanda, geniş oxucu kütləsi qazanmış bir nəşr olaraq, hər birimizin Ana-Yer kürəsinin qorunmasını təşviq və təbliğ etməkdə öz məsuliyyətini hiss edir.

“Make the Earth Smile” adlı ekoloji layihə – insanın həyat fəaliyyətinin 13 ən vacib, Yer kürəsinə xüsusilə zərər verən böhranlı sahəsini özündə əks etdirən 13 instalyasiyadan ibarətdir. Layihənin məqsədi – gənc nəsli müsbət nəticələrlə yekunlanan yeni həyat tərzinə alışdırmaqdır. Sərgidə ətraf mühitə kömək etmək üçün hər birimizə tövsiyə olunan 13 faydalı vərdiş təsvir edilmiş “Nargis” kitabçaları paylandı. 13 rəqəmi təsadüfən seçilməyib – 13 dekabrda Nargis jurnalı öz ad gününü qeyd edir.

Rəşad Ələkbərov, Orxan Hüseynov, Kənan Əliyev, Sabit Zamanov, Teymur Qəribov, Fərid Rəsulov, Nurəli Şahbazov, Nazim Şükürov öz instalyasiyalarını onlara tərəfdaşlıq edən Aquavita, Ay Qonşu, AzərEnerji, Azersun, Xəzər Dəniz Gəmiçilik (ASCO), Baku Steel Company, Caspian Drilling Company Ltd, Coca-Cola, Dr. Cahid Şahbazov, Gilan Holding, “Nargis” Publishing House və Veysəloğlu Qrup ilə birgə yaradıblar.

Açılışa Leyla Əliyeva, Nargisin tərəfdaşları və dostları, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən nümayəndələr, nazirliklərdən nümayəndələr, sənətkarlar və qalereya sahibləri də daxil olmaqla 150-yə yaxın insan gəldi. Sərgini ziyarət edən Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov təhsil sistemi çərçivəsində Nargis Nəşriyyat evi ilə gələcək əməkdaşlıq üçün ekoloji layihə təklif etdi.Daha sonra başda Ülviyyə Mahmudova olmaqla Nargis nəşriyyat evinin komandası bulvarda zeytun ağacı əkdi.

Bu, “Nargis” komandasının təşkil etdiyi ilk sərgi deyil: bu ilin aprel ayında İstanbulda, “Nargis” Nəşriyyat Evi, jurnalın mövcud olduğu altı il ərzində çəkdiyi eksklüziv fotoşəkillərdən ibarət sərgi təqdim etmişdi, iyul ayında isə Bakıdakı Müasir İncəsənət Muzeyində “Women, Children and Well-Being” adlı xeyriyyə sərgisi keçirmiş və foto satışından əldə olunan pulun bir hissəsini "Nargis" xeyriyyə fonduna yönəltmişdir.

“Make the Earth Smile” sərgisi doqquz sentyabrdan – beş oktyabr tarixinədək açıqdır. Giriş sərbəstdir.